Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionun təhlükəsizliyini və sabitliyini qoruyan sənəd

Regionun təhlükəsizliyini və sabitliyini qoruyan sənəd

Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın tarixi əhəmiyyətindən danışarkən diqqəti bir neçə məqama yönəltmək istərdim. Əvvəlcə onu deyim ki, bu sənədin imzalanması ölkəmizin maraqları və suveren hüquqlarının qorunması baxımından mühüm önəm daşıyır. Başqa sözlə, konvensiya Azərbaycanın maraqlarına tam cavab verməklə, respublikamızın Xəzərdə reallaşdırdığı karbohidrogen hasilatı ilə bağlı layihələrin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərin davamlılığını və təhlükəsizliyini gerçəkləşdirir. 
Konvensiyanın əhəmiyyəti ilə bağlı onu da qeyd edim ki, sənəddə Xəzər dənizinin dibinin beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla sektorlara bölünməsi qaydası öz ifadəsini tapıb. Eyni zamanda, sektorlarda aparılan təsərrüfat-iqtisadi fəaliyyətin təhlükəsizliyi məqsədilə orada yerləşən obyektlərinin müvafiq zonaların olduğu da göstərilib. 
Bundan başqa, konvensiya hər bir dövlət üçün onların suveren və müstəsna hüquqlara malik olduğu ərazi suları və balıqçılıq zonalarını müəyyənləşdirir. Həmçinin sənəd Xəzər dənizində gəmiçilik və ticarətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsiplərini təsbit edir.
Konvensiyada regionun təhlükəsizliyinin və sabitliyinin qorunması baxımından sahilyanı dövlətlər arasında etimad tədbirləri ilə əlaqədar müəyyən məsələlər də önə çəkilib. Bununla əlaqədar Aktauda reallaşan Zirvə toplantısında dövlət başçıları tərəfindən Xəzərdə etimad tədbirlərinin işlənib hazırlanması ilə bağlı razılıq əldə edilib. 
Sənəddə, həmçinin Xəzər dənizində beynəlxalq əməkdaşlıq məsələlərinin tənzimlənməsi amilinə xüsusi diqqət yetirilir. Belə ki, konvensiya dənizdə həyata keçirilən layihələrin icrası ilə əlaqədar olaraq Azərbaycanın xarici şirkətlər və korporasiyalarla əməkdaşlığını tanıyır və onun davam etdirilməsinə və genişləndirilməsinə imkan yaradır.
Ümumiyyətlə, haqqında danışılan konvensiya Xəzər dənizinin hüquqi statusu ilə bağlı qarşıda yeni perspektivlər açıldığını, Xəzəryanı dövlətlərin prezidentlərinin iştirakı ilə keçirilən V Zirvə toplantısında imzalanan sənədlərin sahilyanı ölkələrin uğurlu inkişafında böyük rol oynayacağını ifadə edir. 
Xəzərin statusunu müəyyənləşdirən konvensiya regionda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit ölkəsi rolunu gücləndirəcək, iqtisadi qüdrətini daha da artıracaq.
Haqverdi SÜLEYMANOV,
iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

16 2018 22:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə