Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN QƏRARI
№ 568    Bakı şəhəri, 27 dekabr 2018-ci il
“Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların nisbətini müəyyənləşdirən bölünmə planının razılaşdırılması Qaydası”nın təsdiq edilməsi barədə
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1807 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər ­Kabineti QƏRARA ALIR:
1. “Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların nisbətini müəyyənləşdirən bölünmə planının razılaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.  
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 dekabr tarixli 568 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların nisbətini müəyyənləşdirən bölünmə planının razılaşdırılması

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. “Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların nisbətini müəyyənləşdirən bölünmə planının razılaşdırılması Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda tikintisi başa çatmayan binanın (bundan sonra – bina) yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların (bundan sonra – pay) nisbətini müəyyənləşdirən bölünmə planının (bundan sonra – bölünmə planı) hazırlanmasını, razılaşdırılmasını və notarius tərəfindən təsdiq edilməsini tənzimləyir.

1.3. Bu Qaydada  istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. binanın yerləşdiyi torpaq sahəsi – bölünmə planı əsasında paylara bölünməsi nəzərdə tutulan torpaq sahəsi;

1.3.2. tikintiyə icazə verən orqan (qurum) - Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən, tikinti obyektlərinin tikintisinə icazə verən orqan və qurumlar;

1.3.3. layihəçi - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.43-cü maddəsində göstərilən şəxs.

1.4. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89.1.6-cı və 89.1.7-ci maddələrində nəzərdə tutulan layihələr üzrə tərkib hissələrdən ibarət tikinti obyektlərinin tikintisinə şamil olunmur.

 

 

 

2. Bölünmə planının hazırlanması

 

2.1. Bölünmə planı tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri əsasında torpaq sahəsinin mülkiyyətçisi (bundan sonra – mülkiyyətçi) tərəfindən hazırlanır. Mülkiyyətçi bölünmə planının hazırlanmasını layihəçiyə sifariş verə bilər.

2.2. Bölünmə planının hazırlanması üçün binanın və onun tərkib hissələrinin sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən müəyyən edilir.

2.3. Bölünmə planında aşağıdakılar əks olunmalıdır:

2.3.1. mülkiyyətçi haqqında məlumat:

2.3.1.1. fiziki şəxs olduqda - soyadı, adı, atasının adı;

2.3.1.2. hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

2.3.1.3. dövlət olduqda - binanın sifarişçisi olan dövlət qurumunun adı;

2.3.1.4. bələdiyyə olduqda - binanın sifarişçisi olan bələdiyyənin adı;

2.3.2. binanın yerləşdiyi torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışın reyestr nömrəsi;

2.3.3. tikintiyə icazənin tarixi və nömrəsi;

2.3.4.     binanın ümumi sahəsi;

2.3.5. binanın ümumi mülkiyyətdə olan sahəsi;

2.3.6. binanın yerləşdiyi torpaq sahəsinin ölçüləri (kvadratmetrlə), habelə sərhədlərinin döngə nöqtələrinın sayı və onların hər birinin koordinatları;

2.3.7. tikinti sahəsinin və tikinti ərazisinin kvadratmetrlə ölçüsü;

2.3.8. binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu paylar barədə:

2.3.8.1. payların sayı (payların sayı binanın tərkib hissələrinin sayı ilə eynilik təşkil etməlidir);

2.3.8.2. payların nömrəsi;

2.3.8.3. hər bir paya bağlı olan tərkib hissə;

2.3.8.4. hər bir payın binanın yerləşdiyi torpaq sahəsində və binadakı bütün tərkib hissələrin cəmi sahəsinə faizlə müəyyən edilən nisbəti (hər iki halda faizlə müəyyən edilən nisbət eynilik təşkil etməlidir);

2.3.9. binanın mərtəbələri barədə:

2.3.9.1. mərtəbələrinin sayı;

2.3.9.2. yerüstü mərtəbələrin sayı;

2.3.9.3. yeraltı mərtəbələrin sayı;

2.3.9.4. yerüstü mərtəbələrin bölündüyü tərkib hissələrin sayı;

2.3.9.5. yeraltı mərtəbələrin bölündüyü tərkib hissələrin sayı;

2.3.9.6. hər bir mərtəbədə yerləşən tərkib hissələrin nömrələri və mövqeyi;

2.3.10. binanın tərkib hissələri barədə:

2.3.10.1. tərkib hissələrin sayı;

2.3.10.2. hər bir tərkib hissənin ayrı-ayrılıqda sahəsi, nömrəsi, mərtəbəsi və mərtəbədə mövqeyi;

2.3.10.3. tərkib hissələrin cəmi sahəsi;

2.3.10.4. yaşayış sahələrinin sayı və cəmi sahəsi;

2.3.10.5. qeyri-yaşayış sahələrinin sayı və cəmi sahəsi;

2.3.11. binanın yerləşdiyi torpaq sahəsinin qrafiki təsviri;

2.3.12. bölünmə planının tərtib olunma tarixi;

2.3.13. bölünmə planının razılaşdırılması və təsdiq edilməsi ilə bağlı qeydlərin aparılması üçün nəzərdə tutulan müvafiq hissə (yer).

2.4. Bölünmə planının hər bir səhifəsi mülkiyyətçi tərəfindən təsdiqlənməlidir. Bölünmə planı mülkiyyətçi fiziki şəxs olduqda – fiziki şəxsin imzası ilə, hüquqi şəxs olduqda – hüquqi şəxsin rəhbərinin imzası və hüquqi şəxsin möhürü ilə, dövlət olduqda – dövlət orqanının (qurumunun) rəhbərinin (onun həvalə etdiyi vəzifəli şəxsin) imzası və dövlət orqanının (qurumunun) möhürü ilə, bələdiyyə olduqda isə bələdiyyə sədri və bələdiyyənin möhürü ilə təsdiqlənir.

2.5. Bölünmə planını layihəçi hazırladığı halda, eyni zamanda layihəçi tərəfindən də təsdiqlənməlidir. Bölünmə planının hər bir səhifəsini layihəçi fiziki şəxs olduqda imzası ilə, hüquqi şəxs olduqda isə hüquqi şəxsin rəhbərinin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edir.

 

3. Bölünmə planının tikintiyə icazə verən orqanla (qurumla)

razılaşdırılmasının prosedur qaydaları

 

3.1. Mülkiyyətçi bölünmə planının razılaşdırılması üçün tikintiyə icazə verən orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada bilavasitə və ya bölünmə planını təsdiq edəcək notarius vasitəsilə ərizə təqdim edir.

3.2. Ərizə mülkiyyətçi tərəfindən tikintiyə icazə verən orqana (quruma) şəxsən verildikdə – verildiyi gün, poçt rabitəsi, yaxud notarius vasitəsilə göndərildikdə isə poçta, yaxud notariusa təqdim edildiyi gündən 5 (beş) iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.

3.3. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

3.3.1. mülkiyyətçi fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, hüquqi şəxs olduqda – hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

3.3.2. ərizədə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyətçinin mülkiyyət hüququnu təsdiq edən sənədin surəti;

3.3.3. bu Qaydanın 2.3-cü bəndinə uyğun tərtib olunmuş bölünmə planı;

3.3.4. tikintiyə icazənin surəti.

3.4. Ərizə tikintiyə icazə verən orqan (qurum) tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir, qeydiyyata alınır və ərizənin qəbul edildiyi gündən ən geci 2 (iki) iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verilir və ya göndərilir. Ərizəçiyə verilən və ya göndərilən arayışa həmçinin hər bir səhifəsinə tikintiyə icazə verən orqan (qurum) tərəfindən müvafiq ştamp vurulmuş bölünmə planının da bir nüsxəsi əlavə olunur.

3.5. Tikintiyə icazə verən orqan (qurum) mülkiyyətçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 3.1-ci və 3.3-cü bəndlərinin tələblərinə, bölünmə planının isə bu Qaydanın 2.3-cü bəndinin tələblərinə və binanın tikinti layihəsinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və razılaşdırılmadan imtinaya səbəb olmayan çatışmazlıqlar, o cümlədən müvafiq payla həmin paya bağlı olan müvafiq tərkib hissənin sahəsi arasındakı nisbətin düzgün müəyyənləşdirilmədiyi aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 10 (on) iş günündən gec olmayaraq, tikintiyə icazə verən orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı mülkiyyətçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda mülkiyyətçiyə bildirilməlidir.

3.6. Mülkiyyətçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 5 (beş) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman müraciətlə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət razılaşdırılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə mülkiyyətçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

3.7. Mülkiyyətçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 3.6-cı bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, tikintiyə icazə verən orqan (qurum) ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində mülkiyyətçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

3.8. Mülkiyyətçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar ərizə ilə tikintiyə icazə verən orqana (quruma) müraciət edə bilər.

3.9. Tikintiyə icazə verən orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 20 (iyirmi) iş günündən gec olmayaraq, bölünmə planının razılaşdırılması və ya razılaşdırılmasından imtina haqqında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun VI fəslinə uyğun olaraq inzibati akt qəbul edir.

3.10. Tikintiyə icazə verən orqan (qurum) bölünmə planının razılaşdırılması haqqında inzibati akt qəbul etdikdə, bu Qaydanın 2.3.12-ci yarımbəndinə uyğun olaraq bölünmə planının müvafiq hissəsində tikintiyə icazə verən orqanın (qurumun) adı, möhürü, vəzifəli şəxsin soyadı, adı, atasının adı və imzası göstərilməklə müvafiq qeyd aparır.

3.11. Bölünmə planının razılaşdırılmasından aşağıdakı hallarda imtina edilir:

3.11.1. bölünmə planında yaşayış sahəsi kimi nəzərdə tutulan tərkib hissəsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahələri üçün müəyyən edilən tələblərə uyğun olmadıqda; 

3.11.2. bölünmə planında qeyri-yaşayış sahəsi kimi müəyyən edilən tərkib hissəsinə binanın ümumi istifadədə olan sahələrindən və ya yerləşdiyi torpaq sahəsindən birbaşa daxil olmaq imkanı nəzərdə tutulmadıqda.

3.12. Bölünmə planının razılaşdırılmasından imtina haqqında inzibati akt tikintiyə icazə verən orqanın (qurumun) rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində mülkiyyətçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3.13. Bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulan müddət ərzində münasibət bildirilmədiyi təqdirdə, təqdim edilmiş bölünmə planı razılaşdırılmış hesab edilir. Həmin bənddə nəzərdə tutulan müddətin başa çatmasından 5 (beş) iş günü keçdikdən sonra mülkiyyətçi bu Qaydanın 3.4-cü bəndinə əsasən verilən və ya göndərilən arayışı hər bir səhifəsinə müvafiq ştamp vurulmuş bölünmə planı ilə birlikdə notariusa təqdim etməklə, bölünmə planının təsdiq edilməsini tələb edə bilər.   

3.14. Bu Qaydanın 3.9-cu bəndinə uyğun olaraq bölünmə planının razılaşdırılması bölünmə planının bir nüsxəsi tikintiyə icazə verən orqanda (qurumda) saxlanılması, bir nüsxəsinin mülkiyyətçiyə verilməsi və iki nüsxəsinin notariusa təqdim edilməsi üçün 4 (dörd) nüsxədə tərtib edilərək həyata keçirilir.

 

4. Bölünmə planının tikintiyə icazə verilməsi zamanı razılaşdırılması

 

4.1. Mülkiyyətçi tikintiyə icazə almaq üçün tikintiyə icazə verən orqana (quruma) etdiyi müraciətində eyni zamanda bölünmə planının razılaşdırılmasını da tələb edə bilər.

4.2. Bu Qaydanın 4.1-ci bəndində göstərilən halda mülkiyyətçi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq təqdim etdiyi müraciətə, bu Qaydanın 2-ci hissəsinə əsasən hazırladığı bölünmə planını (bu Qaydanın 2.3.3-cü yarımbəndində nəzərdə tutulan məlumat göstərilmədən) əlavə edir.

4.3. Bu hissənin tələblərinin məqsədləri üçün tikintiyə icazə verən orqan (qurum) bölünmə planının razılaşdırılmasını Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintiyə icazə verilməsinin prosedur qaydaları çərçivəsində bu Qaydaya uyğun olaraq həyata keçirir və tikintiyə icazə bölünmə planının razılaşdırılması haqqında inzibati akt hesab olunur. Tikintiyə icazə verən orqan (qurum) bir nüsxəsini tikintiyə icazəyə əlavə edilməsi şərtilə, bu Qaydanın 3.14-cü bəndinə uyğun olaraq bölünmə planının razılaşdırılmasını 4 (dörd) nüsxədə tərtib edərək həyata keçirir.

 

5. Bölünmə planının notarius tərəfindən təsdiq edilməsi

 

5.1. Tikintiyə icazə verən orqanla (qurumla) razılaşdırıldıqdan sonra, mülkiyyətçinin müraciəti əsasında notarius tərəfindən bölünmə planı üç nüsxədə - iki nüsxəsi notariusda, bir nüsxəsi  mülkiyyətçidə qalması məqsədi ilə tərtib edilərək təsdiq edilir.

5.2. Notarius təsdiq etdiyi bölünmə planını dərhal elektron informasiya sistemləri vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə və Tikintilərin Dövlət Reyestrinə, 2 (iki) iş günü müddətində isə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərir.

5.3. Bölünmə planının təsdiq edilməsi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

5.4. Mülkiyyətçi tərəfindən tərtib edilən bölünmə planı bu Qaydaya uyğun təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan paylarının hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.

5.5. Daşınmaz əmlakın dövlət reyestri daşınmaz əmlakın dövlət reyestrində bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə məlumatı qeydiyyatın aparıldığı gündən 3 (üç) iş günü müddətində Tikintilərin Dövlət Reyestrinə və bölünmə planını təsdiq etmiş müvafiq notariusa təqdim edir.

5.6. Tikintilərin Dövlət Reyestrinə bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq təqdim olunan bölünmə planı və 5.5-ci bəndinə uyğun olaraq təqdim olunan məlumat 3 (üç) iş günü müddətində Reyestrin internet səhifəsində yerləşdirilməlidir. 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin