Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tufanı bu dəfə Qənirə Paşayeva sevindirib

Tufanı bu dəfə Qənirə Paşayeva sevindirib

Xəbər vermişdik ki,  dekabrın əvvəllərində  Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov rayonun Dəmirçi kənd ümumi orta məktəbinə gəlmişdi.  T.Əkbərovun məktəbə  gəlişinin məqsədi, VII sinifin ən fəal şagirdi olan və “Şaxta Babaya məktub”la müraciət edən Əşrəfov Tufanla görüşmək idi.

Qeyd edək ki, Tufan dərslərindən ancaq əla qiymətlər alır. Taleyın qismətindən o, valideyn himayəsindən məhrum olub. Hər iki valideyinini itirən Tufan “Şaxta Babaya məktub”unda bu ilki Yeni il bayramı ərəfəsində onu sevindirməyi xahiş etmişdi.

Tufanın məktubunun məzmunu belə idi: “ Salam, Şaxta baba. Mən bu il çox kədərliyəm. Çünki atamdan sonra anamı da itirdim. Çox darıxıram. Bilirəm, sən onları gətirə bilməzsən. Amma az da olsa, sevindirə bilərsən. Mən heç nə istəmirəm, nə istəsən gətirərsən”.

Məktubdan xəbər tutan T. Əkbərov Tufanla dərs otağında görüşmüş, onun dərsləri ilə, sinif yoldaşları ilə yaxından tanış olmuşdu. Fəal şagird olduğu üçün haqqında xoş sözlər demiş, dərslərində uğur arzulamışdı. Rayon təhsil şöbəsi tərəfindən T.Əşrəfova “Dünyanın ən yaxşı dostuna”  plaketi  və digər hədiyyələr təqdim edilmişdi.

Görüşün sonunda Tariyel Əkbərov Tufana həmişə mənəvi cəhətdən  dost olacağını bildirmişdi. Tufan bu görüşdən çox sevinərək, Tariyel müəllimə öz təşəkkürünü  bildirmişdi.

Bu hadisə-- hər iki valideynini itirən Tufanın  “Şaxta Babaya yazdığı məktub” sosial şəbəkələrdə yayılanda çoxları kədərləndi, uşağın halına, taleyinə təəssüfləniblər.  Ancaq böyük mərhəmət hissinə malik “Regional Hüquqi və İqtisadi Maarifləndirmə “ İctimai Birliyinin sədri Arzu Bağırova 11 yaşlı Tufanla görüşmək məqsədilə Masallıya yollanıb.

Bu barədə Tufanla görüşdən təəssüratlarını bölüşən Arzu Bağırova bildirib. O deyib ki, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi olaraq Tufanın oxuduğu məktəbə gedib Yeni il bayramı ərəfəsində onun yanında olmaq istədik: “Məktəbin direktoru Aytən Şükürova bizi çox səmimi qarşılayaraq təhsil ocağı ilə tanış etdi. Sinifləri gəzdik. SonraTufan və məktəbin digər şagirdləri ilə görüşdük, özümüzlə gətirdiyimiz hədiyyələri onlara təqdim etdik”. 

Direktor  A. Şükürova Arzu xanıma bayram ərəfəsində şagirdləri gətirdiyi hədiyyələrlə  sevindirdiyinə görə minnətdarlıq edib.

Arzu Bağırova görüş zamanı məktəbin müəllim kollektivinə və şagirdlərə Milli Məclisin deputatı Qənirə xanım Paşayevanın salamlarını çatdırıb. Deputatın Tufana Yeni il münasibətilə hədiyyə göndərdiyi kompyuter masasını Tufana təqdim edib və dərslərində uğurlar arzulayıb. Tufan hədiyyəyə görə çox sevindiyini bildirib.

Görüşün sonunda müəllim və şagirdlər Arzu Bağırova ilə xatirə şəkili çəkdiriblər.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 Dekabr 2018 14:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə