Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yavuz Akpınar haqqında kitab

Yavuz Akpınar haqqında kitab

Əməkbaşımız Namiq QƏDİMOĞLU Türkiyənin İzmir şəhərindən xəbər verir:

–Ankaranın “Bengü” nəşrlərı seriyasından “Türkiyə ilə türk dünyası arasında bir körpü: Yavuz Akpınar ərmağanı” adlı nəfis tərtibli kitabı  nəşr edilib. Nazim Muradov və Yılmaz Özkayanın redaktorluğu ilə təqdim olunan  840 səhifəlik bu yeni kitab Azərbaycan--Türkiyə ədəbi əlaqələrinin araşdırılmasında öncülük etmiş, Mirzə Fətəli Axundzadənin komedyalarının, bir çox bədii əsərlərin Türkiyədə nəşrində  və üniversitetlərdə  tədqiq olunmasında böyük xidmətləri olan professor Yavuz Akpınarın həyat və yaradıçılıq yoluna işıq salır.

Kitabın redaktorlarından və tərtibçilərindən olan Egey Universitetinin dosenti Yılmaz Özkaya bildirdi: “ Professor Ali Yavuz Akpınar türk dünyasında böyük bir  nəslinin yetişməsində, türkçülük ənənələrinin oyanış və formalaşmasında əvəzsiz xidmətləri  olan ziyalıdır. Bu kitabın hazırlanması da çoxdan planlaşdırılmışdı. Nəhayət ki, ərsəyə gətirib, hörmətli və çox təlabkar müəllimimizin  adına layiq bir şəkildə nəşrinə nail olduq. Kitab  təkcə mənim yox,  indi Quzey Kiprdə çalışan Nazim müəllimin, eləcə də  onlarca məsləkdaşımızın, bizlərə təkcə elm yox, həm də həyat dərsləri vermiş ustadımızın adına bir ərmağandır”.

İllərdir ki, Türkiyədə Azərbaycan ədəbiyyatından və mətbuatından söz düşəndə ilk olaraq Yavuz Akpınarın adı dilə gəlir. O, Türkiyə ilə türk dünyası, eləcə də Azərbaycan arasında canlı körpü olmuş, sovetlər dönəmində Abbas Zamanov, Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Həmid Məmmədzadə, Qafar Kəndli, Müsəddiq, Qulamhüseyn Beqdeli, Mirvarid Dilbazi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və sonralar  İsa Həbibbəyli, Anar, Elçin, Kamil Vəli Nəmanoğlu, Məmməd Aslan, Xəlil Rza, Fikrət Sadiq, Aqşin Babayev, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Əsgər Rəsulov, Vilayət Quliyev kimi  yazıçı və ziyalılarla dosluq əlaqələri qurmuşdur. Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin şeirlərini Türkiyədə ilk yayan və nəşr etdirən də o, olmuşdur. Azərbaycan ədəbiyyatı, mətbuatı haqqında  bir çox elmi araşdırmaların müəllifi olan professor bu istiqamətdə  çoxsaylı elmi işlərə rəhbərlik etmişdir.

Yavuz müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvü, BDU-nun fəxri professorudur.  Hələ sovet dövründə müasir Azərbaycan ədəbiyyatının qurucusu olan Mirzə Fətəli Axundzadə haqqında doktorluq işi müdafiə etmişdir. Azərbaycanın təbliğində gördüyü işlər görə 1989-cu ildə dövlət, 2017-ci ildə “İlin elm adamı” mükafatlarına layiq görülmüşdür. Onun mətbuat tariximizin araşdırılmasında, Türkiyəyə və türk dünyasına təqdimatında əvəzsiz xidmətləri var. “Kaspi”nin  rəqəmsal arxivinin Almaniyadan Azərbaycana gətirilməsinə də işıq tutan da Yavuz bəy olmuşdur.  Qəzet rəhbərliyinin səyləri ilə bu tarixi arxiv alınıb Azərbaycana gətirilmiş, rəqəmsal nüsxələr «Kaspi»nin elektron səhifəsində yerləşdirilmişdir.

Cənubi Azərbaycandan Səhəndin və  Şəhriyarın şeirlərinin, bəzi ədəbi mətinlərin nəşri İranda qadağan ediləndə,  əlyazması şəklində əldən- ələ gəzəndə onların Türkiyədə çapına nail olan da, məşhur «Heydərbabaya salam» poemasını Türkiyədə təqdim edən də  Yavuz Akpınar  olmuşdur. Yavuz Akpınar universitet tələbələri üçün “Çağdaş Türk ədəbiyyatları” (19--20-ci əsrlər) adlı ikicildliyin həm baş redaktorü olmuş, həm də giriş, Azərbaycan, Kırım, Tatar ədəbiyyatları  hissələrinin müəllifidir.

Onun İbrahim Bozyellə birlikdə nəşr etdirdiyi “Qardaş ədədiyyatlar” jurnalı  türk dünyasının tanıdılmasında çox böyük işlərə meydn açmışdır.

Professor müsahibələrinin birində bildirir ki,  bu dərgi vasitəsi ilə  Türkiyədəki ədəbiyyat adamlarını türk xalqlarının ədəbiyyatları ilə geniş bir şəkildə tanış edə bildik. Jurnal Türkiyədə və diğər türk ölkələrində gözlədiyimizdən də çox populyarlıq qazandı. Bu gün qürurla söyləyirəm ki, bu jurnal  İrana, Çindəki uyğurlara, Kiprə, Balkanlara qədər gedib çıxırdı. Sovetlər Birliyi dağılandan sonra onun əhəmiyyəti daha da artdı. 45 sayı nəşr olunan jurnal Türkiyədə yalnız Azərbaycan ədəbiyyatını deyil, özbək, türkmən, tatar ədəbiyyatının da tanıdılmasında samballı xidmətlər göstərdi.

Namiq QƏDİMOĞLUNUN məlumatı bu sözlərlə bitir:

–Geniş oxucu auditoriyasına təqdim olunan “Türkiyə ilə türk dünyası arasında bir körpü: Yavuz Akpınar ərmağanı” kitabında Azərbaycan ziyalılarının tanınmış nümayəndələri olan İsa Həbibbəyli, Anar, Kamil Vəli, Vilayət Quliyev, Egey Universitetinin professorları Aydın İbrahimov, Ürfət Nuriyevin, eləcə də türk dünyasının ünlü elm adamlarının da Yavuz Akpınar  haqqında səmimi qeydləri yer alır.

 

Hazırladı:
Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

12 2019 16:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin