Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan idmanının son 15 ildə uğur salnaməsi

Azərbaycan idmanının son 15 ildə uğur salnaməsi

Azərbaycan qədim idman ənənələrinə malik və zamanla idmanın inkişafı naminə bütün qüvvəsini səfərbər etmiş ölkələrdən olmuşdur. Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmişdir. Amma idman sahəsinin çiçəklənməsi dövrü təxminən keçən əsirin ikinci yarısından başlanmışdır. Xeyli sayda idman komplekslərinin, meydançalrın, zalların, idman-sağlamlıq mərkəzlərinin və s. tikilməsi, təmirə ehtiyacı olanların yüksək keyfiyyətlə təmir olunması, idmançılara xüsusi qayğı və diqqət məhz bu dövrün idman uğurlarının göstəricisi idi.

Azərbaycanın dövlət müstəqilliyi qazandığı ilk illərdə, iqtisadi böhranın təsiri bütün sahələrlə yanaşı idmana da təsir etmiş və idman siyasəti diqqətdən kənarda qalmışdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət və qayğı  tam dəyişdi. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi və bununla da idman sahəsində yüksəlişin bünövrəsi qoyuldu. O dövrdə olimpiya hərəkatına qoşulmaq da Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və nüfuznun artmasına səbəb oldu.

Ulu öndər Heydər Əliyev idmançıların cəmiyyətdə rolunun və nüfuznun artması, özlərinə layiqli pillələrdə təmsil olunmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin uğurlu idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanının böyük tarixi əhəmiyyəti var idi. Bu mənada 1994-cü ili ölkəmizin idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də dövlət başçısının  imzaladığı yeni bir fərmana əsasən respublikada əhali arasında sağlam həyat tərzinin təbliği, bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu istiqamətdə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycanın idman sahəsində beynəlxalq nüfuznun artırılması üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. Respublikada bədən tərbiyəsinin kütləviliyinə nail olmaq, yüksək nailiyyətlər əldə etmək və dünyada yüksək zirvələrdə Azərbaycan bayrağını qaldıracaq idmançılar hazırlamaq üçün bu sahə ilə sıx məşğul olan qurumlar qarşısında öhtəliklər qoymuşdu. Azərbaycanda beynəlxalq, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması, həmçinin,  idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi məsələləri həyata keçirilməli əsas tədbirlər sırasına daxil edilmişdi. Bütün bu gərgin işlərin nəticəsi olaraq idmançılarımız qısa zamanda möhtəşəm qələbələrə imza atdılar, bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı.

1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində uğurlu inkişafın əsas mərhələsi oldu. Milli Olimpiya Komitəsinin prezidenti olduğu ilk dövrlərdən cənab İlham Əliyev Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqətı, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması və ən əsası olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görmüşdür. Məhz bu gərgin zəhmətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanmışdır. 1972-2000-ci illər ərzində dövlətin idmana yüksək qayğı və diqqətinin bəhrəsi kimi Azərbaycan Olimpiya Oyunlarında təmsil olundu (XX Yay Olimpiya Oyunları, 1972, Münhen, XXI Yay Olimpiya Oyunları, 1976, Monreal, XXII Yay Olimpiya Oyunları, 1989, Moskva, XXVI Yay Olimpiya Oyunları, 1996, Atlanta, XXVII Yay Olimpiya Oyunları, 2000 Sidney). Həmin oyunlarda olimpiyadaçılarımız 6 qızıl, 6 gümüş və 2 bürünc medal qazanmışlar.

Azərbaycanı dünyada tanıdan, böyük nüfuza sahib olduğunu sübut edən fəaliyyətlərdən biri də beynəlxalq idman oyunlarına və turnirlərə yüksək səviyyədə ev sahibliyi etməsi olmuşdur. 2000-ci ildən sonra ölkədə bir çox beynəlxalq səviyyəli oyunlar, turnirlər keçirilib. Bu oyunlardan ilki 2003-cü ildə keçirilən yeniyetmə cüdoçuların Avropa çempionatı olub. Oyunlar Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində keçirilib. Yarışda 30 ölkədən 300-dək cüdoçu iştirak edib. Bundan 1 il sonra isə 2004-cü ildə Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku uğrunda yarış keçirilmişdir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışda dünyanın 22 ölkəsindən 47 gimnast iştirak edib. 2004-cü ildə keçirilən irimiqyaslı turnirlərdən biri də Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri olmuşdur ki, bu da Bakı İdman Sarayında keçirilib. Turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparıb. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı da 2005-ci ildə Azərbaycanda keçirilib. Çempionat Heydər Əliyev adına İdman-Konsert kompleksində keçirilib. 47 ölkəni təmsil edən gimnast qızlar yarışda iştirak ediblər. 2006-cı ildə Respublikada baş tutan digər bir çempionat hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı olub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatda sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışlar baş tutub. Çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar uğrunda mübarizə aparıb. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı isə 2007-ci il sentyabr ayında Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilər dünya çempionatı uğrunda mübarizə aparıblar. Mübarizədə 102 ölkədən 2500-dən çox idmançı iştirak edib. Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış 2007-ci ildə paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı olub. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, Litva və Yunanıstanı təmsil edən 100-dən çox idmançı iştirak etmişdir.

2009-2012-ci illərdə Respublikamızda keçirilən idman oyunları da ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasında böyük rol oynamışdır. 2009-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatında dünyanın 32 ölkəsindən 186 gimnastı iştirak etmişdir. Elə həmin il ölkədə qaydasız döyüş üzrə Dünya kuboku da keçirilmişdir (Bakı İdman Sarayında). Yarışda Azərbaycan millisi də daxil olmaqla, 25 ölkəni təmsil edən 120-dən çox idmançı mükafat uğrunda mübarizə aparmışdır. 2010-cu ildə ölkəmizdə Heydər Əliyev adına İdman-Konsert Kompleksində daha fərqli bir idman növü üzrə Qılıncoynatma üzrə gənclər və kadetlər arasında yarış keçirilib. Bu yarışlarda dünyanın 87 ölkəsindən 1565 idmançı iştirak etmişdir. 2010-cu il ərzində keçirilən daha bir çempionat bodibildinq üzrə olub ki, burada 64-cü dünya çempionatında 63 ölkənin idmançısı birincilik uğrunda mübarizə aparıb. Mübarizə bodibildinqçilər arasında həyata keçirilib.

2010-cu ildə ölkəmizin paytaxtında keçirilən mötəbər yarışlardan biri də gənclər arasında boks üzrə dünya çempionatı olub və bu oyunlar Bakı Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilmişdir. Çempionatda 96 ölkədən 500 idmançı iştirak edib. Sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı da 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilib. Bu yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı sərbəst, yunan-roma güləşi üzrə mübarizə aparıb.

Ölkəmizdə keçirilən daha bir idman yarışı da Cüdo üzrə "World Masters" beynəlxalq turniri olub və 2011-ci ildə Bakıda keçirilib. Reytinq xalları verən World Masters seriyasında 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparıb. Cüdo üzrə Dünya Kuboku bu il ərzində baş tutan lisenziya xarakterli yarışlardan olub. Yarış Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutub. Bu yarışlar 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Boks üzrə XVI Dünya Çempionatı da 2011-ci ilin sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Çempionatda 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir.

2012-ci ildə isə Yeniyetmələr arasında sərbəst, yunan-roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı respublikada keçirilib. 21-27 avqust tarixini əhatə edən yarışda 41 ölkədən 850 idmançı iştirak edib. 22 sentyabr - 13 oktyabr tarixlərində isə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı baş tutub. 2012-ci ildə keçirilmiş yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edib. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı olub. Bu il ərzində Bakıda ilk keçirilən yarışlardan biri də "GT3 və klassik Formula 1" yarışı olub. Oktyabrın 26-28-də Bakıda ilk dəfə keçirilən yarışların "City Challenge" Bakı avtoparadı keçirilib. Yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edib və 2,1 kilometrlik yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanmışdır.

Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biri də “Bakı-2015” Avropa Oyunları olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycan bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı.

Yarışlarda Avropanın 50 ölkəsinin 10000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və I Avropa Oyunlarını 47 medalla başa vurublar.

Azərbaycanda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası”, “Formula-1” yarışları ilə yanaşı nüfuzlu və mötəbər yarışlardan biri də İslam Həmrəylik Oyunları olmuşdur. 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunmuşdur. Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilmişdir. 2017-ci il aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasını keçirdi və Bakı oyunlara tam hazır idi. 12-22 may 2017-ci il tarixində keçirilən yarışlarda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparmışdır. Medalların sayına görə Türkiyə yığması fərqlənmişdir. Belə ki, Türkiyə yığması ümumilikdə 195 medal qazanmaqla yekunda medal sayında brinci pilləni tutmuşdur. Türkiyə yığması həmçinin gümüş və bürünc medalların sayında da ilk pillədə qərarlaşmışdır. Lakin Azərbaycan yığması əldə etdiyi qızıl medalların sayına görə son nəticədə medal sıralamasını birinci pillədə bitirməyə nail olmuşdur. 14 ölkənin yığması isə turniri medalsız başa vurmuşdur. 

Dünya idman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi etmişdir.

Bu gün idmanla yanaşı bütün sahələrdə Azərbaycan Demokrtaik Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır.  Bütün bu nailiyyətlər Cənab Prezidentimiz İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir. Biz də öz növbəmizdə səlahiyyətlərimiz daxilində, dövlətimizin inkişafı, eləcədə Azərbaycan idmanının uğur salnaməsini daha da zənginləşdirmək naminə əlimizdən gələni edəcəyik.

 

Yusif BABANLI,

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  İdman Akademiyasının

İdman işləri üzrə prorektoru, professor

11 2019 14:48 - İDMAN
İDMAN
20 Mart 2019 | 02:00
Fantastik təklif
18 Mart 2019 | 22:06
Messidən növbəti rekord
16 Mart 2019 | 23:33
Zidandan ciddi xəbərdarlıq
14 Mart 2019 | 21:47
Ronaldonun 700-cü qolu

Ən son xəbərləri səhifəmizdən də izləyin