Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pxenyan Seulu sanksiyalara dəstək verməməyə çağırıb

Pxenyan Seulu sanksiyalara dəstək verməməyə çağırıb

TASS informasiya agentliyinin yaydığı məlumata görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyanı ABŞ-ın Pxenyana qarşı sanksiyalarına dəstək verməməyə çağırıb. KXDR tərəfi qeyd edib ki, Seulun  Qərbin sanksiyalarına dəstək verməsi koreyalararası münasibətləri korlaya bilər.
Mənbə qeyd edir ki, bu fikir “Rodong Sinmun” qəzetində dərc olunan məqalədə öz əksini tapıb. Məqalədə qeyd edilir ki, əgər Cənubi Koreya koreyalararası əməkdaşlığa əngəl törətməyə çalışan xarici qüvvələrin sanksiyalarına və digər təzyiqlərə kor-koranə qoşulsa, bu Pxenyanın Seulla münasibətlərini inkişaf etdirməsinə və “Panmuncom” razılaşmasının dayandırılmasına səbəb ola bilər.
Məqalədə o da vurğulanır ki, Seul və Pxenyan arasında münasibətlərin nizamlanması üçün milli suverenlik prinsipinə tam əməl olunmalı və digər ölkələrin hər iki dövlətin daxili işlərinə müdaxiləsindən imtina edilməlidir. 
“Rodong Sinmun” nəşrində dərc olunan məqalədə belə bir fikir də vurğulanıb:  “Hazırda ABŞ Cənub və Şimal arasında əməkdaşlığa və mübadiləyə, həmçinin barışıq və birləşmə prosesinə mane olmaq üçün Cənubi Koreya hökumətinə, müəssisələrə və özəl təşkilatlara təzyiqlər göstərir”.
Bu arada Cənubi Koreya Respublikasının Prezidenti Mun Ce-in xalqa müraciətində KXDR-lə münasibətlərin inkişafından danışıb. O qeyd edib ki, münasibətlərin  bərpası qarşıdakı 30 ildə ölkə iqtisadiyyatına 150 milyard dollar gəlir gətirə bilər. Cənubi Koreya lideri, həmçinin vurğulayıb ki, birbaşa iqtisadi əlaqələr yalnız Koreya yarımadasının tam nüvəsizləşdirilməsindən sonra baş tuta bilər.
Xatırladaq ki, aprelin 27-də Panmuncom sərhədyanı məntəqəsində Cənubi və Şimali Koreya dövlətlərinin liderlərinin ilk görüşü keçirilmişdi. Həmin görüşdə tərəflər arasında Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılıq əldə olunmuşdu. 
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

 

16 2018 21:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə