Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mehman Hüseynov şousu” da fiaskoya uğrayacaq

“Mehman Hüseynov şousu” da fiaskoya uğrayacaq

İndi də Mehman Hüseynov məsələsi ilə manipulyasiya etməyə başlayıblar. Guya blogger aclıq aksiyasına başlayıb və bundan istifadə edərək Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyası aparılır. Əlbəttə, Azərbaycan ictimaiyyəti əvvəllər də bu cür kampaniyaların şahidi olub və hamı yaxşı bilir ki, bütün bunlar hakimiyyət hərisi olan antimilli qrupların və onların xaricdəki havadarlarının əməlləridir. Onlar bununla Azərbaycan dövlətini və iqtidarını nüfuzdan salmağa çalışırlar. 
Amma unudurlar ki, dövlətimiz indi 90-cı illərdəki Azərbaycan deyil. Ölkə iqtidarı da kifayət qədər güclü, dünyada böyük nüfuza malik, öz milli maraqlarını müdafiə etməyi bacaran bir hakimiyyətdir. Demokratik, hüquqi dövlət quruculuğu hazırkı iqtidar üçün başlıca vəzifədir və bu istiqamətdə ardıcıl, prinsipial siyasət həyata keçirilir. Azərbaycan hakimiyyəti ərazi və əhali baxımından kiçik bir dövləti beynəlxalq arenada söz sahibinə çevirdiyi və dünya siyasətinin zirvəsində ciddi aktor kimi çıxış etdiyi halda, destruktiv müxalifət ayrı-ayrı antiazərbaycan dairələrin təsiri altında ölkəni geriyə sürükləməyə çalışır. 
25 ildir ki, müxalifət adı altında radikal və dağıdıcı fəaliyyət göstərən antimilli qruplar öz iş metodlarını dəyişə, yeniləşə bilmir, Azərbaycanın milli maraqlarına, dövlətə və xalqa qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər. Təəssüf ki, bu qrupların gücü yalnız meydana 1000-2000 adam toplayıb dövləti və xalqı təhqir etməyə çatır. Onların fəaliyyətlərini sosial şəbəkələrə keçirməsinin, hakimiyyətə qarşı təhqir, yalan, şantaj kampaniyaları təşkil etməsinin əsas səbəbi odur ki, özlərindən çox güclü rəqiblə mübarizə apara bilmədiklərini başa düşürlər. 
Mehman Hüseynov məsələsi də onların növbəti yalan, böhtan kampaniyasıdır. Əslində, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin verdiyi məlumata əsasən, Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti də qaydasındadır. 
Bundan əlavə, radikallar Mehman Hüseynovu jurnalist kimi qələmə verməyə çalışsa da, o, faktiki olaraq jurnalist deyil, onu mediaya bağlayan yeganə səbəb qardaşı Emin Hüseynovun Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı qurum yaratmasıdır. Sirr deyil ki, bir müddət əvvəl qardaşı gizli yolla başqa ölkəyə qaçırılıb, indi də Mehmanın mühacir kimi xaricə çıxmasını təmin etmək istəyirlər. Məhz bu məqsədlə onun guya “blogger” olması və hakimiyyəti tənqid etdiyinə görə təzyiqlərlə üzləşməsi barədə rəy formalaşdırmağa cəhd göstərilir.
Amma bu cür vəziyyətlərdə heç zaman müvazinətini itirməyən dövlətimiz, inanırıq ki, bu dəfə də təzyiqləri dəf edəcək. 

 

Vaqif ABBASOV, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 
Şirvan şəhəri

10 2019 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə