Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizə, xalqımıza bol qələbə sevinci arzulayıram!

Ölkəmizə, xalqımıza bol qələbə sevinci arzulayıram!

Yenicə vidalaşdığımız 2018-ci il Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü Eldəniz Əzizlı üçün qələbələrlə zəngin, deməli , çox əlamətdar bir il olmuşdur. İstedadlı güləşçi ilin birinci yarısında Rusiyanın Kaspiysk şəhərində keçirilmiş Avropa çempionatında, oktyabr ayında isə Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatında 55 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etmişdir.
Həqiqətən, çox böyük nailiyyətdir və onunla fəxr etmək, qürur duymaq olar. Eldəniz Əzizli “klassik” güləş kimi bütün dünyada çox geniş yayılmış idman növündə bir ildə iki zirvə fəth etmiş, əvvəlcə Avropada, sonra isə dünyada öz çəki dərəcəsində onun tayı-bərabəri olmamışdır. Məhz buna görə də 2018-ci ildə ölkəmizin ən yaxşı on idmançısını müəyyənləşdirmiş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi mütəxəssislərinin tərtib etdikləri siyahıda onun adı ən yüksəkdə – birinci pillədədir.
Biz də öz növbəmizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə idman ictimaiyyətimiz adından söz deməyi dünya və Avropa çempionumuzdan xahiş etdik.
– Mən 2019-cu ildə də xalqımıza, bütün Azərbaycana ən azı 2018-ci ildəki kimi böyük uğurlar arzulayıram. Əmin-amanlıq şəraitində yaşayıb- yaradan Azərbaycan xalqı ötən il də irəliyə doğru çox inamlı addımlar atmış, bir sıra mühüm tarixi hadisələri , xüsusən də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənə ilə qeyd etmişdir.
Mənim Avropa və dünya çempionatlarında qazandığım qızıl medallar Azərbaycanda dövlətin, şəxsən cənab Prezident İlham Əliyevin həyatın bütün sahələri kimi , idmana da göstərdiyi böyük qayğı və daimi diqqətin nəticəsidir. Biz idmançılar da öz növbəmizdə bu qayğıya cavab olaraq bütün yarışlarda ölkəmizi layiqincə təmsil etməyi özümüzə borc bilirik.
Yeni, 2019-cu il olimpiyaqabağı ildir. İndi bütün məşqlərimiz 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlığa yönələcək. Yeni ildə bizi lisenziya xarakterli dünya çempionatı gözləyir. Komandamız bu yarışda Olimpiadaya mümkün qədər çox vəsiqə qazanmağa çalışacaq. Oyunlara nə qədər tez lisenziya qazansaq,Tokio sınaqlarına hazırlıq üçün bir o qədər çox vaxtımız olacaq. Biz Yaponiyada Olimpiya Oyunlarında Azərbaycanı ən yaxşı şəkildə təmsil etmək əzmindəyik və ümid edirəm ki, bunu bacaracağıq. 
Mən bir daha qəzetiniz vasitəsilə Azərbaycan xalqını, bütün idman ictimaiyyətimizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrık edir, bol qələbə sevinci arzulayıram.

 

“Xalq qəzeti”

3 2019 20:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə