Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nəsimi ili”ndə Nəsiminin məzarı Azərbaycana gətiriləcək?

“Nəsimi ili”ndə Nəsiminin məzarı Azərbaycana gətiriləcək?

Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan edib.

Ölkə başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, bu ilin ölkəmizdə “Nəsimi ili” elan etdiyini deyib.

 Nəsimi adına Dilçilik İnstitutunun direktoru, şərqşünas alim Möhsün Nağısoylu “Nəsimi ili”ndə şairin məzarının Azərbaycana gətirilməsinin mümkünlüyünə toxunub: “Cənab Prezidentin 2019-cu ili “Nəsimi ili” elan etməsini alqışlayıram. Çünki Nəsimi ədəbiyyatımızın ən böyük klassiklərindən biridir. Ədəbi dil tariximizi zənginləşdirən ən böyük söz ustadıdır.  Hətta Nəsimi ilə Füzulinin dilini müqayisə edərkən araşdırmaçılar Nəsiminin dilinə üstünlük veriblər. Nəsiminin şeirlərində dilimizin zənginliyi, ahəngdarlığı, axıcılığı  öz əksini tapıb. Bizim institut Nəsiminin adını daşıyır. Düşünürük ki, bu il beynəlxalq konfrans keçirək. Həmçinin, Nəsiminin bütün Divanının elektron sözlüyünü hazırlayacağıq. Nəsimi Divanının dilçilik baxımından tədqiqi aparılıb. Düşünürük ki, bu istiqamətdə araşdırmalarımızı davam etdirək. Şərqşünas olduğumdan, İslam adətinə görə, bir məzarın digər yerə köçürülməsi  o qədər də məqbul sayılmır. Digər tərəfdən bu dövlətlər arasında həll oluna bilən məsələdir”.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev də Nəsiminin məzarının gətirilməsinin mümkün olmadığını söyləyib.

“2019-cu ilin “Nəsimi ili” elan olunması tariximizə, keçmişimizə, mənəvi dəyərlərimizə olan böyük qiymətdir. Ulu öndərimiz də həmişə şairlərə, yazıçılara qiymət verib. Bu, təsadüfi deyil. Məsələn, XIV əsrin əvvəllərində Azərbaycan dilinin hansı səviyyədə olduğunu kimin dilindən öyrənmişik?!

Təbii ki, Nəsiminin dili ilə. Bu, çox böyük işdir. Keçmişimizə olan qiymətdir. Əgər keçmişi unutsaq, gələcəyimiz unudular. Ona görə də bu çox böyük hadisədir. Prezidentimiz, ulu öndərimizin  qoyduğu kursu davam etdirir. Nəsimi adı altında Azərbaycan yenidən beynəlxalq aləmə çıxacaq. Nəsiminin məzarının gətirilmə ehtimalının olmasını soruşursunuz.

Nəsimini onsuz da orada ziyarət  edirlər. 600 ildir ki, onun məzarını Suriyada göz bəbəyi kimi saxlayıblar. Tez-tez Füzulinin, Nəsiminin məzarının gətirilməsi barədə söhbətlər gedir. Füzuli ömründə İraqdan kənara çıxmayıb. Orada anadan olub, yazıb-yaradıb və orada da dünyasını dəyişib. Sadəcə, onların məzarlarını orada yenidən qura bilərik. Çünki o məzarların tərpədilməsinin özü belə günahdır”.

Qeyd edək ki, Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb. 1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda «Ədəbiyyat və incəsənət» qəzetində dərc etdirdiyi «Cahana sığmayan şairin qərib məzarı» alı məqaləsində böyük şairdən bəhs edib. Sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2019 11:53 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Aprel 2019 | 16:48
"Yeni nəsil dəvət edir"

Ən son xəbərləri səhifəmizdən də izləyin