Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmişlidə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər verilib

İmişlidə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən İmişli rayonunda inşa etdirilmiş 6 mərtəbəli 54 mənzilli yaşayış evi şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Yeni mənzillərin sənədlərinin təqdim olunması mərasimində ƏƏSMN Aparatının rəhbəri Hidayət Abdullayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə mühüm tarixi nailiyyətlər qazandıran uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahının yüksəldilməsi prinsipi dayanır. O, sosial cəhətdən həssas əhali qruplarına daim qayğı ilə yanaşıldığını qeyd edərək, mühüm proqramların uğurla davam etdirildiyini və daha da gücləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, belə sosial proqramlardan biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təminatına xidmət edir.

Şəhid ailələrinin müasir tələblərə uyğun yeni mənzillərlə təminatı sahəsində nazirlik tərəfindən cari ildə görülən işləri qeyd edən H.Abdullayev bildirib ki, dövlət başçısının  şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı bu kateqoriyalardan olan insanların mənzillə təminatı proqramının yüksək səviyyədə yerinə yetirilməsinə səbəb olub. Azərbaycan Prezidentinin sərəncamına əsasən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün cari ildə əlavə olaraq ən azı 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə ƏƏSMN tərəfindən nəzərdə tutulduğundan 3 dəfə çox, yəni 626 mənzilin həmin insanların istifadəsinə verilməsinə səbəb olub.

Yeni mənzillərlə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət qayğısına, Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni il bayramı ərəfəsində onlara yeni mənzillərlə sevindirdiyinə görə dövlət başçısına  minnətdarlıqlarını bildiriblər.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

29 Dekabr 2018 11:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə