Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatala: Abad yollar inkişafdan xəbər verir

Zaqatala: Abad yollar inkişafdan xəbər verir

On beş ildən artıqdır ki, Şəki-Zaqatala iqtisadi rayonu üzrə bölgə müxbiri vəzifəsində çalışıram. Bu rayonların bəlkə də elə bir kəndi qalmayıb ki, orada icra başçısının səyyar görüşündə, qəbulunda, hansısa sosial obyektin açılışında və ya təməlinin qoyulmasında iştirak etməyim. Etiraf edim ki, bu, fəaliyyətə başladığım ilk illərdə digər rayonlarda olduğu  kimi, Zaqatalanın da bəzi kəndlərinə çətinliklə gedirdik. Çünki yollar narahat idi. İndi isə Zaqatalada həmin problem tarixin arxivinə göndərilib. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə söhbətlərimizdə ulu öndər Heydər Əliyevin yol barədə söylədiyi məşhur ifadə dəfələrlə yada salınıb.
Rayon rəhbəri ilə budəfəki söhbətimizdə də gündəliyə gələn ilk məsələ məhz yol məsələsi oldu. Çünki Mübariz müəllimin fikrincə, abad yollar təkcə iqtisadiyyatı inkişaf etdirmir, həm də rayonun qonaq-qarasının çoxalmasına, süfrəmizin təamlarından daha çox əcnəbinin dadmasına səbəb olur ki, bu da məhz ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin əsas istiqamətlərindən idi.
Son bir ildə bu sahədə həyata keçirilmiş tədbirlərə gəlincə isə, öyrəndim ki, rayonda avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri sahəsində  xeyli iş görülüb, magistral və kəndlərarası avtomobil yollarında, şəhərin küçələrində cari təmir işləri aparılıb. Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına 29,8 kilometr uzunluğunda  Qorağan – Qax –Zaqatala avtomobil yolunun Qax – Zaqatala hissəsinin və  Yevlax –Zaqatala – Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 35 kilometr uzunluğunda Zaqatala – Balakən – Mazımçay hissəsinin əsaslı təmiri və yenidən qurulması işləri başa çatdırılıb. Ötən il, eyni zamanda,  37 kilometr uzunluğunda Əliabad – Muğanlı – Faldarlı – Qandax – Yengiyan – Əliabad avtomobil yolunun tikintisi davam etdirilib, 42 kilometr  uzunluğunda Zaqatala – Dəmir yolu stansiyası – Üçüncü Tala – Dağlı – Muğanlı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Ancaq bugünkü Zaqatala həqiqətləri təkcə  yeni yolların çəkilməsi və ya köhnə yolların bərpası ilə yekunlaşmır. Rayonda genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri də aparılmaqdadır. Məsələn, ötən il Zaqatala  Rayon Məhkəməsi üçün yeni inzibati binanın tikintisi başa çatdırılaraq istifadəyə verilib. Şəhərin Şəhriyar küçəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilli yaşayış binasının tikintisi davam etdirilib, Mosul və Mazıx kənd uşaq bağçalarında yenidənqurma və təmir işləri aparılaraq yeni inventar və avadanlıqla təchiz edilib. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə rayonun Qandax və Kəpənəkçi kəndlərində 2 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib. 
Ümumi sahəsi 9953 kvadratmetr olan 78  fərdi yaşayış evinin istifadəyə verilməsi,   sahibkarlar tərəfindən  4,1 milyon manat həcmində yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, hündürmərtəbəli yaşayış binalarının tikintisinin  aparılması, şəhərdə “Günəş Plaza” şadlıq sarayının açılışı da son bir ilin göstəricilərindəndir. Yaxud, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə  Qarabağ əlillərinin və şəhid ailələrinin mənzill şəraitinin yaxşılaşdırılması üçün 3  fərdi yaşayış evinin  istifadəyə verilməsini də bu sıraya əlavə edə bilərik. 
Təbii ki, Zaqatala  həm də mühüm kənd təsərrüfatı rayonlarındandır. Burada kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə ötən il  sentyabrın 29-da  I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib.  Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşan festivalda ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, şəhərin qonaqları və rayon sakinləri iştirak ediblər. Festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir. Tədbirin sonunda respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub. Fərəhləndirici haldır ki, bu gün dünyanın 25 ölkəsinə fındıq ixrac edən Azərbaycanda istehsal edilən fındıq məhsulunun 80  faizə qədəri  məhz  Zaqatala  rayonundan göndərilir.
Məlumat verildi ki, tütünçülüyü inkişaf etdirmək məqsədi ilə dünya bazarının təklifinə uyğun olaraq rayonda əsasən ətirli və qiymətli tütün sortları olan “Berley” və “Virciniya”nın yetişdirilməsinə üstünlük verilir. Bu məqsədlə “Azərtütün” ­MMC-də əvvəlki illərdə istifadəyə verilmiş 60 ədəd odla tütün qurutmaxanası, 5000 kvadratmetr sahəsi olan anbar binası, 7320 kvadratmetrlik müasir texnologiyaya əsaslanan  şitillik  təsərrüfatları tütün istehsalını artırmağa imkan verir. Fermerlər arasında tütünçülüyün ixrac potensiallı olması barədə geniş maarifləndirmə tədbirləri davam etdirilir. Ötən il  750 hektar sahəyə tütün əkilərək 2265 nəfər mövsümi işə cəlb edilib. 
Baramaçılığın dirçəldilməsi  və gələcəkdə yaş barama istehsalının və tədarükünün artırılması məqsədi ilə rayonda 2016-cı ilin payız mövsümündə Meşələrin mühafizəsi və bərpası müəssisəsi tərəfindən  8460 ədəd, icra hakimiyyətinın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən 138 min 520 ədəd olmaqla, cəmi 146 min 980 ədəd, 2017-ci ilin payız mövsümündə isə  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən 129 min  ədəd tut tinginin əkilməsi təmin edilib. 
Gələcəkdə yem bazasının bərpa edilməsi nəticəsində rayonda barama istehsalının 350 tona  çatdırılması nəzərdə tutulmuş, 2018-ci ildə proqnozlaşdırılmış  40 ton  barama istehsalı əvəzinə rayonun  kümçüləri 48 ton 104,4 kiloqram məhsul tədarük edərək “Şəki-İpək ­ASC”-yə təhvil veriblər.
Rayon rəhbəri ilə söhbətimizdə əhaliyə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də yada salındı. Qeyd edildi ki,  əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində lazım olan işlər görülüb. Rayonun Lahıc, Bəhmətli və Kürdəmir kəndlərinə müxtəlif diametrli borularla magistral qaz xətlərinin çəkilişi aparılıb, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində qaz xətlərində təmir işləri davam etdirilib. 
Yaşayış məntəqələrinin elektrik  enerjisi ilə  təminatı sahəsində də müvafiq tədbirlər həyata keçirilib. Məsələn,  “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Zaqatala elektrik şəbəkəsi tərəfindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə gündəlik fəaliyyət dövründə ortaya çıxan bütün məsələlərin operativliklə və yüksək səviyyədə həll edilməsinin nəticəsidir ki, bu sahədə heç bir problem qalmayıb. Yuxarı Tala kəndinin Şimşək ərazisindəki yeni yaşayış massivində və Meşleş kəndində əhalini fasiləsiz enerji ilə təmin etmək üçün yeni müasir tipli 160 kva-lıq kompleks transformator məntəqələri quraşdırılıb və  0,4 kv-luq şəbəkə çəkilmişdir.
Öyrəndik ki,  rayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində aparılan  işlər də davam etdirilib, yararsız vəziyyətdə olan su xətləri dəyişdirilib,  xətlərdəki sızmaların qarşısı alınıb, müxtəlif ərazilərdə yararsız hala düşmüş  borular dəyişdirilərək yeniləri ilə əvəz edilib. 
Rayon rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyevin ölkədə neft kapitalını insan kapitalına çevirmək barədə çağırış və tövsiyələri Zaqatalada da daim diqqət mərkəzindədir.  Rayonda  2010-2018-ci illər ərzində  30 məktəb binası tikilib, 8 məktəb  əsaslı təmir olunub, Uzunqazmalar, Höytala və Car kənd ümumi orta məktəbləri üçün modul tipli binalar quraşdırılıb. Bu məktəblərin hər birində müasir standartlara cavab verən işıqlandırma, isitmə və daxili su şəbəkələri quraşdırılıb. Məktəblərin hamısı müasir təhsil standartlarına cavab verən tədris vəsaitləri, əyani vasitələrlə təmin  edilib.  
Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə  çevrilmiş səhiyyə sahəsi Zaqatalada da qayğı və diqqətlə əhatə olunur. Son illər dövlət büdcəsi və digər mənbələr hesabına  Müalicə-Diaqnostika  Mərkəzi, Vərəm  dispanseri  və  9  tibb müəssisəsi  tikilib. Rayonda Mərkəzi Xəstəxana və  6 tibb müəssisəsi əsaslı təmir olunub,   Yaponiya səfirliyinin maliyyə dəstəyi  ilə Mərkəzi  Xəstəxanaya 1 ədəd “Nissan” markalı  ambulans  verilib.
Sonda bir daha yol barədə. Oxucuların nəzərinə çatdırım ki,  bunları məhz yolda qeydə almışam. Zaqatalada elə həmsöhbətim olmayıb ki, onunla şəhəri və ya rayonun digər yaşayış məntəqələrini gəzməyim. Bu dəfə də belə oldu. Gəzdik, gördük və abad yollar, rahat küçələr imkan verdi ki, gördüklərimizin hamısını rahatca qeydə alaq. Abad yollar həqiqətən inkişafdan xəbər verir. Zaqatalada olduğu kimi. 

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

11 2019 23:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin