Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Bankının prezidenti kim olacaq?

Namizədlər arasında ABŞ prezidentinin qızı İvanka Trampın və kürəkəni Cared Kuşnerin də adları çəkilir

Dünya Bankının prezidenti kim olacaq?

ABŞ Prezidenti Donald Trampın qızı İvanka və ölkənin BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli Dünya Bankının prezidenti vəzifəsinə real namizədlər hesab olunurlar. Bununla bağlı məlumatı “Financial Times”ə istinadən RİA “Novosti” yayıb. 
Ancaq qəzet məlumatın mənbəyini açıqlamayıb. Sadəcə bildirilir ki, bankın hazırkı prezidenti Cim Yen Kim bu il fevralın 1-dən istefaya gedir və onun səlahiyyətlərini icraçı direktor Kristalina Georgiyeva həyata keçirəcək. Hazırda bank prezident postuna namizədlərlə bağlı müzakirəni fevralın ortalarına, namizədin təyinatını isə aprelin ortalarına qədər yekunlaşdırmağa çalışır. 
“Financial Times”ın verdiyi məlumata görə, bankın prezidenti vəzifəsinə namizədlər arasında Nikki Heyli və İvanka Trampdan əlavə, ABŞ-ın maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Devis Mellasın və ölkənin Beynəlxalq İnkişaf Agentliyinin başçısı Mark Qrinin də adları çəkilir. ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bəyan edib ki, təmsil etdiyi qurum artıq ən yaxşı namizədlərin seçimi ilə bağlı daxili prosesə başlayıb. 
RİA “Novosti”nin Dünya Bankındakı mənbəyi isə “Financial Times”ın məlumatı ilə bağlı suala cavab verərək bildirib ki, sözügedən namizədlər haqqında heç nə bilmir. Onun sözlərinə görə, bankın əməkdaşları arasında prezident postuna İvanka Trampın həyat yoldaşı Cared Kuşnerin namizədliyi müzakirə olunur. 
Qeyd edək ki, Cim Yen Kimin səlahiyyət müddəti 2022-ci ildə başa çatır. O, 6 ildir ki, Dünya Bankının prezidenti postunda işləyir. Vəzifədən getməsinin səbəbini isə iqtisadiyyatın özəl sektoruna qayıtmaq arzusu ilə izah edib. 
Adətən, Dünya Bankının prezidenti postuna təşkilatın ən böyük aksioneri olan ­ABŞ-ın vətəndaşı seçilir. ­Prezidentin səlahiyyət müddəti isə 5 ildir və yenidən seçilə bilir. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

12 2019 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə