Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şaxta baba personajı necə yaranıb?

Şaxta baba personajı necə yaranıb?

Yeni il yeni ümidlər, arzular deməkdir. Təqvim ili sona çatdıqca, dünyanın hər yanında bir təşviş, həyəcan başlayır. Təbiət qışın ağ örpəyinə bürünür, Yeni il bayram əhval-ruhiyyəsi özü ilə ürəklərə sevgi və hərarət gətirir. Hər bir xalq ilin sona çatmasını yüksək əhvalda, özünəməxsus şəkildə qeyd edir. İllər keçsə də, hər il dekorasiya və üslub dəyişsə də, əsrlər boyu formalaşmış yeni il adət-ənənələri dəyişməz qalır. 
Bəs uşaqları sevindirən Santa Klaus və Şaxta baba obrazları necə yaranıb?
Maraqlıdır ki, daha çox Şaxta baba kimi tanıdığımız bu personaj Qərbdə əsasən Santa Klaus adı ilə məşhurdur.
Rus folklorunda, xüsusilə, nağıllarda Şaxta baba qışın sərt, lakin ədalətli ruhu kimi təsvir edilir. Məsələn; “Morozko” nağılında mehriban və zəhmətkeş qızı Morozko – Şaxta baba dondurur, daha sonra donunu açır, qəddar və tənbəl qızı isə ömürlük dondurur. Ona görə bu gün də bir sıra Şimal xalqları belə xoşagəlməz hadisələrdən qaçmaq üçün Şaxta babanı yola gətirmək və ürəyinə yol tapmaq məqsədilə təntənəli gecələrdə evlərinin yanında çörək, ət qoyur, şərab süzürlər ki, ruh qəzəblənməsin və ova mane olmasın, bitkiləri yox etməsin. 
“Şaxta baba, hardan gəlmisən?” – sualını tez-tez verən uşaqları sevindirən nurani ağsaqqal harada yaşayır?! Bu barədə bir çox əfsanələr dolaşır. Bəziləri deyir ki, Şaxta baba Şimal qütbündəndir, digərləri isə Laplandiyadan olduğunu söyləyirlər. 

Santa Klaus obrazının yaranması 

Bu gün Qərbdə Yeni ildə gəlişi ilə insanlara xoş əhval-ruhiyyə bəxş edən, uşaqların arzularını reallaşdıran Santa Klaus obrazının XIX əsrin əvvəllərində yarandığını bilirdinizmi? 1823-cü ildə Kolumbiya Universitetində Şərq və yunan ədəbiyyatı müəllimi Klement Klark Mur İsa Məsihin doğum günü olan Milad bayramı ərəfəsində yazdığı “Milad bayramı ərəfəsidir və ya Santa Klausun gəlişi” adlı mənzum nağılı həyat yoldaşı və uşaqlarına oxudu. Bununla da Santa Klaus obrazı formalaşmağa başladı. Müəllif Santa Klausu mehriban, qayğıkeş varlıq kimi təsvir edirdi. Onun təsəvvüründə Santa Klaus səkkiz maralın qoşulduğu kirşə ilə gəlir, evlərə bacadan girir, uşaqlara hədiyyə paylayırdı. Nədənsə, Mur yaratdığı bu obraz barədə olan əsərini nəşr etdirməyə tələsmirdi. Lakin dostlarından biri onun bu əsərini müəllifdən xəbərsiz "Sentinel" qəzetinə apardı. Bununla da həmin obraz haqqında daha çox insan xəbərdar oldu. Əsərin populyarlıq qazanmasının nəticəsidir ki, 1844-cü ildə əsər təkrar nəşr edildi. 
Maraqlıdır ki, Santa Klausun obrazını ilk dəfə 1862-ci ildə karikaturaçı rəssam Tomas Nast çəkib. O, 24 il ərzində Santa Klausu "Harper's Weekly" jurnalının üz qabığı üçün çəkib. Rəssam Klausu Şimal qütbündə təsvir etmişdi. Gərgin zəhmət nəticəsində meydana gəlmiş bu şəkil qısa müddət ərzində populyarlıq qazanır. Hətta vətəndaş müharibəsi dövründə ABŞ Prezidenti Abraham Linkoln Nastdan xahiş etmişdi ki, Santa Klausu şimallılarla birgə çəksin.
Tomas Nast daha sonra uşaqlar üçün Santa Klausun həyatından sevindirici və şən məqamları təsvir edən şəkillər çəkməyə başlayır və bu şəkillər “Harper Weekly” jurnalı və digər nəşrlərdə işıq üzü görür. 
1885-ci ildə naşir Luis Pranq Santa Klausun imicində dəyişiklik edir və onu qırmızı kürkdə təsvir edir. Bununla da indi Şaxta babanın niyə qırmızı kürk geyindiyi aydın olur. Luis Prank, həmçinin ABŞ-a rəngli litoqrafiya texnikası ilə ərsəyə gələn Milad təbrik açıqcaları ənənəsini gətirmiş oldu. Bununla da artıq Santa Klaus qırmızı kürkdə tanınmağa başladı.

Müasir Şaxta baba “Coca-Cola”nın reklamında 

1930-cu ildə “Koka Kola” şirkəti reklamda Santa Klaus obrazından istifadə etdi, bu reklamda Çikaqodan olan rəssam Xeddon Sandblom Santa Klausu “Coca-Cola”nın qırmızı-ağ rənglərinin harmoniyasında təsvir edib. Bununla da müasir Santa Klausın obrazı meydana gəlib. Əgər ilkin obrazda Santa Klaus cırtdan boylu təsvir olunurdusa, müasir obrazda “Koka Kola”nın reklamında tamaşaçılar nəhəng Şaxta baba ilə tanış oldular. Maraqlıdır ki, Sandblom Santa Klausun obrazını yaradarkən prototip kimi dostu və qonşusu Lu Prentisin görüntüsündən istifadə edib.
Başqa bir fakt. Bəzən provoslav xristianlarının müqəddəs saydığı şəxslərdən biri olan IV əsrdə yaşamış ruhani Müqəddəs Nikolay Çudotvoretsin bir sıra cəhətlərini Şaxta baba ilə eyniləşdirirlər. Belə ki, daim kasıblara yardımı ilə tanınan yepiskop bu xeyirxahlığı həmişə gizli edərmiş. O, hədiyyələri pəncərə önünə qoyarmış. Katolik inancına görə, bir dəfə evin bütün pəncərələri bağlı olur və o, pulu boruya qoymalı olur. Əfsanəyə görə, qızıl qəpiklər qurumaq üçün sobaya asılmış corabların içinə düşür. Elə o vaxtdan katolik inanclı insanlar Milad və Yeni il hədiyyələrini odun peçinin yanında asılmış corabın içinə qoyurlar. 

Sovet dövründə 

1920-ci ildən başlayaraq sovet dövründə cərəyan etmiş din əleyhinə olan təbliğat kampaniyası nəticəsində Yeni il küknar ağacı, Şaxta baba və Milad bayramı kimi anlayışları qadağan olundu, bütün bunlar xalqı aldatmaq, zərərli anlayış kimi qəbul edilirdi. Lakin bu mübarizə və qadağalar çox da davam etmədi. Yeni ilin rəmzi olan “yolka” bir müddət sonra XX əsrin 30-cu illərində Kremldə də quraşdırılmağa başlandı.
 Bundan sonra Şaxta baba personajı daha populyarlaşdı və onu uşaq bağçalarına, məktəblərə və eləcə də, evlərə dəvət etməyə başladılar. 1937-ci il yanvarın 1-ində SSRİ-də ilk dəfə Şaxta babanın yanında onun nəvəsi Qar qız görünməyə başlandı. 

Şaxta babanın vətəni – Laplandiya

Bu gün Finlandiyanın şimal əyaləti olan Laplandiya başda olmaqla, Şaxta babanın bir sıra ölkələrdə iqamətgahları var. Belə ki, Rusiyada bununla bağlı bir sıra layihələr həyata keçirilib. 1991-ci ilin əvvəllərində “Şaxta babanın evi” və “Şaxta babanın poçtu” yaradılıb. 1995-ci ildə Kola yarımadasında yerləşən Laplandiya qoruğunda “Əfsanəvi Laplandiya – Şaxta babanın mülkiyyəti” layihəsi başlanıb. Bu layihəyə əsasən Şaxta babanın iqamətgahı Çunozerskdə yaradılıb. 
Belarusda da Şaxta babanın rəsmi iqamətgahı var. İlk dəfə olaraq 2003-cü il dekabrın 25-də “Belovejskaya puşa” milli parkının ərazisində Şaxta baba və Qar qız qonaqları salamlayıblar. Elə o vaxtdan təkcə Yeni ildə deyil, ilboyu qonaqları qarşılayır. Maraqlıdır ki, Belarusda ilk rəsmi Şaxta baba sözügedən milli parkın direktor müavini Vyaçeslav Semakov olub. Daha sonra o, ikillik karyerası barədə “Mən necə Şaxta baba oldum” və “Şaxta baba və onun kökü “ kitablarını yazıb.
Ukraynaya Yeni ili qarşılamaq üçün gələn turistlər Şaxta babanı 2004-cü ildən İvano-Frankovsk vilayətinin Pistın kəndində yaradılmış iqamətgahda görə bilərlər.
Şaxta babanın vətəni hesab edilən Laplandiyada Rovaniemi şəhərindən doqquz kilometr uzaqlıqda salınmış Santa Klaus kəndi Yeni ildə ən çox ziyarət edilən və turistlərin marağına səbəb olan əyləncəli məkanlardan biridir. Məhz Santa Klaus kəndi öz sehrli və mistik ab-havası ilə yanaşı, həm də turistlərə zəngin əyləncə xidmətləri təklif edir. Buraya gələn hər bir turist özünü sanki nağıllar aləmində hiss edir. 

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

3 2019 20:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə