Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsmayıllıda baytarlıq-sanitariya tədbirləri həyata keçirilib

İsmayıllıda baytarlıq-sanitariya tədbirləri həyata keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

Gürcüstan Respublikasında insanlar arasında sürətlə yayılan “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin ölkəmizə keçməsinin qarşısını almaq, təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədi ilə donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır. Belə tədbirlərdən biri də İsmayıllı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun İvanovka kəndində yerləşən Nikitin adına təsərrüfatda icra edilib. Baytarlıq mütəxəssisləri təsərrüfatda saxlanılan 198 baş donuza peyvənd edərək 712 kvadratmetr sahədə dezinfeksiya aparıblar.

Baytar mütəxəssislər “donuz qripi” xəstəliyi barədə təsərrüfatda çalışanları bir daha məlumatlandıraraq bildiriblər ki, heyvanlarda hər hansı narahatçılıq zamanı baytar həkimi ilə əlaqə saxlanılsın. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.  

Eləcə də hazırda İsmayıllı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə 2019-cu ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılıb. Artıq iribuynuzlu heyvanlarda xəstəliklərə qarşı peyvəndləmə tədbiri aparılıb, müayinə məqsədilə qan nümunəsi götürülüb və ərazidə dezinfeksiya və dezinseksiya işləri aparılıb.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 11:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin