Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanına əsasən qərara alıram:
1. “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi milli məkan məlumatlarının formalaşdırılmasının, daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin, o cümlədən metaməlumatların formalaşdırılmasının təmin edilməsi məqsədilə “Milli Məkan Məlumatları” informasiya sistemini yaratsın və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün zəruri tədbirlər görsün.
3. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər:
3.1. milli məkan məlumatlarını bu Fərmanla təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası qaydalarına” və standartlara müvafiq olaraq elektron qaydada formalaşdırılmasını təmin etsinlər;
3.2. milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi məqsədilə sahibi və ya operatoru olduqları dövlət informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təşkil etsinlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. milli məkan məlumatlarının siyahısını və təsnifatını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin; 
4.2. milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin; 
4.3. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamənin layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.4. milli məkan məlumatlarının formalaşdırılması ilə bağlı standartların hazırlanması üçün zəruri tədbirlər görsün;
4.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmanın 4.1-ci bəndinə əsasən müəyyən edilən milli məkan məlumatlarının ilkin mənbəyini və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən etsin. 
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2018-ci il

 

28 Dekabr 2018 23:55 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə