Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pensiya sistemində yenilik həyata keçirilir

Pensiya sistemində yenilik həyata keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Çingiz Əliyev pensiya qanunvericiliyində həyata keçirilən yeniliyi şərh edib: "Vətəndaşın qanunvericilikdə nəzərdə tutulan pensiya yaşı çatdığı təqdirdə heç bir təşkilata müraciət edib sənəd toplamadan, pensiya yaşı tamam olan gün ona elektron qaydada pensiya təyin olunacaq. Ona, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır, həmin vaxtdan sonrakı dövr isə fərdi hesabında olan pensiya kapitalı da nəzərə alınmaqla müvafiq hesablama aparılaraq pensiya təyin edilir. Əgər kimlərinsə faktiki stajı 2006-cı ilədək 25 ildən çox olsa, onların pensiyası stajlarına uyğun hesablanır”.

Şöbə müdiri qeyd edib ki, pensiya təyin olunan kimi vətəndaşa SMS və e-mail vasitəsilə pensiyanın məbləği və pensiya kartını haradan əldə edəcəyi barədə məlumat çatdırılır: "2019-cu ildə pensiya yaşına çatanlardan 70 faizinə, təxminən 36 min nəfərə pensiyalar avtomatlaşdırılmış qaydada təyin ediləcək və onların pensiyalarının məbləğlərində, gəlirlərində artımlar gözlənilir, çünki 2006-cı ilə qədər vətəndaşlara təqdim edilən 25 il sosial sığorta stajı minimum 122 manat pensiya qazanılması deməkdir. 2006-cı ildən sonra işləyənlər üçün həmin məbləğin üzərinə fərdi hesabında qeydə alınmış pensiya kapitalının hesablanması yolu ilə əlavələr də edilir".

Ç.Əliyev bildirib ki, bu il pensiya yaşına çatanlardan 30 faizinin pensiyası hələ ki, avtomatlaşdırılmış qaydada təyin edilməyəcək. Onların sırasına güzəştli şərtlərlə əmək pensiyasına hüquq qazananlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. daxildir. Lakin onların da pensiya təyinatının avtomatlaşdırılması üçün işlər aparılacaq.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2019 12:54 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə