Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fazil MUSTAFA: Azərbaycanın beynəlxalq tranzit ölkə kimi rolu güclənəcək

Fazil MUSTAFA: Azərbaycanın beynəlxalq tranzit ölkə kimi rolu güclənəcək

“Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirak etdiyi Xəzərin statusunu müəyyənləşdirən sammitdə, nəhayət, razılıq əldə olundu. Bu, uzun illər aparılan danışıqların müsbət nəticəsi kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidentinin Xəzərin statusunun reallığa çevrilməsi istiqamətində yorulmaz fəaliyyəti öz bəhrəsini verdi. Xəzərin təhlükəsiz zonaya çevrilməsi və hərbiləşdirilməmiş bir məkan olaraq müəyyən çərçivədən uzaq tutulması Azərbaycanın maraqlarına uyğundur”. Bu fikri Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa söylədi.
Partiya sədri dedi ki, bu sənədin imzalanması Xəzəryanı dövlətlərin iqtisadi əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacaq. Azərbaycanla Qazaxıstan və Türkmənistan arasında qardaş ölkələr kimi münasibətlərin inkişafında yeni mərhələ açılacaq. Eyni zamanda, Rusiya və İran kimi güclü dövlətlərlə də birlikdə Xəzərdə dinc məqsədlərlə müəyyən layihələrin həyata keçirilməsi imkanları genişlənəcək.
Bu konvensiyanın Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyimiz ərəfədə imzalandığını vurğulayan F.Mustafa bildirdi ki, bu tarixi sənəd Xəzəryanı dövlətlərin qarşısında yeni perspektivlər açacaq: “Azərbaycanın əməkdaşlığı yeni müstəvidə davam etdirmək niyyəti hər kəsə bəllidir. Respublikamız bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir. İmzalanan sənəd bu istiqamətdə siyasi kursun uğurla davam etdirilməsinə yeni üfüqlər açacaq”.
Partiya sədri dedi ki, ümumilikdə, 24 maddədən ibarət olan beynəlxalq konvensiyada ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi yer alıb. Konvensiyanın imzalanmasına qlobal miqyasda böyük maraq var idi. Bu, həm də Xəzərin yerləşdiyi geosiyasi mövqe ilə bağlıdır. Çünki Xəzər adi su hövzəsi hesab olunmur. Onun dibində milyardlarla barrel neft və trilyonlarla kibmetr təsdiqlənmiş qaz ehtiyatları var. Hesab edirəm ki, Azərbaycan daha bir uğura imza ataraq, beynəlxalq aləmdə iqtisadi qüdrətinin artması və mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirdi. Konvensiyanın imzalanması zamanı razılaşdırılmış məsələlər heç bir dövlətin milli, strateji, təhlükəsizlik, iqtisadi və digər məsələlərinə xələl gəlmədən həll olundu”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

16 2018 22:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə