Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarix-mədəniyyət abidələrini ziyarət edənlərin sayı artıb

Tarix-mədəniyyət abidələrini ziyarət edənlərin sayı artıb

Ötən il Qobustan Milli Tarixi-Bədii Qoruğuna gələnlərin sayı 123 mini keçib

Ölkəmizdə həm yerli vətəndaşların, həm də xarici turistlərin üz tutduğu məkanlar sırasında tarix-mədəniyyət qoruqları xüsusi yer tutur. Bu məkanlarda bayram günlərində xüsusilə qələbəlik olur. Tarix-mədəniyyət qoruqlarında təşkil olunan müxtəlif tədbirlər adi günlərdə də çoxlu ziyarətçi cəlb edir.

Ötən il “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki Qız qalasını və Şirvanşahlar Sarayı Kompleksini ümumilikdə 200 min, Qobustan Milli Tarixi-Bədii Qoruğunu 123 min nəfərdən çox turist ziyarət edib.

Həm yerli vətəndaşların, həm də xarici qonaqların ən çox üz tutduğu məkanlar arasında Qobustan Milli Tarixi-Bədii Qoruğu xüsusi yer tutur. Qoruğun direktoru Vüqar İsayevin verdiyi məlumata görə, 2018-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya gələn ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40 min nəfər (təxminən 50 faiz) artıb. 123 min ziyarətçidən 58 min nəfəri xarici ölkə vətəndaşlarıdır: “Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən – Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi”. Vüqar İsayev həmçinin vurğuladı ki, ötən il ərzində qoruğa gələn ziyarətçilərə göstərilən xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə bir çox abadlıq işləri görülüb. Qoruq daxilində asfalt yollar təmir edilib, istiqamətləndirici yol nişanları quraşdırılıb, Böyükdaş dağında yerləşən iaşə obyekti tamamilə yenidən qurulub.

Qeyd edək ki, 2017-ci ildə qoruğu 80 min nəfərdən çox turist ziyarət etmişdi.

Turistləri hər zaman cəlb edən məkana son illərdə marağın daha da artmasının səbəblərindən biri burada yaradılan şəraitdir. UNESCO-nun Dünya irs siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə istifadəyə verilən muzey kompleksi müasir standartlara uyğundur. Kompleks 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, ötən il ərzində Şirvanşahlar Sarayı Kompleksini ziyarət edən 100 mininci ziyarətçi idarə tərəfindən müəyyən edilərək xatirə hədiyyələri və xüsusi sertifikatla təltif edilib. Bu il bu ənənənin Qız qalasının ziyarətçiləri üçün də tətbiq edilməsi planlaşdırılır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 2019 14:50 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə