Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzərdə tranzit daşımaların səmərəli təşkilinə etibarlı təminat

Xəzərdə tranzit daşımaların səmərəli təşkilinə etibarlı təminat

Azərbaycan tarixən qədim İpək Yolunun keçdiyi, ən uzaq dövlətləri birləşdirən ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkan olub. Qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə tarixi rolu daha da artaraq, strateji əhəmiyyət kəsb edib. 
Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan hazırda həm də yeni təşəbbüslərin müəllifidir. İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız müxtəlif istiqamətlərə tranzit daşımaların səmərəli təşkilinə də etibarlı təminat verir.
Bu baxımdan Xəzəryanı ölkələrin dövlət başçılarının avqustun 12-də keçirilən V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirən konvensiya da regionda nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsinə mühüm töhfə verəcək. Bu, təsadüfi deyil. Çünki Xəzər dənizi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına yönələn bir sıra layihələrdə mühüm rol oynayır. Bu səbəbdən Xəzərin tranzit potensialının həyata keçirilməsinin vacibliyi konvensiyada da nəzərə alınıb. Belə ki, sözügedən sənəd dəniz daşımalarının azadlığını müəyyən etməklə, Xəzər dənizindən digər dənizlərə və tranzit ölkənin suveren hüquqları nəzərə alınmaqla dünya okeanına sərbəst çıxış hüququnu, eləcə də tərəflərin bir-birinin limanlarına azad giriş-çıxışını tanıyır.
Sənəddə tərəflərin Xəzər dənizinin dibi ilə sualtı kabel və boruların çəkilməsi hüququnun həyata keçirilməsi məsələsi də öz həllini tapıb. Belə ki, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya sahilyanı dövlətlərin dənizin dibi ilə kabel və boru kəmərlərini çəkmək hüququnu tanıyır. Bu zaman belə boru kəmərlərinin çəkiləcəyi ərazi yalnız həmin sektorun məxsus olduğu sahilyanı dövlətlə razılaşdırılır. 
Konvensiyanın bununla bağlı müddəaları Xəzər dənizi regionunda Azərbaycanın da iştirak etdiyi mövcud layihələrin inkişafı və genişləndirilməsində böyük rol oynayacaq və ölkəmiz üçün yeni perspektivlər yaradacaq.
Əbdül RƏFİYEV,
siyasi elmlər üzrə fəlsəfə doktoru

16 2018 22:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə