Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşa Dövlət Musiqili Dram Teatrının binası yeni görkəmdə

Şuşa Dövlət Musiqili Dram Teatrının binası yeni görkəmdə

Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyət göstərdiyi (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon S.S.Axundov küçəsi 6) binanın əsaslı tikinti və yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

Tikinti və yenidənqurma işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə həyata keçirilib.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsinin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb. Bildirib  ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq “Savalan” kinoteatrı təmir olunaraq Şuşa Dövlət Musiqili Dram Teatrına verilib: “Şuşa teatrının açılışı ölkə başçısının doğum gününə böyük bir hədiyyədir. Çünki görülən bütün işlər Prezident İlham Əliyevin təşəbbüsü, diqqət və qayğısı ilə həyata keçirilib. Fürsətdən istifadə edərək doğum günü münasibətilə dövlət başçımıza bütün mədəniyyət ictimaiyyəti adından təbriklərimi çatdırır, cansağlığı və uğurlar arzulayıram”.

Əbülfəs Qarayev vurğulayıb ki, bu mədəniyyət ocağı xalqımızın yaralı yeri olan Şuşanın adı ilə bağlıdır. Binanın girişində də teatrın burada müvəqqəti olaraq yerləşdirildiyi qeyd olunub: “Bu, heç də təsadüfi deyil. Biz Ali Baş Komandanın rəhbərliyi ilə öz doğma torpaqlarımızı azad edəndən sonra Şuşa teatrı da əvvəlki məkanında fəaliyyət göstərəcək. İnanıram ki, o gün uzaqda deyil”.

Tədbirdə çıxış edən Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və Şuşa Dövlət

Musiqili Dram Teatrının direktoru Yadigar Muradov teatrın binasının təmir və yenidən qurulmasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, teatrın binasının mövcud hissəsi 2 mərtəbəli, yeni inşa edilmiş hissəsi isə 4 mərtəbəlidir.

Bina yeni telekommunikasiya sistemləri ilə təmin edilib, ətrafında 900 kvadratmetr ərazi abadlaşdırılıb, ağac və gül kolları əkilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2019 12:01 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə