Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir”

“Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir”

Azərbaycan ötən il ərzində mövcud makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, ölkənin qlobal çağırışlara hazır olması, iqtisadiyyatın diversifikasiyası, sistemli islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sayəsində iqtisadiyyatın bütün istiqamətlərində ciddi uğurlara imza atıb.  
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə ətraflı danışılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Prezident İlham Əliyev giriş nitqində bildirib ki, 2018-ci il ölkəmiz üçün uğurlu olub. Dünyada və bölgədə gedən proseslərə baxmayaraq,    Azərbaycan sürətlə inkişaf edib. Keçən ilin əvvəlində qarşıya  qoyulan bütün vəzifələr yerinə yetirilib, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin olunub. 
Prezident nitqində dünyada davam edən münaqişələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları fonunda respublikamızın uğurlarının özünü daha  qabarıq şəkildə büruzə verdiyini, Azərbaycanın inkişaf, tərəqqi, sabitlik ölkəsi olduğunu, öz müstəqil, inkişaf yolu ilə uğurla getdiyini diqqətə çatdırıb. Eyni zamanda, regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla başa çatdığını, bölgələrdə infrastruktur layihələrinin icrasının daha sürətlə həyata keçirildiyini, yüz minlərlə yeni iş yerləri, sənaye müəssisələri yaradıldığını, kənd təsərrüfatında müsbət nəticələrin qeydə alındığını vurğulayıb: “Keçən il mən Azərbaycanın bölgələrinə 24 səfər etmişəm. Bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanmışdır. Bu sərəncamlar bölgələrimizdə çox böyük əks-səda verir və böyük nəticələrə gətirib çıxarır. Dediyim kimi, bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda olmaq, həm görülən işlərə nəzarət etmək, həm də gələcəkdə görüləcək işlərlə bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır. Mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam, ən azı hər bir rayonda 5 dəfə, elə rayon var ki, 10 dəfədən çox olmuşam və bu müntəzəm səfərlərin çox böyük əhəmiyyəti var”.
Prezident İlham Əliyev giriş nitqində hərbi potensialımıza böyük diqqət göstərildiyini, bu sahədə mühüm nailiyyətlər əldə edildiyini, ordumuzun döyüş qabiliyyətinin daha da artırıldığını və bütün bunların əyani sübutu kimi uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar ərazinin tam nəzarət altına alındığını xatırladıb. Dövlətimizin başçısı, eyni zamanda, göstərib ki, müharibədən əziyyət çəkən soydaşlarımızın problemləri keçən il uğurla həll olunub. Bu məsələ ilə bağlı çox ciddi addımlar atılıb, 2018-ci ildə 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər verilib. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil paylanılıb. Bu il isə daha çox mənzil verilməsi, o cümlədən, məcburi köçkünlər üçün yeni şəhərciklər salınması nəzərdə tutulub.  

Ölkə rəhbəri deyib ki, bütün bu işləri görmək üçün iqtisadi güc olmalıdır və biz bunu yaradırıq: “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək. Keçən il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur. Deyə bilərəm ki, keçən il dərin iqtisadi islahatlar ili olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür. Büdcəmizə daxilolmalar böyük dərəcədə artıb. İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir. Deyə bilərəm ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəliyə getmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük nailiyyətdir”.
Nazirlər Kabinetinin iclasında keçən il əldə edilən uğurlu iqtisadi göstəricilər də diqqətə çatdırılıb. Ümumi daxili məhsulun 1,4 faiz olması, qeyri-neft sektorunun inkişafının 1,8 faiz həddinə çatması, sənaye istehsalının 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artması xatırladılıb. 
Hesabat dövründə inflyasiya cəmi 2,3 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 9,2 faiz artıb. Manatın məzənnəsinin sabitliyi qorunub. Kənd təsərrüfatında 4,6 faiz artım qeydə alınıb. Ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub, bunun  11 milyard manatı qeyri-neft sektoruna yatırılıb, 118 min daimi iş yeri yaradılıb.
Keçən il valyuta ehtiyatları 3 milyard dollar məbləğində artırılıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşüb və bu, çox müsbət haldır. Yəni, indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Bu borcun yaxın illərdə daha da azaldılması məqsədilə müvafiq proqram hazırlanıb.  
Hesabat dövründə bir sıra tarixi layihələr reallaşdırılıb,  o cümlədən, nəhəng transmilli Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələri uğurla həyata keçirilib,  “Azərspace-2” peyki orbitə buraxılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Sumqayıtda polipropilen zavodu, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodu istismara verilib. 
Nazirlər Kabinetinin iclasında qeyd edilib ki, ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına öz müsbət təsirini göstərib. Operativ məlumatlara əsasən, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub. İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı və ya ümumi daxili məhsula nisbətdə 5,9 faizlik profisit əldə edilib. 2017-ci illə müqayisədə gəlirlər müvafiq olaraq 6 milyard 750 milyon manat və ya 28,9 faiz, xərclər isə 1 milyard 151 milyon manat və ya 4,6 faiz çox icra olunub.
Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artımla icra edilməsi xüsusilə qeyd olunmalıdır. Bu ­daxilolmalar 9 milyard 10 milyon manat və yaxud 102,4 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 207 milyon manat, 2017-ci illə müqayisədə isə 378 milyon manat və ya 4,4 faiz çox təşkil edib.
Ötən il Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, 2017-ci ilə nisbətən 444 milyon manat və ya 6,4 faiz çox icra edilib.
Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244 milyon manat çox vəsait daxil olub. Bu 2017-ci illə müqayisədə 825 milyon manat və ya 31,6 faiz çoxdur.
Dövlət əmlakının özəlləşdirilməsi üzrə proqnoz isə 1,2 faiz artımla yerinə yetirilərək büdcəyə 101,2 milyon manat vəsait təmin edilib.
Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olub və daha da güclənib. Bu gün ölkəmizdə  yoxsulluğun azaldılması, regional inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində ötən illərlə müqayisədə son 15 ildə əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi özünü göstərir. 
Nazirlər Kabinetinin iclasında bu barədə də ətraflı danışılıb. Bildirilib ki, Azərbaycan Prezidentinin sərəncamlarına əsasən ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkədə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları 10 faiz artırılıb. Bu tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində əlavə olaraq 446 milyon manat təminat yaradılıb.
Sosialyönlü siyasətin digər vacib istiqamətləri kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 436 milyon manat, sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramının davamı üçün müvafiq olaraq 100  və 50 milyon manat vəsait ayrılıb.
Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri 626 mənzillə təmin edilib, ordumuzda uzun müddət qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə ötən il 394 mənzil verilərək, ümumilikdə hərbi qulluqçulara ayrılmış mənzillərin sayı 1284-ə çatdırılıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və “DOST” mərkəzlərinin yaradılmasına başlanıb. 
Bu ilin yanvar ayında istifadəyə veriləcək “Məşğulluq” sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edəcəkdir. Bu sistem vasitəsilə hər bir şəxs arzuladığı vakansiyaya elektron müraciət edəcək, eyni zamanda, işəgötürənlərin işçi qüvvəsinə sərbəst çıxışı reallaşacaq.   
Pensiya təyinatı sahəsində “Pensiyaçının dostu” proqramı hazırlanıb və cari ildən avtomatlaşdırılmış pensiya təyinatına başlanılıb. Bu innovativ yanaşma əsasında, vətəndaşın hüququ yarandığı gün elektron qaydada pensiya təyinatı aparılır, ona pensiya məbləği, ödəniş kartını əldə edəcəyi bank filialı barədə “sms”, e-mail və məktub göndərilir.
İslahatın tərkib hissəsi kimi, fərdi hesabında pensiya kapitalı olan şəxslərə 2006-cı ilədək 25 il sığorta stajı avtomatik hesablanır. Bu mühüm sosial təşəbbüs cari ildə əlavə olaraq 19 min 500 nəfərin pensiya almasına və onların aylıq gəlirlərinin 48 faiz artmasına imkan yaradacaq. Artıq 628 şəxsə elektron qaydada pensiya təyin edilib və pensiya hüququ yaranacaq şəxslərin 70 faizinin, yəni 36 min nəfərin pensiya təyinatı məhz avtomatlaşdırılmış şəkildə aparılacaq.
Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardımı proqramının icrası davam edib, ötən ilin dekabrda yardımın orta aylıq məbləği 189 manata çatıb. Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib.
2018-ci ildə keçirilmiş prezident seçkilərində əhalinin mütləq əksəriyyətinin etimadını yenidən qazanan dövlətimizin başçısının  imzaladığı ilk fərman şəhid ailələri ilə bağlı növbəti humanist addım olub. Fərmanın icrası olaraq 11 min manatlıq ödənişin verilməsi üçün elektron xidmət yaradılıb və 3097 şəhidin 4190 vərəsəsinə məmur təması olmadan 34 milyon manat vəsait ödənilib.
Ölkəmizdə iqtisadi inkişafın aparıcı qüvvəsi olan sahibkarlığa dövlət dəstəyinin verilməsi möhtərəm Prezidentimizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə dövlət tərəfindən görülən məqsədyönlü tədbirlər Dünya Bankının “Doing Business 2019” hesabatında öz əksini tapıb, ölkəmiz ümumi reytinqdə yeni rekorda imza ataraq dünyada 10 ən islahatçı dövlət siyahısına daxil olub. Bu,  ölkəmizdə əlverişli investisiya mühitinin cəlbediciliyinin mühüm göstəricisi olmaqla, özəl, xarici və daxili sərmayələrin iqtisadiyyatımıza, xüsusən onun qeyri-neft sahələrinə axını üçün əlavə güclü təkan verib.
Sahibkarlığa dövlət dəstəyinin əyani göstəricisi kimi qeyd etmək yerinə düşər ki, hesabat ili ərzində kənd təsərrüfatı sahəsində çalışanlara 370 milyon manat məbləğində subsidiya və güzəştlər verilib, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 999 sahibkara 160 milyon manat məbləğində güzəştli şərtlərlə kreditlər ayrılıb, İpoteka və Kredit Zəmanəti Fondu isə ölkə bankları tərəfindən kreditləşdirilən 277 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib, 17 milyon manat məbləğində kreditlərlə bağlı zəmanət dəstəyi göstərib.
Ölkənin qeyri-neft məhsullarının ixracının təşviqi və stimullaşdırılması proqramı çərçivəsində sahibkarlara dövlət büdcəsindən 15 milyon manat məbləğində ixrac təşviqləri ödənilib.
Hesabat ilində sosial, fiziki infrastruktur və digər investisiya təyinatlı layihələrin maliyyələşdirilməsi üçün dövlət investisiya proqramı hesabına 5 milyard 64 milyon manat və Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu hesabına 301 milyon manat – cəmi 5 milyard 365 milyon manat vəsait sərf edilib.
* * *    
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı yekun nitqində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi ili” elan etdiyini deyib.
Dövlətimizin başçısı bununla bağlı yanvarın 11-də müvafiq sərəncam imzalayıb. Sərəncamda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. 

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

12 2019 22:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə