Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mariya Zaxarova əsassız bəyanatı ilə strateji münasibətləri zədələyə bilər

Mariya Zaxarova əsassız bəyanatı ilə strateji münasibətləri zədələyə bilər

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirilən ənənəvi brifinqdə Azərbaycanın ünvanına əsassız fikirlər səsləndirib. Bildirib ki, erməni mənşəli Rusiya vətəndaşları Azərbaycana buraxılmır və xanım diplomat bunu Rusiya vətəndaşlarının hüquqlarının pozulması kimi qiymətləndirib.
Biz bilmirik xanım Zaxarova bu məlumatı hardan alıb. Ancaq hörmətli diplomata bir daha xatırlatmaq istərdik ki, Rusiya və Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir, hər iki ölkənin hörmətli prezidentləri əməkdaşlığı bu dərəcəyə çatdırmaq üçün böyük və çətin bir yol keçiblər. İndi yoxlanılmamış və tamamilə həqiqətdən uzaq bir məlumatla bu münasibətləri korlamaqdan çəkinmək lazımdır. 
Əslində, xanım Zaxarovanın özü də yaxşı bilir ki, Azərbaycan dünyada tolerantlığın, multikulturalizm mərkəzi kimi məşhurdur. Bu gün Azərbaycanda bir çox xalqların, o cümlədən, erməni xalqının nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Erməni əsilli vətəndaşlarımızın sayı 30 mindən çoxdur. Belə olan halda Azərbaycan Rusiyadan gələn beş-üç erməniyə niyə mane olmalıdır?! Bəs xanım diplomat deyə bilərmi Ermənistanda neçə nəfər azərbaycanlı yaşayır? Bəs iki Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərov və Şahbaz Quliyevin atalarının qəbrini ziyarət etmək üçün Kəlbəcər rayonuna gedərkən ermənilər tərəfindən əsir götürüldüklərindən, üzərlərində qondarma məhkəmə qurulduğundan, hər gün işgəncələrə və məşəqqətlərə məruz qaldıqlarından xanım Zaxarovanın xəbəri yoxdurmu? Əlbəttə, var. Ancaq bu barədə danışmır…
Bir məsələni də onun yadına salaq. Təkcə 2018-ci ildə 880 min Rusiya vətəndaşı Azərbaycanda səfərdə olub. Səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub və heç bir problem müşahidə edilməyib. Ona görə də hər bir rəsmi şəxs həqiqətə əsaslanan məlumatları səsləndirməlidir. Yalan məlumatlarla yalnız ikitərəfli strateji münasibətləri zədələmək olar. Yəqin ki, Mariya Zaxarova bunu bilməlidir...

 

Kamran RAMAZANLI, 
qafqazşünas

12 2019 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə