Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatalada gənclər üçün SYSLAB təlim mərkəzi yaradılır

Zaqatalada gənclər üçün SYSLAB təlim mərkəzi yaradılır

Cari ilin ilk rübü ərzində Zaqatala rayonunda ilk dəfə işaxtaran gənclər üçün SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) təlim mərkəzi fəaliyyətə başlayacaq.

Mərkəz BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icra etdiyi “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində yaradılır. Burada ilk dəfə işaxtaran gənclərə müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının öyrədilməsi məqsədilə təlimlər təşkil olunacaq və təlimlərə bu ilin sonuna qədər 100-dək gənc cəlb ediləcək.

Onlara işəgötürənlə ilkin əlaqələrin qurulması, işəgötürənə öz bilik və qabiliyyətini təqdim etmə, işə qəbul üçün müsahibəyə hazırlaşma, sahibkarlıq, sistemli biznes, ofis işi və s. istiqamətlər üzrə müasir bilik və bacarıqlar öyrədiləcək.

Layihə çərçivəsində ötən dövrdə müvafiq müddətlərdə Bakı, Sumqayıt şəhərlərində, Masallı rayonunda belə mərkəzlər fəaliyyət göstərib. Son illərdə isə Gəncə şəhərində də SYSLAB təlim mərkəzi yaradılıb və hazırda fəaliyyətini davam etdirir

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, indiyədək həmin təlim mərkəzlərinə 800-ə qədər gənc cəlb edilib ki, onların əksəriyyəti təlimlər zamanı yiyələndikləri bilik və bacarıqlar hesabına  ayrı-ayrı müəssisələrdə işlə təmin olunublar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 11:50 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin