Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qafqazda sabitliyi istəməyənlər ara qarışdırmaqla məşğuldurlar

Yaxud, Mariya Zaxarovaya bir neçə sual

Qafqazda sabitliyi istəməyənlər ara qarışdırmaqla məşğuldurlar

Regiondakı vəziyyət belədir: Dünya dövlətləri Azərbaycanın hərtərəfli inkişafını və ölkəmizdə həyata keçirilən islahatları yüksək qiymətləndirərək, rəsmi Bakı ilə əməkdaşlığa xüsusi önəm verirlər. Cinayətkar qruplaşmaların əlində əsir-yesir olmuş Ermənistanda isə nə islahatdan əsər-əlamət var, nə də hansısa inkişafdan. Yaxud, Azərbaycan və Rusiya prezidentləri təkcə ötən il altı dəfə görüşərək çoxsaylı razılıqlara nail olsalar da, Ermənistanın köhnə rəhbərləri kimi indiki baş naziri də nəinki Moskvadan, eləcə də bütün xarici səfərlərindən tamamilə əliboş qayıdır. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, Ermənistan tamamilə heç kəsə lazım olmayan bir əyalətə çevrilir.
Bu ağrıdıcı və sarsıdıcı vəziyyətlə barışa bilməyən erməni lobbisinin müəyyən simaları Azərbaycanın ən etibarlı tərəfdaşlarından olan Rusiya Federasiyasının da bəzi söz sahiblərinin “ saqqızını oğurlaya biliblər”. “Saqqızı oğurlananlar” Rusiyanın dövlət siyasətində əsas fiqurlar olmasa da, Bakı ilə sıx əməkdaşlıq edən bir ölkənin adından verilən bəyanatlarla ürək bulandırırlar. Məsələn, şimal qonşumuzun Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə buraxılmaması ilə bağlı verdiyi açıqlama obyektivlikdən uzaq, kimlərinsə xahişi ilə dilə gətirilmiş cəfəngiyyatdır.
Ölkə ictimaiyyətinin nümayəndələri həmin məsələyə münasibət bildirərkən çoxsaylı həqiqətləri yada salaraq Mariya Zaxarovaya xatırladırlar ki, bu qəbildən olan saxta “açıqlamalar” Moskva – Bakı dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir və əməkdaşlığımıza xələl gətirə bilər. 
Fəlsəfə elmləri doktoru, professor Telman Hacıyev isə rusiyalı “diplomata” bəzi sualların ünvanlanmasını ­arzulayır:
Birinci: Bu gün Bakıda 30 mindən çox erməni əsilli sakinin bilavasitə ölkəmizin vətəndaşı qismində, heç bir problem olmadan yaşadığını xatırladaraq, xanım Zaxarovadan soruşuram: Bəs Ermənistanda neçə nəfər azərbaycanlı yaşayır? Orada nəinki azərbaycanlı, heç rus vətəndaş da qalmayıb.
İkinci: Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda, Azərbaycanda 340-dan çox rus dilində tədris müəssisəsi var. Bəs həmin işğalçı ölkədəki rusdilli məktəbləri saymaq üçün neçə barmaq kifayət edər?
Üçüncü: Azərbaycanın işğal edilmiş ərazilərində doğulub-­böyümüş, sonradan Rusiya vətəndaşlığına qəbul edilmiş azərbaycanlılar öz ata-babasının məzarını ziyarət edərkən ermənilər tərəfindən həbs edilərək, uzun illərdir ki, işgəncələrə məruz qalırlar. Bəs Azərbaycanda hansı ­Rusiya vətəndaşının burnu qanayıb? 
Dördüncü: Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında, mədəni tədbirlərdə nəinki erməni əsilli ­Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak edib və onların heç bir problemi olmayıb. Bir “diplomat” kimi bu faktları bilməməyinizə necə haqq qazandıra bilərsiniz?
Beşinci: Siz BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və bu ərazilərdən zorla qovulmuş insanların öz doğma yurd-yuvalarına geri qayıtmasını nəzərdə tutan 4 qətnaməyə səs vermiş ölkənin diplomatısınız. Bu, beynəlxalq əhəmiyyətli sənədlərin icrasını əngəlləyən işğalçı dövlətə münasibətinizi necə anlamaq olar?

 

Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

12 2019 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin