Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşsiz və iş axtaran şəxslərdən rüşvət almaqda təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub

İşsiz və iş axtaran şəxslərdən rüşvət almaqda təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılıb.
 Həmçinin sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin məşğulluğu və sosial təminatı sahələrində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin edilməsində əhəmiyyətli irəliləyişlərə nail olunub. Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək mənfi amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və məşğulluq sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və  Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən 161- “qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Baş İdarə tərəfindən aparılmış birgə ilkin araşdırmalarla korrupsiya şəbəkəsi yaradan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olunub.
Belə ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri ilə Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasovun Mərkəzin baş məsləhətçisi Hafiz Allahyarov və qeyriləri ilə əlbir olaraq, müxtəlif vədlər verməklə işsiz və iş axtaran şəxslərdən ümumilikdə 7400 manat məbləğində rüşvət almalarına, habelə eyni məqsədlə bir nəfər rayon sakinindən min manat rüşvət almağa cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən olunub. Fakta görə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə Mehdi Abasovun və Hafiz Allahyarovun xidməti otaqlarında və yaşadıqları ünvanlarda məhkəmənin müvafiq qərarları ilə aparılmış axtarış nəticəsində içərisində ayrı-ayrı şəxslərdən pul alınmasını təsdiqləyən yazılar olan kitabçalar, işaxtaran vətəndaşların qeydiyyatı kitabı, müxtəlif arayışlar, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında M.Abasov və  H.Allahyarov şübhəli şəxs qismində tutulublar.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

11 2019 23:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə