Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il həyata keçirilən islahatlar iqtisadi hədəflərə nail olmağa imkan yaradıb

Ötən il həyata keçirilən islahatlar iqtisadi hədəflərə nail olmağa imkan yaradıb

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il ölkəmizdə əldə edilən uğurlarla yanaşı, eyni zamanda, növbəti il üçün hədəflər müəyyənləşdirildi. Dövlətimizin başçısının   qeyd etdiyi kimi, ötən il ölkəmiz üçün uğurlarla yadda qalmış və nəzərdə tutulan hədəflərə tam   nail olunmuşdur.
Göründüyü kimi, 2017-ci ildə əldə edilən iqtisadi sabitlik  keçən il iqtisadi artıma nail olunmasına imkan yaratdı. 2014-cü ildə dünya neft bazarında yaşanan şok inkişaf etmiş və inkişaf etməkdə olan neft ölkələrinə xarici faktor kimi təsir göstərməyə başladı. Xüsusən 2014-cü ildən etibarən Azərbaycan üçün əsas prioritet məhz xarici faktorların və şokların təsirlərini minimumlaşdırmaq oldu. Nəticə etibarilə 2017-ci ildə iqtisadiyyatda sabitliyin  əldə olunmasını müşahidə etdik. Bu isə 2018-ci ildə bütün makroiqtisadi göstəricilərdə artımın reallaşmasına imkan yaratdı.
2018-ci ilin iqtisadiyyatında diqqətçəkən ən mühüm məqamlardan biri o oldu ki, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru üzrə artımlar ümumi iqtisadi artımları üstələdi. Qeyri-neft ÜDM-ni ümumi daxili məhsulla, qeyri-neft sənayesini sənayedəki artımla müqayisə etsək böyük fərqi aydın görə bilərik. Bu, ötən il ərzində qeyri-neft sektorunun daha çox və proqnozlaşdırılandan artıq inkişaf etdiyindən xəbər verir. 
Qeyri-neft sənayesindəki artım bir daha təsdiq edir ki, qeyri-neft sənayesi və qeyri-neft sektoru artım faizi baxımından aparıcı mövqeyini qoruyub saxladı. Bu baxımdan 2018-ci il bütün əsas makroiqtisadi göstəricilərdə artımın qorunub saxlanması, eyni zamanda, artım tempinin keyfiyyət baxımından yenilənməsi və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı imkanların artırılması kimi yadda qaldı. 
Müşavirədə qeyd olunduğu kimi, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artmışdır. Bu isə o deməkdir ki, sənayedə artım daha çox qeyri-neft sektorunun inkişafı nəticəsində baş vermişdir. Belə vəziyyət isə ötən il iqtisadiyyatın diversfikasiyası ilə bağlı hədəflərə nail olunduğundan xəbər verir. 
Qeyri-neft sektorundakı artımın yüksək olması, iqtisadiyyatın və iqtisadi tempin dayanıqlılıq göstərməsi əsas faktorlardan biridir. Ötən il həm ÜDM, həm sənaye istehsalı üzrə qeyri-neft sektorunda artım daha çoxdur. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd olunduğu kimi, sənayeləşmə ölkəmiz üçün prioritet olaraq qalmaqdadır. Sənaye parklarının formalaşdırılması və dövlətin bu istiqamətdəki dəstəyi, xüsusilə 300-dən artıq investisiya təşviqi sənədinin verilməsi yerli investisiyanın sənayeyə cəlb edilməsi baxımından əhəmiyyətli olmuşdur. Bu da iqtisadi artımın dayanıqlılığını şərtləndirən əsas amildir. 
Müşavirədə cənab Prezident 2018-ci ildə valyuta ehtiyatlarımızın 3 milyard dollar artıdığını bildirdi. Belə ki, hesabat dövründə həyata keçirilən dərinləşmiş iqtisadi islahalar, o cümlədən, fiskal konsildasiya tədbirləri nəticəsində valyuta ehtiyatlarımız 45 milyard dollaradək yüksəlmişdir. Müşavirədə xarici borcumuzun ÜDM-də payının 22,8 faizdən 19 faizə düşməsi ilə bağlı açıqlanan rəqəm isə ötən il ölkəmizdə iqtisadi təhlükəsizlik ilə bağlı sığorta yastığının möhkəmləndirildiyindən xəbər verir. Nəzərə alsaq ki, beynəlxalq standartlara görə, ÜDM-də dövlət borcunun payı 35 faizdən, başqa sözlə, ÜDM-in üçdə birindən azdırsa, bu, nisbətən normal hal kimi qiymətləndirilir. Azərbaycan regionun az sayda ölkələrindən biridir ki, xarici borcun ÜDM-dəki payını 20 faizdən aşağı həddə qoruyub saxlaya bilir. Bu rəqəm bir daha göstərir ki, Azərbaycan praktiki olaraq xarici borc asılılığına malik olan ölkə deyil. 
Respublikamız nəinki MDB-də, eyni zamanda Mərkəzi-Şərqi Avropa ölkələrində xarici borcun ÜDM-dəki payına görə ən yaxşı göstəricilərə malikdir. Eyni zamanda, Azərbaycan dövlət rezervlərinin ÜDM-dəki payına görə MDB-də, eləcə də Mərkəzi-Şərqi Avropa ölkələrində ən yaxşı göstəriciyə malikdir. Bu isə məhz 2018-ci ildə aparılan islahatların makro-iqtisadi sabitliyin qorunub saxlanmasına xidmət etdiyindən xəbər verir. 
Azərbaycan Prezidenti xarici borcun tənzimlənməsi ilə bağlı hədəfləri də elan etdi. Cənab İlham Əliyev bildirdi ki, “bu məsələ ilə bağlı indi müvafiq proqram hazırlanıb. Mən hesab edirəm ki, biz borcu tədricən azalda-azalda getməliyik”.  
Qeyd edək ki, bir müddət öncə dövlət başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sı ölkədə xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırır. Eyni zamanda,  həmin strategiyada dayanıqlı və idarəolunan dövlət borcu səviyyəsinin müəyyənləşdirilməsi, risklərin idarəedilməsi sisteminin təkmilləşdirilməsi, dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizminin gücləndirilməsinə nail olunması kimi hədəflər müəyyənləşdirilmişdir.  
İndiki dövrdə və xarici şokların hər zaman fəal olduğu vaxtda dövlət borcu səviyyəsinin dayanıqlı və idarəedilən şəkildə olması çox vacibdir. Strategiyaya uyğun olaraq, Azərbaycanda xarici borcun  tənzimlənməsi, ümumiyyətlə, 2025-ci ilədək xarici borc səviyyəsinin məhz tənzimlənən həddə qədər azaldılması nəzərdə tutulur. Bu isə ondan xəbər verir ki, ötən il xarici borcun idarəedilməsi ilə bağlı davam etdirilən islahatlar növbəti illərdə də prioritet olaraq qalacaq.
Müşavirədə qeyd olunduğu kimi, 2018-ci ildə həm ölkəmiz, həm də region üçün Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra layihələrin başlaması kimi yadda qaldı. 40 milyard dollardan artıq sərmayəsi olan, region üçün strateji əhəmiyyətli layihə sayılan Cənub Qaz Dəhlizinin açılışı həyata keçirildi. Bu layihənin reallaşması birbaşa dövlətimizin başçısının siyasi iradəsi nəticəsində mümkün oldu. İnvestisiya tutumu yüksək olduğu üçün layihənin reallaşması üçün qeyri-müəyyənliklər vardı. Lakin buna rəğmən Azərbaycan öz siyasi iradəsini nümayiş etdirməklə, ölkəmizin birbaşa təşəbbüsü və imkanları daxilində layihə reallaşdı. Bu, qonşu Türkiyə bazarına əlavə olaraq 8 milyard kubmetr mavi qazın nəqli, Avropaya ilk mərhələdə 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz nəqli deməkdir. Bütövlükdə, layihə Avropa və Türkiyə bazarına 31 milyard kubmetrdən artıq mavi qaz nəqlinə imkan verəcək. Bu, həmçinin şərait yaradacaq ki, Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşmasından 120 milyard dollardan artıq gəlir əldə edə bilsin.
Müşavirədə həmçinin bəyan edildi ki, növbəti dövrdə də qeyri-neft sektorunun inkişafı prioritet olacaq. Bu, makroiqtisadi göstəricilərdə neftin payının azalmasına və neftdən asılılığın aradan qaldırılması prosesinin sürətlənməsinə imkan verəcək, çünki neftdən asılılığın aradan qaldırılması Azərbaycan üçün prioritet məqamlardan biridir.
Bütövlükdə, 2018-ci ildə baş verən iqtisadi hadisələri və makroiqtisadi göstəricilərdəki artımı nəzərə alsaq, bütün bunlar növbəti il üçün daha sürətli iqtisadi artım üçün baza formalaşdırdı. Fiskal siyasətdə proqnozlaşdırılan artımlar, xüsusən qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər 2019-cu ildə sürətli iqtisadi artıma nail olunması üçün əlverişli şərait yaradır.  

 

Vüqar BAYRAMOV,
iqtisadçı ekspert

12 2019 22:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə