Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli kinomuzun inkişaf proqramı

Milli kinomuzun inkişaf proqramı

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il avqustun 4-də “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə bağlı sərəncam imzalamışdı. Proqramın qəbul edilməsində məqsəd milli kino ənənələrinin bərpası, ölkədə kino istehsalının dirçəldilməsi, filmlərin müasir texnologiyalar əsasında qorunub saxlanılmasının təmin olunması, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi və sahə üzrə lazımi islahatların aparılmasından ibarət idi.
Son illərdə Azərbaycan kinematoqrafçıları müstəqillik dövrünün əsərlərini yaradır, heç bir senzura olmadan həyat həqiqətlərini ekrana gətirməyə səy göstərirlər. Bu dövrdə çəkilən filmlərin əksəriyyətində onlar kinonu real həyata daha da yaxınlaşdırıblar. Böyük uydurma qəhrəmanlar real–yaxşı və pis, müsbət və mənfi, güclü və zəif xüsusiyyətlərə malik, düzgün və yanlış addımlar atan insanlarla əvəz olunub.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Qarabağ mövzusunda filmlərin istehsalına diqqət artırılıb. “Müharibə uşaqları” və “Biz qayıdacağıq” kinolentləri Xocalı soyqırımına həsr olunub. “Dolu”, “Mübarizlik zirvəsi” və bu kimi digər filmlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzsizdir. “Nabat” filmi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından dəyərli ekran əsəridir.
“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan aktual mövzulu filmlər son illər 70-dən çox beynəlxalq film festivalında iştirak edərək Azərbaycan gerçəkliklərini dünyanın kino auditoriyasına çatdırıb və nüfuzlu mükafatlara layiq görülüb. Kinostudiyanın direktoru Müşfiq Hətəmov deyir: “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” bir sıra vacib layihələrin həyata keçirilməsinə zəmin yaratdı. Bu dövrdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə sistemli şəkildə islahatlar aparılıb. Eyni zamanda, Azərbaycan kino sənayesinin uğurlu inkişafı üçün hüquqi tənzimləyici sistem dövrün tələblərinə müvafiq olaraq təkmilləşdirilməlidir. Bu məqsədlə “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim edilib. Son illər 70-dən çox festivalda iştirak etməyin, 58 ölkədə nümayiş olunmağın uğuru ilə kifayətlənmirik, daha böyük layihələr həyata keçirməyi düşünürük”.
Son on ilin ən əhəmiyyətli hadisələrindən biri Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması ilə bağlı Prezident sərəncamı olmuşdur. Sərəncamla bağlı keçirilən tədbirlərdə milli kinomuzun keçdiyi tarixi yola nəzər salınmış, dövlət proqramının icra vəziyyəti barədə məlumat verilmiş, qarşıda duran problemlər ətraflı müzakirə olunmuşdur.
Maraqlı bir fakta diqqət yetirmək istərdik. Son illərdə kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 44 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 208 sənədli, 22 cizgi filmi və “Mozalan” satirik kinojurnalının 18 buraxılışı çəkilib. O cümlədən, dövlət sifarişi ilə Azərbaycan kinosunun aparıcı mövzularından olan Qarabağ müharibəsinə 9 bədii, 85 sənədli film həsr olunub, 2013-2018-ci illərdə “Azərbaycanın Milli qəhrəmanları” silsiləsindən 75 sənədli film ərsəyə gətirilib.
Bütün bu sadaladığımız faktlar bir daha göstərir ki, Azərbaycan kinosu ölkəmizin daha geniş coğrafiyada tanınmasına, Qarabağ həqiqətlərinin bəşəriyyətə çatdırılmasına öz töhfəsini verməkdədir. Azərbaycan dövlətinin kino siyasəti bu sahəni inkişaf etdirməyə, milli kinomuzu dünya kinosuna qovuşdurmağa böyük dəstəkdir. Son 10 ildə milli kinomuzun siması tamamilə dəyişib.
Tarixi köklər üzərində inkişaf edən kinomuz, eyni zamanda , dünyanın müasir sağlam kino tendensiyalarından kənarda qalmır. Azərbaycan milli kinosunu dünyanın ən mötəbər kinofestivallarında təmsil edən kinorejissor Şamil Əliyevin “Çölçü” filminin beynəlxalq festivallarda qazandığı uğurlar milli kinomuza mühüm töhfədir. Uğurlu beynəlxalq taleyi olan bu film 37 beynəlxalq festivalda 13 mükafat alıb.
Film dünyanın 4 məşhur kino korifeyinin adına təsis edilmiş mükafatların laureatıdır. “Çölçü” filmi ABŞ-ın, Avropanın bəzi ölkələrinin, İngiltərənin və Hindistanın kino məktəblərinin tədris proqramına salınıb. 
Azərbaycan kinosunun zəngin inkişaf potensialı var. Sadəcə, bu potensialı hərəkətə gətirmək, yeni yaradıcı qüvvələrə geniş meydan vermək lazımdır. 
 Mədəniyyət naziri proqramla bağlı müsahibəsində demişdir: “Azərbaycan kinosu ilə bağlı icra olunan sərəncamın müddəti bu il sona çatır. Bəzi bəndlər icra olunmamış qalıb. Ona görə də bu işin məntiqi davamı kimi nazirlikdə kinematoqrafçılarla birlikdə geniş fikir mübadiləsi aparılmışdır. Kino sahəsinin inkişafına dair yeni konseptual proqram hazırlanıb. Azərbaycan kinosunun yeni şəraitdə fəaliyyətinin təkmilləşdirilməsi, gənc nəslin bu sahəyə daxil olması, eləcə də beynəlxalq səviyyəyə çıxmaq üçün tutarlı proqram işlənib. Hökumətə müraciət edərək, diqqəti Azərbaycan kinosunun növbəti on ildə inkişaf tempinin azalmaması üçün proqramın qəbul olunmasına yönəldəcəyik”.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

10 2019 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 23:37
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin