Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qətər Türkiyə iqtisadiyyatına 15 milyard dollar sərmayə yatıracaq

Qətər Türkiyə iqtisadiyyatına 15 milyard dollar sərmayə yatıracaq

Dünən Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Təmim bin Həməd Al Tani arasında keçirilən görüşdə ikitərəfli əlaqələr və regiondakı mövcud vəziyyət müzakirə olunub. Bu barədə Türkiyənin dövlət başçısının mətbuat xidmətinə istinadən “Anadolu” agentliyi məlumat yayıb. 
Türkiyə və Qətər liderləri iki ölkə arasında hərtərəfli münasibətləri inkişaf etdirəcəklərini vurğulayıblar. Qətər Əmiri ölkəsinin ən yaxın müddət ərzində Türkiyə iqtisadiyyatına 15 milyard  dollar sərmayə yatırmaq planı barədə bəyanat verib. 
Məlumatda, həmçinin qeyd olunur ki, sözügedən görüşdə Türkiyənin xəzinədarlıq və maliyyə naziri Berat Albayrak və Qətərin maliyyə naziri Əli-Şərif əl-İmadi də iştirak ediblər.  
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın dünən öz “twitter” səhifəsində rəsmi Dohanın Türkiyə  iqtisadiyyatına 15 milyard dollar sərmayə yatırması ilə bağlı məlumatı şərh edərək yazıb ki, Türkiyə iqtisadiyyatı möhkəm və etibarlı bünövrə üzərində qurulub və milli valyuta – lirəyə xarici təzyiqlərə baxmayaraq, bu prosesdən daha da güclü çıxacaq.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əhaliyə çağırışından sonra bir sıra tikinti, elektron və digər şirkətlər Birləşmiş Ştatlardan idxal olunan məhsulları satmaq və istifadə etməkdən imtina ediblər. Ankara ABŞ-dan idxal edilən spirtli içkilər və nəqliyyat vasitələrinə də əlavə vergilər tətbiq edib. 
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”  

16 2018 21:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə