Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lerik: Uğur uğur gətirir

Lerik: Uğur uğur gətirir
Azərbaycanın dağlar qoynunda qərar tutmuş dilbər guşələrindən biri də Lerikdir. Son illərdə ardıcıl olaraq həyata keçirilən abadlıq-quruculuq tədbirləri sayəsində bu gözəl diyar daha da sürətlə inkişaf edib. İlin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş toplantıda bu barədə ətraflı danışılıb. 
 
Şura iclasını giriş nitqi ilə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov açıb. O bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı ölkəmizin cari ilin ilk yarısında uğurla inkişaf etdiyini, nəzərdə tutulan tədbirlərin bütünlüklə yerinə yetirildiyini qeyd etmişdir. Ölkə rəhbəri son 15 il ərzində iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ikinci bir dövlətin olmadığını, hətta dünyanın böhrana məruz qaldığı illərdə belə respublikamızın öz iqtisadi gücünü qoruduğunu, sınaqlardan layiqincə çıxdığını diqqətə çatdırmışdır. 
Cənab Prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın daha da gücləndiyini və beynəlxalq əlaqələrimizin getdikcə genişləndiyini diqqətə çatdıran natiq qeyd edib ki, ölkə başçısı tərəfindən həyata keçirilən iqtisadi islahatlar Lerik rayonunun da inkişafına ciddi təsir göstərmişdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı, eləcə də ölkənin hərtərəfli inkişafına hesablanmış digər fərman və sərəncamlar bu dağlar diyarında da uğurla icra edilir. 
İlin əvvəlində havaların yağmurlu keçməsi səbəbindən və qış aylarında rayonda tikinti-abadlıq işlərinin aparılması xeyli çətinləşdiyindən, 2018-ci il üçün bu sahədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə əsasən aprel ayından başlanılmışdır. Şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı qazılmış küçə və meydanların asfaltlaşdırılması, şəhərdə mövcud olan fəvvarələr və kommunal binalarda təmir, xiyaban və parklarda dağılmış sahələrin bərpası, istinad divarlarının qurulması, işıqlandırma sisteminin yenilənməsi işləri həyata keçirilir. 
Kənd təsərrüfatı sahəsində də qarşıya qoyulan vəzifələr uğurla icra edilir. Hazırda taxıl biçini kampaniyası davam etdirilir. Rayonda ətlik və südlük baxımından məhsuldarlığı yüksək olan mal-qara və davarın sayı çoxaldılır. Leriklilər ölkədə ərzaq bolluğu yaradılmasına layiqli töhfələr verirlər. 
Daha sonra rayon icra hakimiyyəti başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə ilə çıxış edib. 
Şura iclasında rayon kənd təsərrüfatı idarəsinin rəisi Mahmud Zahidov, təhsil şöbəsinin müdiri Zöhrab Salayev, elektrik şəbəkəsinin rəisi Namiq Quliyev və tarixçi Hüseynbala Əliyev çıxış edərək görülmüş işlər barədə məlumat verib və qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı mülahizələrini söyləyiblər.
Şura iclasına yekun vuran icra hakimiyyətinin başçısı Rövşən Bağırov qarşıya qoyulmuş vəzifələrlə bağlı aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib. Bildirib ki, sürətlə inkişaf edən Azərbaycan bu gün bütün dünyanın diqqət mərkəzindədir. Ölkəmizdə həyata keçirilən qlobal layihələr regional və beynəlxalq əməkdaşlığımızı möhkəmləndirir. Bu isə bəzi dairələrin maraqlarına uyğun gəlmir. Sabitlik adası olan qüdrətli Azərbaycanın uğurlarını həzm edə bilməyən erməni və ermənipərəst, antiazərbaycan qüvvələr zaman-zaman olduğu kimi, yenə də respublikamızda qarışıqlıq salmağa çalışırlar. Ancaq onlar unudurlar ki, Azərbaycan daha ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycan deyil. Ölkə iqtidarı istər daxildəki pozucu qüvvələrin, istərsə də xarici bədxahlarımızın hər cür məkrli niyyətlərinin qarşısını qətiyyətlə almağa qadirdir. Bu gün ölkəmizdəki xalq-iqtidar birliyini, hərtərəfli inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz. İyulun 10-da Gəncədə baş verən hadisələr də bir daha göstərdi ki, dövlətimiz və xalqımız heç vaxt bu cür pozuculuq cəhdlərinin reallaşmasına imkan verməz. Azərbaycanın müstəqilliyi əbədidir, dövlət idarəçiliyi etibarlı əllərdədir.
Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar və Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olunub.
 
Əli NƏCƏFXANLI,
 “Xalq qəzeti”nin
 bölgə müxbiri
31 2018 13:04 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə