Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“The Washington Post” azərbaycanlı sirk ustasının uğurlarından yazıb

“The Washington Post” azərbaycanlı sirk ustasının uğurlarından yazıb

Məşhur azərbaycanlı sirk ustası, “The Washington Post” qəzetində haqqında məqalə dərc edilən Üzeyir Novruzov “Amerika istedadlar axtarır: Çempionlar” istedadlar şousunda uğurla çıxış edib. Bu barədə “Sputnik. Azərbaycan” saytı məlumat yayıb.
Ü.Novruzov deyib ki, layihədə istedadını layiqli şəkildə nümayiş etdirdiyi üçün özünü xoşbəxt sayır. Sirk ustası 2015-ci ildə də bu şouda iştirak etmişdi. Lakin müvazinətini itirdiyi üçün hündürlükdən yıxılaraq ağır zədə almış və qalib ola bilməmişdi. Bundan sonra bir müddət müalicə alıb. Sonra yarımçıq qalmış çıxışını davam etdirmək qərarına gəlib.
O, yenidən proqrama qatılaraq ən çətin trüklərdən birini göstərib. Münsiflər heyəti və zalda olan tamaşaçılar bu mənzərəni həyəcanla izləyiblər. Sirk ustası həmin fəndi çox peşəkarcasına həyata keçirib. Uğurlu çıxışı tamaşaçılar ayaq üstə alqışlayıblar.
“Nərdivandan yıxılmağım məni şok vəziyyətə salmışdı. Bu, mənim üçün gözlənilməz idi. Amma artıq növbəti gün bildim ki, finala keçmişəm və amerikalılar mənim finala çıxmağımı arzulayırdılar. Həmin an düşüncələrimdə çox şey dəyişdi. Başa düşdüm ki, bu qədər insanın etdiklərimin fərqində olması möhtəşəmdir. Ona görə bu layihəyə yenidən döndüm ki, insanın istənilən çətinliyə baxmayaraq, sevdiyi işlə məşğul olanda uğur qazandığını və ondan zövq aldığını hər kəsə sübut edim”, – deyə Novruzov bildirib.
Sirk ustası onu da qeyd edib ki, nərdivandan yıxılandan sonra zərrə qədər də qorxmayıb. Çünki irəlidə onu böyük qələbənin gözlədiyini bilib. O, bu layihədə iştiraka növbəti dəfə dəvət olunmasına hədsiz sevinib. Layihənin növbəti buraxılışı Amerikada dekabrın 7-də yayımlanıb. Ü.Novruzov öz istedadını münsiflər heyətinin və tamaşaçıların qarşısında uğurla nümayiş etdirib. “The Washington Post” qəzeti Ü. Novruzova məqalə həsr edib və onu “Qorxmaz azərbaycanlı” adlandırıb.
Üzeyir Novruzov Gəncədə anadan olub, lakin Rusiyada böyüyüb. Sonra yaşamaq üçün ABŞ-a köçüb. O, səhnəyə əfsanəvi Çarli Çaplinin obrazında çıxır və onları tez-tez müqayisə edirlər. Bu məşhur sirk ustası Çində altı metrlik nərdivana dırmaşmaq və onun üzərində 8 dəqiqə dayanmaq üzrə dünya rekordunu vurub. Həmin nömrəyə görə, onun adı “Ginnesin rekordlar kitabı”na düşüb. Hazırda sirk ustası ailəsi ilə birlikdə ABŞ-da yaşayır. O, müxtəlif tamaşalarda çıxış edir və dəvət olunduğu istedad şoularına qatılır.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

12 2019 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə