Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pambıqçılığın inkişafı yeni iqtisadi şəraitdə müəyyənləşdirilən mühüm hədəflərdən biridir

Pambıqçılığın inkişafı yeni iqtisadi şəraitdə müəyyənləşdirilən mühüm hədəflərdən biridir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, xüsusilə sahibkarlığın inkişafına göstərilən hərtərəfli diqqət və qayğı bütövlükdə respublikamızın sosial-iqtisadi həyatında mühüm rol oynamaqla yanaşı, regionların iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının dirçəldilməsinə möhkəm zəmin yaradıb və son illərdə bu sahədə yüksək uğurlar əldə edilib. 
Burada ölkə rəhbərinin aqrar sektora mühüm önəm verməsi, bu sahədə həyata keçirilən dövlət siyasəti xüsusi rol oynayıb. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin tətbiqi, kənd təsərrüfatının inkişafı üçün ayrılan güzəştli kreditlər, dövlət büdcəsinin vəsaiti hesabına kəndlilərə verilən subsidiyalar, aqrolizinq xidmətlərinin əlyetərliliyi, geniş miqyaslı meliorasiya tədbirləri, nəhəng su anbarlarının inşası, bölgələrdə yol-nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsi üçün yönəldilən irihəcmli investisiyalar aqrar sahənin inkişafını şərtləndirib. Nəticədə 2003-cü ilə nisbətən 2017-ci ildə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,7 dəfə, yaxud hər il orta hesabla 3,7 faiz artıb. 2017-ci ildə 2003-cü ilə nisbətən kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 36,6 faiz artırılaraq 1219,5 min hektardan 1665,6 min hektara çatdırılıb. 
Ölkənin iqtisadi potensialından səmərəli istifadə olunması və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində vaxtında qəbul edilən müvafiq dövlət proqramlarının icrası son iki il ərzində pambıqçılığın inkişafını da sürətləndirib. Belə ki, 2017-ci ildə pambığın əkin sahəsi 2015-ci illə müqayisədə 7,3 dəfə, pambıq istehsalı isə 5,9 dəfə artaraq 207,5 min tona çatıb. 
Ötən mövsümdə bir sıra rayonlarda müsbət göstəricilər əldə edilib. Məsələn, Saatlıda 25 min 753 tondan, Biləsuvarda 24 min 762 tondan, Bərdədə 22 min 400 tondan, Ağcabədidə 20 min 459 tondan, Sabirabadda 18 min 163 tondan çox pambıq yığılıb. 
Bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin xalqın, dövlətin mənafeyinə xidmət edən ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində əli torpaqdan soyumuş kəndli məhsul istehsalında nailiyyətlərini getdikcə artırır. 
Yeri gəlmişkən, 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığın inkişafına xüsusi diqqət göstərilir. İstehsal olunan pambığa görə subsidiya siyasətinin tətbiqinə geniş yer verilir, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində kompleks tədbirlər həyata keçirilir.
Bu il respublikanın 22 rayonunda 132,5 min hektar sahədə pambıq əkini həyata keçirilib. Hazırda aqrotexniki qaydada becərmə işləri davam etdirilir və mövsümün sonuna 260 min ton pambıq istehsalı gözlənilir.
Emal sənayesinin yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində Ucar rayonunda illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun tikintisi isə artıq başa çatmaq üzrədir. Müəssisədə digər emal məhsulları ilə yanaşı, ildə 20 min ton pambıq yağı və 2500-3000 ton lifsiz pambıq toxumu istehsal ediləcək. Bununla da lifsiz pambıq toxumu istehsal olunacaq zavodun fəaliyyəti hesabına ölkədə pambıq toxumuna olan tələbat tam şəkildə ödəniləcək.
Pambıqçılıq məhsullarının emalının sürətləndirilməsi hesabına bu sahədə yaradılacaq əlavə dəyərin daha da artırılması üçün 2021-ci ilədək Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisənin inşasına başlanılıb.
Hazırda pambıq sahəsində bol məhsulun əldə olunması üçün zərərvericilərə qarşı mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə cari il avqustun 13-də Hacıqabul rayonunda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən pambıq sahələrində monitorinq keçirilib. Sahələrdə aparılan monitorinq zamanı fermerlərə pambıq sovkası və digər ziyanvericilərə qarşı nəzərdə tutulan dərman preparatlarının tətbiqi barədə ətraflı məlumat verilib. Monitorinq zamanı fermerlərə, eyni zamanda, xatırladılıb ki, bol məhsulun əldə olunması üçün müxtəlif mərhələlərdə zərərvericilərə qarşı mübarizə tədbirlərinin mühüm əhəmiyyəti var. İndiki vaxtda isə əsasən pambıq sovkasına qarşı mübarizə tədbirləri aparılır. Pambıq sovkasının məhv edilməsi üçün, eləcə də tor gənəsi, mənənə və trips zərərvericilərinə qarşı “Aqrolizinq”in anbarlarında lazımi preparatlar var. Fermerlər bu preparatları güzəştli şərtlərlə əldə edə bilərlər.
Diqqətə çatdırılıb ki, yarpaqların tökülməsi üçün istifadə olunan defoliantın və pambıq qozalarının açılmasının sürətləndirilməsi üçün istifadə olunan stimulyatorun alınması məqsədilə artıq yerli istehsal zavodu ilə müqavilə bağlanılıb və həmin preparatların tətbiqinə ehtiyac duyulan zaman “Aqrolizinq”in anbarlarında satışa çıxarılacaq.
Monitorinqlərdə preparatların tarlalarda tətbiqi əyani şəkildə nümayiş etdirilib. Fermerlərlə söhbət zamanı vurğulanıb ki, bu preparatlar respublikanın pambıq əkilən bütün rayonlarında tətbiq edilir və aqrotexniki qaydalara tam əməl olunduğu halda zərərvericilərə qarşı mübarizə səmərə verir. Pambıq sahələrində aparılan monitorinqlər zamanı qeydə alınan nəticələr də bunu deməyə əsas verir.
Pambıq istehsalının toxumçuluğun inkişafı ilə sıx bağlı olduğu üçün hazırda bu məsələyə də mühüm önəm verilir. Bununla bağlı respublikada Toxum Fondu yaradılıb, qurumun nizamnamə kapitalı müəyyənləşdirilib. Hazırda ölkədə 5 toxumçuluq müəssisəsi yaradılır. Onlardan 2-si bu il, 3 müəssisə isə növbəti ildə istifadəyə veriləcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

16 2018 22:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə