Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Globus Travel” – Azərbaycanla dünya arasında körpü

“Globus Travel” – Azərbaycanla dünya arasında körpü

Turizm bu gün Azərbaycanın qeyri-neft sektorunda aparıcı sahələrdən biridir. Dövlətimiz bu sahənin inkişafını iqtisadiyyatımızın prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlayır. Söz yox ki, bu inkişafda özəl turizm şirkətlərinin xüsusi rolu var. Onlardan biri də böyük iş təcrübəsinə malik, fəaliyyətini müasir səviyyədə quran “Globus Travel” şirkətidir. Müsahibimiz şirkətin baş direktoru Eldəniz Səfərlidir.
– Eldəniz müəllim, gəlin söhbətimizə Azərbaycanda turizmin müasir durumundan başlayaq.
– Azərbaycan son illərdə turizmin sürətlə inkişaf etdiyi ölkələrdən birinə çevrilib. Bu tendensiyanın ildən- ilə artmasının ən mühüm səbəbi ölkəmizin füsunkar təbiətə malik olması, tarixi-mədəni abidələrlə zənginliyidir. Digər tərəfdən, bu sahənin inkişafına güclü dövlət dəstəyi var. Turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb. Ölkəmizdə turizm sektorunun inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçımızın səyləri nəticəsində Azərbaycan dünyanın cəlbedici turizm məkanlarından birinə çevrilib.
 Bu gün Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Respublikamızda turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün Azərbaycanda turizmin İnkişaf Strategiyası hazırlanıb. Azərbaycan Turizm Assosiasiyası, Konqreslər Bürosu, Sağlamlıq və Termal Turizm Assosiasiyası, Yaşıl Kənd Turizm Assosiasiyası və digər qurumlar ölkəmizdə turizmin inkişafında mühüm rol oynayırlar. Paytaxt Bakı da daxil olmaqla, ölkəmizin əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün hər cür imkan var. Respublikamızda turizmin İnkişaf Strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub.
– Turizmin idarəçilik sistemindəki yeniliklər barədə nələri demək istərdiniz?
– Bu, çox mühüm məsələdir. Prezidentin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılmışdır. Ayrıca Dövlət Turizm Agentliyinin fəaliyyətə başlamasının bu sahənin inkişafının stimullaşmasına imkan yaradacağı şübhəsizdir. Bu qurumun gələcək fəaliyyəti ölkədə turizmin bütün növlərinin davamlı inkişafını təmin etməlidir. Eyni zamanda, özəl sektorda da əsaslı yeniliklər olacağı gözləniləndir. 
Prezident İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş Strateji Yol Xəritəsi özündə 2020-ci ilədək iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir.
“Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək”. Bu fikirlər də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hesab edir ki Strateji Yol Xəritəsi Azərbaycan Respublikasının cəlbedici turizm məkanı kimi qabaqcıl mövqe tutmasına imkan yaradacaq və ölkəmizdə turizm xidmətləri üzrə keyfiyyətin yüksəldilməsinə gətirib çıxaracaqdır.
Bu sənəd turizm sektorunun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksək keyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin göstərilməsinə nail olunması, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, investisiya layihələrinin cəlb edilməsi və turizmin inkişafı ilə əlaqədar aidiyyəti orqanların qarşılıqlı koordinasiyası kimi tədbirləri özündə əks etdirir.
– Sənəddə özəl şirkətlərin fəaliyyəti ilə bağlı da məsələlər yer almışdır. Ümumiyyətlə, yaxşı olardı ki, öz şirkətiniz barədə də məlumat verərdiniz.
– Bizim şirkət 2002-ci ildə Tovuz rayonunda yaradılmışdır və 16 il ərzində böyük inkişaf yolu keçmişdir. Bütün bu illər ərzində çoxsaylı turizm nailiyyətlərinə imza atmışıq. Bundan əlavə ölkədə olan azsaylı şirkətlərdən biriyik ki, turizm sektorunun bütün sahələrində fəaliyyət göstəririk. Bu sahələrdən bəziləri – daxili turizm, xarici turizm, B2B satış platforması, hava yolu nümayəndəliyi, gəlmə turizm və MİCE-ni nümunə kimi göstərə bilərik. “Globus Travel” Beynəlxaq Hava Nəqliyyatı Assosiasiyasının və Azərbaycan Turizm Assosiasiyasının üzvüdür. 
 Hazırda Azərbaycanda 6 rəsmi ofisimiz fəaliyyət göstərir. Gəncə və Bakı şəhərlərinin hər birində 2, Şəmkir və Tovuz rayonlarında isə 1 ofisimiz var. Biz bununla müştərilərimizə maksimum yaxın olmağa çalışırıq. Əməkdaşlarımız yüksək təlim görmüş professional turizm menecerləridir və istənilən müştərinin səyahət ehtiyaclarına uyğun təklifləri təqdim etməyə hazırdır.
Geniş B2B şəbəkəmiz olduğuna görə, daim çağrı mərkəzimiz və satış platformamız ilə subagent və korporativ şirkətlərə də turizm xidmətləri təqdim edə bilirik. Ümumiyyətlə, müasir dövrdə istənilən sektorda yüksək səmərəliliyi təmin etmək üçün texniki innovasiyaların tətbiqi zəruridir. Turizm sektoru da istisna deyil. Rəsmi ölkə nümayəndəsi olduğumuz IATI online B2B satış sistemi vasitəsilə subagentlərlə iş proseslərimizin böyük bir qismini texnoloji müstəviyə gətirməyə nail olmuşuq. Bu sistem vasitəsilə subagentlər online şəkildə aviabilet, otel, transfer, tur, kirayə evlər, tibbi turizm, viza dəstəyi, qatar və avtobus biletləri daxil olmaqla çoxsaylı turizm xidmətlərini yerdə və istənilən vaxtda ala bilirlər.
 Texnoloji innovasiyalar təkcə xidmətlərin alışı və satışını həyata keçirmək üçün yox, eyni zamanda, bu satışlara sistemdaxili mühasibatlıq vasitəsilə nəzarət edə, hesabatları detalları ilə izləyə bilirlər. Sözsüz ki, bu tip sistemlərdə administrativ panelin mövcudluğu önəmli şərtdir və biz də bunu maksimum asan idarə edə bilən interfeys üzərində yaratmağı bacarmışıq.
 Əlbəttə ki, texnologiya üzərində qurulan bir mexanizm daim yeniliklər və innovasiyaların tətbiqi olmadan inkişaf edə bilməz. Bunun üçün biz daim məhsul seçimlərimizi və inteqrasiyalarımızı artırır və istifadəni maksimum asanlaşdırmağa çalışırıq.

Müsahibəni qələmə aldı:
 M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

 

16 2018 21:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə