Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert: Antimilli şəbəkənin Mehman Hüseynovla bağlı növbəti kampaniyaya başlamaq cəhdi heç bir rezonans doğurmadı

Ekspert: Antimilli şəbəkənin Mehman Hüseynovla bağlı növbəti kampaniyaya başlamaq cəhdi heç bir rezonans doğurmadı

Antimilli şəbəkənin Mehman Hüseynovla bağlı növbəti kampaniyaya başlamaq cəhdi heç bir təsirli rezonans doğura bilmədi. Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Mehman Hüseynovu əldə bayraq edərək kökləri daxildə və xaricdə olan antimilli şəbəkənin son günlər Azərbaycan əleyhinə yenidən fəallaşmaq cəhdinin şahidi oluruq. Həmin şəbəkənin üzvlərinin dövlət əleyhinə fəallaşmaq cəhdləri həmişə Azərbaycanın beynəlxalq səviyyədə mövqelərinin daha da möhkəmlənməsi özünü aşkar şəkildə büruzə verəndə ortaya çıxır: "Bu gün Azərbaycan dünyada sayılıb-seçilən, prinsiplərinə hörmət qoyulan və istənilən təzyiq amillərini puça çıxarmaq gücünə sahib dövlətə çevrilib. Proseslərin bu gedişindən məmnun qala bilməyən daxildəki və xaricdəki antimilli şəbəkə təmsilçiləri öz himayədarları ilə birlikdə zaman-zaman kampaniyalara başlamağa və Azərbaycan dövlətinin diqqətini əsas ümummilli hədəflərdən yayındırmağa çalışırlar".

Aydın Quliyev qeyd edib ki, daxildəki şəxslərin siyasi hakimiyyət ambisiyaları ilə onların xaricdəki havadarlarının anti-Azərbaycan maraqları birləşərək əslində Azərbaycan dövlətinin əleyhinə çevrilmiş kampaniya şəklini alır: "Mehman məsələsi ilə bağlı növbəti dəfə kampaniyaya başlamaq cəhdinin də beynəlxalq miqyasda və Azərbaycanın öz daxilində heç bir təsirli rezonans doğura bilmədiyi göz qabağındadır. Hər cür cəhdlər göstərilsə də, dövlətimizə qarşı növbəti kampaniya cəhdinin ABŞ-da bir qəzetin redaksiya məqaləsindən və ermənipərəst bir konqresmenin növbəti bəyanatından başqa heç bir nəticəsi olmadı. Bunun dərin və ciddi səbəbləri var. İlk növbədə onu demək lazımdır ki, üzərində antidövlət kampaniyasının qurulduğu Mehman Hüseynov barədə bir sıra informasiyaların yanlış olduğu üzə çıxdı. Məlum oldu ki, Mehman media və peşəkar jurnalistikaya bağlı şəxs deyil, həbsxanada aclıq keçirmir. Əsası olmayan informasiyaların üstündə qurulmuş kampaniyaların uğursuzluğa məhkumluğu əvvəlcədən məlum idi".

A.Quliyev əlavə edib ki, başladılmağa cəhd edilən kampaniyaya Azərbaycanın daxilində xalqdan heç bir dəstək də verilmədi: "Ölkədə bu böhtan kampaniyasını  genişləndirmək gücündə olan müxalifət lideri də yoxdur. Belə ki, 25 ildən bəri hətta şüarlarını və siyasi taktikalarını dəyişməyi bacarmayan şəxslərin həlledici siyasi liderə çevrilmək şansları ümumiyyətlə yoxdur. Azərbaycan Prezidentinin siyasi güc olaraq alternativsizliyi də öz sözünü deyir. Nəhayət, xaricdə əsas qüvvələr çox yaxşı başa düşürlər ki, Azərbaycanla bağlı qərar və müzakirələri zəif və sosial bazasız müxalifət təmsilçiləri ilə yox, bütün parametrlərdə həlledici güc rolu oynayan siyasi hakimiyyətlə və onun lideri ilə aparmaq daha doğru və perspektivlidir. Məhz bu qüvvələr Azərbaycanın 90-cı illərdən tamamilə fərqli bir dövlətə çevrildiyini və onunla təzyiq dilində danışmaq taktikasının keçmişdə qaldığını çox dəqiq anlayırlar. Azərbaycanın bu gün xaricdən hər cür təzyiqi neytrallaşdırmaq gücünə sahib dövlətə çevrilməsi müxtəlif antimilli kampaniyaların iflasa uğramasının başlıca səbəbidir".

7 2019 15:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə