Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 561    Bakı şəhəri, 22 dekabr 2018-ci il


“Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas  təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 150 nömrəli Qərarının ləğv edilməsi barədə
“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
1. “Dövlət  peşə  təhsili müəssisəsini  maliyyələşdirmə normativləri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, həmçinin tabeliyində dövlət peşə təhsili müəssisəsi olan orqanlar (qurumlar) bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
3. “İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 150 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 759) ləğv edilsin.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 22 dekabr tarixli 561 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri

 

1. Ümumi müddəalar

 

1.1. Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq dövlət peşə təhsili müəssisələrinin büdcədən maliyyələşdirilməsi xərclərinin proqnoz-laşdırılması məqsədi ilə hazırlanmışdır.

1.2. Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.

 

2. Maliyyələşdirmə normativlərinin hesablanması

 

2.1. Dövlət peşə təhsili müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir və xərclər aşağıdakı istiqamətlər üzrə aparılır:

2.1.1. “Əməkhaqqı” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə “Ştatda olan işçilərin əməkhaqqı”, “Ştatdankənar işçilərin əməkhaqqı” və “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” xərcləri daxildir.

2.1.1.1. “Ştatda olan işçilərin əməkhaqqı” xərc normativinə ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (pul təminatı) ilə bağlı xərclər daxildir.

2.1.1.2. “Ştatdankənar işçilərin əməkhaqqı” xərc normativinə  təşkilatların daimi ştatında olmayan və mülki-hüquqi müqavilə əsasında işlərin yerinə yetirilməsi üçün cəlb olunan şəxslərə hesablanmış əməkhaqların ödənişi ilə bağlı xərclər daxildir.

2.1.1.3. “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” xərc normativinə işçilərə verilən mükafatlar, maddi yardımlar, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxan işçilərə əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir.

Təhsilverənlərin (pedaqoji işçilər), təlim-tərbiyə prosesində iştirak edən digər işçilərin və xidmətedici heyətin əməkhaqqı hədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyənləşdirilmiş əməyin ödənişi dərəcələri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən müəyyən edilir.

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisəsində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarı ilə (əməkhaqqı artımı ilə bağlı dəyişikliklər nəzərə alınmaqla) müəyyən edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, təhsilin səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

2.1.2. “Əməkhaqqına ayırmalar” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə işəgötürənlərin “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” (bu sığorta növü tətbiq edilən ərazilərdə) və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən müəyyənləşdirilmiş hədlərdə sosial müdafiə ayırmaları üzrə xərcləri daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə ödənilir.

2.1.2.1. “Məcburi dövlət sosial sığorta haqları” xərc normativinin hesablanması

Bu təyinat üzrə xərc normativinə müəssisədə çalışan işçilərin əməkhaqlarına hesablanan və ödənilən xərclər daxildir. 

Normativin hesablanması:

 Nmdssh = ƏHF * MDSSH

Burada, Nmdssh - illik məcburi dövlət sosial sığorta haqları norması (manatla), ƏHF – illik əməkhaqqı fondu, MDSSH – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən miqdarda ödənilir.

  2.1.2.2. “İcbari dövlət sığortası” xərc normativinin hesablanması

  Bu təyinat üzrə xərc normativinə qanunvericiliyə uyğun olaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

  Ndt. = ƏHF * İDS

  Burada, Nids - illik icbari dövlət sığortası norması (manatla), ƏHF – illik əməkhaqqı fondu, İDS – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə əmək müqaviləsi əsasında çalışan işçilərə hesablanmış əməkhaqqı fondunun “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 noyabr tarixli 200 nömrəli Qərarı ilə müəyyən edilmiş faizi miqdarında ödənilir.

  2.1.2.3. “İşsizlikdən sığorta” xərc normativinin hesablanması

  Bu istiqamət üzrə xərc normativinə işsizlikdən sığorta ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

  Nis = ƏHF * İS

Burada, Nis - illik işsizlikdən sığorta norması (manatla), ƏHF – illik əməkhaqqı fondu, İS – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən miqdarda ödənilir.

  2.1.3. “Dəftərxana və təsərrüfat xərcləri” xərc normativinin hesablanması

  Bu istiqamət üzrə xərc normativinə müxtəlif növ kağızların, o cümlədən faks, fotosurət üçün kağızların, rəsmxət və idarədə istifadə edilən dəftərxana və təsərrüfat ləvazimatlarının, mühasibat, statistik, kargüzarlıq blanklarının və müxtəlif cədvəllərin, poçt nişanlarının alınması, idarədə istifadə olunan bütün növ mal və materialların, printerlər üçün tonerlərin, katriclərin alınması, həmçinin bu qəbildən digər xərclər daxildir.

Normativin hesablanması:

Ndt. = Sta.Syl. * Qyl + DX

Burada, Ndt. - dəftərxana və təsərrüfat xərclərinin illik norması (manatla), Sta. - təhsilalanların sayı, Syl. - “Azərbaycan Respub-likasında minimum istehlak səbətinin formalaşdırılması və yaşayış minimumunun hesablanması metodikası” (bundan sonra - Metodika) ilə müəyyən edilmiş, il ərzində orta hesabla adambaşına düşən yazı ləvazimatının sayı, Qyl. - cari il üçün müəyyənləşdirilən yazı ləvazimatının satınalma qiymətlərinin yuxarı həddi, DX – illik dəftərxana və təsərrüfat xərclərinin 10 faizi həcmində digər xərclərdir.

2.1.4. “Mətbəə məhsulları üzrə xərclər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dəftərxana işlərinin təşkili üzrə bütün növ forma, buklet, registrlər, mühasibat, statistik, kargüzarlıq blanklarının və müxtəlif cədvəllərin hazırlanması və çapı, mətbəə və nəşr ilə əlaqədar, həmçinin maarifləndirmə (təbliğat-təşviqat) və reklam xarakterli çap materiallarının (məhsullarının) hazırlanması və ya alınması xərcləri, mətbəə üçün sərfiyyat materiallarının (mətbəə avadanlıqları üçün katriclərin, tonerlərin və mətbəə üçün müxtəlif növ sərfiyyat materiallarının) alınması və bu qəbildən olan digər xərclər daxildir.

Normativin hesablanması:

  Nmm. = Sta. * Smm. * Qmm.

Burada, Nmm. - mətbəə xərclərinin illik norması (manatla), Sta. – təhsilalanların sayı, Smm. - Metodikaya əsasən il ərzində orta hesabla adambaşına düşən mətbəə məhsullarının sayı, Qmm. - cari il üçün müəyyənləşdirilən mətbəə məhsullarının qiymətlərinin yuxarı həddidir.

2.1.5. “Yanacaq və sürtkü materiallarının alınması” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə təhsil müəssisəsinə məxsus olan və ya icarəyə götürülmüş nəqliyyat vasitələrinə yanacaq və sürtkü materiallarının alınması ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Nys. = Sn. * Sy. * Qy. * Yn. * Xs.

Burada, Nys. - illik yanacaq və sürtkü materiallarının alınması normativi (manatla), Sn. - istifadəyə yararlı olan nəqliyyat vasitələrinin sayı, Sy. - istifadəyə yararlı olan nəqliyyat vasitəsinin növündən asılı olaraq 100 km məsafə üçün yanacaq sərfiyyatı (sərfiyyat nəqliyyat vasitəsinin texniki pasportu və faktiki göstəriciləri əsasında müəyyənləşir), Qy. - yanacağın qiyməti, Yn. – “Azərbaycan Respub-likasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliy-yələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin normaları”na (bundan sonra - aylıq yürüş həddi) uyğun il ərzində nəqliyyat vasitəsinin orta yürüş məsafəsinin 100 km.-ə olan nisbətidir, Xs. - aylıq yürüş həddinə uyğun olaraq yanacaq sərfinin baza xətt normalarına əsasən nəzərdə tutulmuş yanacaq xərcinin 10 faizi məbləğində sürtkü materiallarının (mühərrik yağı, əyləc mayesi, soyuducu və digər mayelər) alınması xərcidir.

Qeyd. Təhsil müəssisəsində müxtəlif növ nəqliyyat vasitəsi olduğu halda, həmin norma hər bir növ avtomobil üçün ayrılıqda hesablandıqdan sonra toplanır.

2.1.6. “Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət peşə təhsili müəssisələri tərəfindən dərmanların, vaksinlərin, vitaminlərin, dezinfeksiyaedici vasitələrin alınması ilə bağlı xərclər daxildir. Dövlət peşə təhsili müəssisəsinin bu xərcə olan tələbatı təhsil müəssisəsinin mövcud fəaliyyət istiqamətlərindən asılı olaraq müəyyən edilir. Bu xərc üzrə vəsait proqnozlaşdırılarkən, təhsil müəssisəsinin tabeliyində fəaliyyət göstərən tibb məntəqəsinin mövcudluğu və müəssisənin faktiki sifarişi nəzərə alınır.

2.1.7. “Yumşaq inventar, yataq ləvazimatlarının və xüsusi geyimlərin alınması” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət peşə təhsili müəssisələri tərəfindən paltar və geyimlərin alınması, həmçinin ayaqqabıların, yataq ləvazimatlarının, xüsusi geyimlərin və dəyişəyin alınması, təmiri və tikilməsi ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

 Nyum.= Sç. * Qyd. + 0.2Sta. * Qxg. - Dmy.

Burada, Nyum.- yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin illik norması (manatla), Sç. - yataqxanada faktiki istifadə olunan çarpayıların sayı, Qyd. - yataq dəstinin (balışın, ağların, yorğanın və döşəyin) və yataq geyiminin qiyməti, Sta. - təhsilalanların ümumi  sayının 20 faizi, Qxg. - xüsusi geyimlərin qiyməti, Dmy. - cari ildə mövcud istifadə olunan yumşaq inventarın dəyəridir.

İstifadə olunan yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin amortizasiya müddəti Metodikanın “2. Qeyri-ərzaq malları” bölməsində orta hesabla adambaşına düşən istehlak həcminə, satınalma qiymətlərinin yuxarı həddi isə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Qiymətlər və qiymət indeksləri bülleteni”ndə göstərilən qiymətlərə uyğun olaraq müəyyən edilir.

2.1.8. “Ərzaq məhsullarının alınması və təminatı” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət peşə təhsili müəssisələrində təhsilalanlar üçün ərzaq məhsullarının alınmasına sərf edilən xərclər daxildir.

Normativin hesablanması:

Nə. = N1gə. * Sta. * Sg.

Burada, Nə.- dövlət peşə təhsili müəssisələrində mövcud qanunvericiliyə əsasən dövlət təminatında olan təhsilalanların illik ərzaq norması (manatla), N1gə. - təhsil müəssisəsi üçün müəyyən edilmiş gündəlik ərzaq norması, Sta. - ərzaq almaq hüququ olan təhsilalanların sayı, Sg. - ərzaq verilən günlərin sayıdır (mövcud qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ildə 210 gündən artıq olmamaq şərtilə).

Dövlət peşə təhsili müəssisələrində mövcud qanunvericiliyə əsasən dövlət təminatında olan təhsilalanlar üçün ərzaq məhsullarının orta hesabla adambaşına düşən istehlak həcmi Metodikanın “1. Ərzaq məhsulları” bölməsinə, satınalma qiymətləri isə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Qiymətlər və qiymət indeksləri bülleteni”ndə göstərilən qiymətlərə uyğun hesablanır.

2.1.9. “Digər malların alınması” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə əsas fond (vəsait) hesab edilməyən sair aktivlərin, o cümlədən sayğacların alınması və quraşdırılması, yanğınsöndürən balonların alınması, toxucu sapların alınması, portretlərin alınması, təhsil müəssisələri tərəfindən elmi tədqiqat işləri və təcrübə keçirilməsi üçün heyvanların və mal-qaranın alınması, məşğələlər üçün müxtəlif ləvazimatların, məktəb və rəsmxət ləvazimatlarının, materialların, yağlı, sulu boya, rəngli şüşə, kimyəvi mayelər, gil alınması, təhsil proqramlarının alınması, tədris müəssisələri üçün tədris jurnallarının, əyani vəsaitlərin, blankların, diplomların, şəhadətnamələrin, tələbə biletlərinin, kitabçaların və digər sənədlərin alınması, dövri mətbuatın alınması, kitabxanalar üçün kitabxana əşyalarının və uçot sənədlərinin alınması, işçilərin maddi həvəsləndirmə və qulluğa xitam verilməsi ilə bağlı hədiyyələrin alınması, bina və tikililərin şəhadətnamələrinin alınması və pasportlaşdırılması, yeməkxana və mətbəx ləvazimatlarının və bu qəbildən olan digər alışlarla bağlı xərclər daxildir.    

Xərc normativinin hesablanması təhsil müəssisəsində təhsilalanların sayı əsasında aparılır.

Normativin hesablanması:

Ndax.= Sta.* Sas. * Qa. - Dma. + Hdx.

Burada, Ndax.- digər alışlar və xidmətlər üzrə illik norma (manatla), Sta. - əyani vəsaitdən istifadə edən təhsilalanların sayı,   Sas. – alışların siyahı üzrə sayı, Qa. - cari il üçün müəyyənləşdirilən aidiyyəti alışların satınalma qiymətlərinin yuxarı həddi, Dma. – cari ildə mövcud istifadə olunan digər alışların dəyəri, Hdx. – cari ildə müəyyənləşdirilən digər xidmətlərin haqqının yuxarı həddidir.

2.1.10. “Tikili və avadanlıqların cari təmir xərcləri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə əmlakın, o cümlədən tikili və avadanlıqların texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən cari təmir işləri, habelə cari təmirlə bağlı mal-materialların alınması üzrə xərclər daxildir.

Normativin hesablanması:

Nct. = Dəf. * Əamort.

Burada, Nct. - illik cari təmir norması (manatla), Dəf. - əsas fondların dəyəri, Əamort. - əsas fondların cari il ərzində aşınmasını faizlə ifadə edən amortizasiya əmsalıdır.

2.1.11. “Nəqliyyat vasitələrinin cari təmir xərcləri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə nəqliyyat vasitələrinin texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə sərf olunan məbləğlər daxildir.  Bu maddəyə, həmçinin nəqliyyat vasitələrinin cari təmiri ilə bağlı mal-materialların alınması üzrə xərclər də daxildir.

Normativin hesablanması:

Nnəq. =  Nys.  * Əeh.ct.  + Əət.

 Burada, Nnəq. - nəqliyyat xidmətlərinin illik xərc normativi (manatla), Nys. – bütün növ nəqliyyat vasitələri üzrə cəmi illik yanacaq və sürtkü materiallarının alınması xərci, Əeh.ct.  - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri, Əət. - təqdim olunan sənədlər əsasında (əsaslı təmirə dayanmanın səbəbləri haqqında arayış, nöqsan aktı, təmir işlərini aparmalı olan təmir müəssisəsindən müvafiq sənəd və s.) nəqliyyat vasitələrinin cari təmiri xərcidir.

2.1.12. “Elektrik enerjisi haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə sayğacın göstərişinə əsasən istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

Vəsaitin proqnozlaşdırılması sayğac göstəricilərinə uyğun istifadə olunmuş elektrik enerjisi üzrə ortaillik sərfiyyatla bağlı təqdim edilmiş sifariş əsasında həyata keçirilir.

2.1.13. “Qaz haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə istifadə olunan qazın dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

İstilik sistemi quraşdırılmış qaz cihazlarının texniki göstəricilərinə uyğun təqdim edilmiş sifariş əsasında, sayğac göstəricilərinə uyğun illik qaz sərfiyyatı əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.

2.1.14. “Su haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət peşə təhsili müəssisələrində istifadə olunan suyun dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

2.1.15. “Kanalizasiya xidmətləri haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə kanalizasiya xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir. Bu xərclər üzrə vəsaitin proqnozlaşdırılması peşə təhsili müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır.

2.1.16. “İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə istilik enerjisini yarada biləcək mal-materialların (odun, kömür, ağ neft, mazut və s.) dəyərinin ödənilməsi,  elektrik və istilik enerjisi istehsal edən generator və digər avadanlıqlar üçün yanacaq və sürtkü materiallarının alınması, habelə mərkəzləşdirilmiş istilik sistemi olan qazanxanalar tərəfindən göstərilmiş xidmətlərin haqqının ödənilməsi ilə bağlı xərclər daxildir.

2.1.17. “Digər kommunal xidmətlərin haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə  elektrik, rabitə, qaz, su və digər kommunal xətlərin çəkilişi, tullantıların ləğvi və daşınması, tüstü bacalarının təmizlənməsi, camaşırların yuyulması, binalarda şüşələrin yuyulması, kanalizasiya xətləri olmayan yerlərdə çirkab suların daşınması, kommunal xidmətlərdə istifadə olunan smart kartların haqqının ödənilməsi və bu qəbildən olan digər xərclər daxildir. Bu xərclər üzrə tələbat tərtib olunmuş qüsur aktları əsasında və təqdim edilmiş sifarişə uyğun həyata keçirilir.

Qeyd. Kommunal və kommunikasiya xidmətlərindən istifadə müəyyən edilmiş limitlər həddində həyata keçirilir.

Dövlət peşə təhsili müəssisələrində məskunlaşmış məcburi köçkünlər tərəfindən istehlak olunan kommunal xidmətlərin haqları müəyyən edilmiş qaydada ödənilir (məcburi köçkünlərin öz vəsaitləri hesabına və ya Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına).

2.1.18. “Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə ölkə daxilindəki telefon danışıqları, faks xidməti, telefon-teleqraf rabitə kanallarının icarəsi və sair xidmətlərlə bağlı xərclər, abunə haqlarının ödənilməsi xərcləri və bu növ digər xərclər daxildir.

Normativin hesablanması:

Nöt. = St. * Hab.

Burada, Nöt. - illik ölkədaxili telefon danışıq haqlarının ödənil-məsi normativi (manatla), St. - təşkilatda mövcud olan telefon nömrələrinin sayı (telefon nömrələrinin sayının 3-dən artıq olmaması şərtilə), Hab. -  bir nömrənin illik abunə haqqıdır.

2.1.19. “Beynəlxalq telefon danışıqları haqlarının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə xarici ölkələrlə bağlı telefon danışıqları və faks xidməti ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Nbt.  =  Sbt. *  Hbt.

Burada, Nbt. - illik beynəlxalq telefon danışıq haqlarının ödənilməsi norması (manatla), Sbt. - beynəlxalq telefon danışıqlarının sayı (telefon nömrələrindən yalnız birinin beynəlxalq çıxışı olması şərtilə), Hbt. - beynəlxalq istiqamətlər üzrə orta hesabla bir telefon danışığının haqqıdır.

2.1.20. “Poçt xidmətləri haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət peşə təhsili müəssisələri tərəfindən məktub və bütün növ poçt və teleqramların göndərilməsi, çap materiallarının çatdırılması ilə bağlı xərclər daxildir.

Dövlət peşə təhsili müəssisəsinin faktiki tələbatına uyğun təqdim etdiyi sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.

2.1.21. “İnternet xidməti haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət peşə təhsili müəssisələri tərəfindən internet xidmətindən istifadəyə görə ödənişlər daxildir.

Normativin hesablanması:

Ne. = Set.* He.

Burada, Ne. - illik internet xidməti haqlarının ödənilməsi norması (manatla), Set. - təşkilatda internet şəbəkəsinə çıxışı olan telefon nömrələrinin sayı, He. - internet xidmətləri haqqıdır.

2.1.22. “Proqram təminatlarına xidmət haqlarının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə proqram təminatına xidmətlə bağlı xərclər, informasiya təhlükəsizliyinin təmin edilməsi xərcləri və bu qəbildən olan digər xərclər daxildir.

Həmin xərclər üzrə vəsaitin proqnozlaşdırılması peşə təhsili müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır.

2.1.23. “İcarə və muzdlu xidmətlər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət peşə təhsili müəssisələri tərəfindən cari məqsədlər üçün binaların, sahə və otaqların icarəsi haqqı, avadanlıq və nəqliyyat vasitələrinin icarəyə götürülməsi ilə bağlı xərclər daxildir. 

Dövlət peşə təhsili müəssisəsinin faktiki tələbatına uyğun müvafiq hesablama və təsdiqedici sənədlərlə birlikdə təqdim etdiyi sifariş əsasında müvafiq xidmətlər üzrə xərc smetasının maliyyə ekspertizası aparılmaqla vəsaitin proqnozlaşdırılması həyata keçirilir.

2.1.24. “Mühafizə xərcləri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə təhsil müəssisəsinin mühafizə xərcləri üzrə ayırmaları daxildir. Büdcə xərclərinin planlaşdırılması müvafiq qurumla bağlanılmış ikitərəfli müqavilə əsasında göstərilən xidmətin növünə və yerləşmə yerinə görə müvafiq büdcə təşkilatının sifarişi əsasında həyata keçirilir.

2.1.25. “Sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dezinfeksiya xərcləri, sanitariya-gigiyena xərcləri, bina və tikililərin fasadlarının yuyulması və təmizlənməsi, nəqliyyat vasitələrinin yuyulması və təmizlənməsi ilə bağlı və bu qəbildən olan digər xərclər daxildir. Bu xərclər üzrə vəsaitin proqnozlaşdırılması peşə təhsili müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır.

2.1.26. “Ölkədaxili ezamiyyətlər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə ölkə daxilindəki ezamiyyətlər və xidməti səfərlər zamanı gediş-gəliş, gündəlik və mehmanxana xərcləri, kompensasiya ödənişləri, xidməti səfərlərə, kurslara və təhsil müəssisələrinə, sessiyalara, müşavirə və konfranslara göndərilməsi ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Nez. =  Sez. * Sg. * N1g.

Burada, Nez. - illik ölkədaxili ezamiyyətlər və xidməti səfərlərin norması (manatla), Sez. - ezamiyyətlərin sayı, Sg. – bir ölkədaxili ezamiyyətdə və xidməti səfərdə olma günlərinin orta sayı, N1g. - ölkədaxili ezamiyyətlərin və xidməti səfərlərin birgünlük normasıdır.

2.1.27. “Xarici ezamiyyətlər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə xarici ölkələrə ezamiyyətlər və xidməti səfərlər zamanı gediş-gəliş, gündəlik və mehmanxana xərcləri, kompensasiya ödənişləri, xidməti səfərlərə, kurslara və təhsil müəssisələrinə sessiyalara, müşavirə və konfranslara, xarici ölkələrin ali və orta ixtisas təhsil müəssisələrinə göndərilməsi ilə bağlı gündəlik və yol xərcləri daxildir.

Xarici ölkələrə ezamiyyətlər və xidməti səfərlər zamanı tələbat tətbiq olunan normativə uyğun və təhsil müəssisəsinin müvafiq sifarişinə əsasən müəyyən edilir.

2.1.28. “Nəqliyyat vasitələri, istehsal təyinatlı maşın, avadanlıq və qurğular üzrə xidmət haqlarının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə müəssisənin balansında, həmçinin istifadəsində olan və ya icarəyə götürülmüş nəqliyyat vasitələri, istehsal təyinatlı maşın, avadanlıq və qurğuların texniki baxışdan keçirilməsi, mülki məsuliyyətinin icbari sığortası və bu qəbildən olan digər xərclər daxildir. Bu xərclər üzrə vəsaitin proqnozlaşdırılması peşə təhsili müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır.

2.1.29. “İstehlakyönlü müxtəlif xidmətlər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə bayram tədbirlərinin təşkili, keçirilməsi və iştirak xərcləri, ölkə səviyyəli sərgi və yarmarkaların keçirilməsi, ekskursiyaların və düşərgə toplantılarının keçirilməsi, tədris müəssisələrinin nəzdindəki eksperimental emalatxanaların xidmətinin ödənilməsi, yanğınsöndürən balonların, katriclərin, tibbi və digər avadanlıqların doldurulması, mətbuatda elan, bildiriş, reklam verilməsi, təhsil müəssisələrində bədən tərbiyəsi tədbirlərinin və kütləvi informasiya işlərinin aparılması, arxiv materiallarından istifadə edilməsi və arxivə verilmiş sənədlərə xidmət haqqının ödənilməsi, sənədlərin cildlənməsi, tikilməsi, informasiya agentliklərinin xidmətləri, guşələrin yaradılması və bədii tərtibat işlərinin dəyərinin ödənilməsi, əmlakın sığortalanması ilə bağlı xərclər və bu qəbildən olan digər xərclər daxildir.

Bu xərc maddəsi üzrə maliyyələşdirilən tədbirlər sabit və daimi xarakter daşımadığından, faktiki sifariş əsasında, lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin xərc smetasının maliyyə ekspertizası aparılmaqla həyata keçirilir.

2.1.30. “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət peşə təhsili müəssisələri tərəfindən abadlaşdırma xidmətlərinin göstərilməsi ilə bağlı xərclər daxildir.

Bu xərc maddəsi üzrə maliyyələşdirilən tədbirlər sabit və daimi xarakter daşımadığından, faktiki sifariş əsasında, lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin xərc smetasının maliyyə ekspertizası aparılmaqla həyata keçirilir.

2.1.31. “Sair xərclər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə cari məqsədlər üçün nəzərdə tutulmuş malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı digər xərclər daxildir.

Bu xərc maddəsi üzrə maliyyələşdirilən bir sıra tədbirlər sabit və daimi xarakter daşımadığından faktiki sifariş əsasında, lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin xərc smetasının maliyyə ekspertizası aparılmaqla həyata keçirilir.

2.1.32. “Tələbələrə verilən təqaüdlər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət peşə təhsili müəssisələri tərəfindən təhsilalanlara ödənilən təqaüdlərlə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Ntəq. = Sta. * T1ay  *  12ay

Burada, Ntəq.- illik təqaüdün hesablanması norması (manatla), Sta. - təqaüd alan təhsilalanların sayı, T1ay - təqaüdün aylıq məbləği, 12ay - ilin aylarıdır.

2.1.33. “Maşın və avadanlıqlar” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət peşə təhsili müəssisələri tərəfindən digər maşın və qeyri-istehsal avadanlıqlarının alınması ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Nma. = Sma. * Qma. - Dmma.

Burada, Nma. - digər maşın və avadanlıqların illik alış norması (manatla), Sma. - Metodika ilə müəyyən edilmiş, il ərzində orta hesabla adambaşına düşən maşın və avadanlıqların sayı, Qma. - cari il üçün müəyyənləşdirilən aidiyyəti maşın və avadanlıqların satınalma qiymətlərinin yuxarı həddi, Dmma. – cari ildə istifadə olunan maşın və avadanlıqların dəyəridir.

2.1.34. “Nəqliyyat vasitələri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət peşə təhsili müəssisələri tərəfindən nəqliyyat vasitələrinin alınması ilə bağlı xərclər daxildir. Fərdi qaydada təhsil müəssisəsinin sifarişi əsasında müəssisənin hansı növ nəqliyyat vasitəsinə olan tələbatı araşdırılmaqla, müvafiq vəsaitin ayrılması həyata keçirilir.

2.1.35. “Sair torpaq, tikili və avadanlıqlar” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə iş vaxtı fəaliyyətinin asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan ümumi və texniki təyinatlı predmetlər (mebel dəstləri, masalar, kreslolar, kürsülər, dolablar, şkaflar, stellajlar, dəmir seyflər, partalar, daşınan sədlər, asılqanlar, qarderoblar, divanlar, yanmayan şkaflar və yeşiklər, inventar taraları, daşınan çadırlar, çarpayılar, kovrolit örtük və xalçalar, portyerlər, jalüzlər), əməyin mühafizəsi üçün uyğunlaş-dırılmış xüsusi avadanlıqlar (hidropultlar, stenderlər, əl nərdivanları, maye və dənəvərlərin saxlanması üçün xüsusiləşdirilmiş qablar), idman və digər xüsusi hərbi təyinatlı inventarların və bu kimi digər təsərrüfat inventarlarının alınması, quraşdırılması və istehsalı ilə bağlı xərclər daxildir. Xərc normativinin hesablanması dövlət peşə təhsili müəssisəsində təhsilalanların sayı əsasında faktiki tələbata uyğun aparılır.

2.1.36. “Əsaslı təmir” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə əsas vəsaitlərin əsaslı təmiri ilə bağlı xərclər daxildir. Həmin xərc normativi Azərbaycan Respublikasında qüvvədə olan “Dövlət tikinti normativ sənədləri” sisteminə uyğun müəyyən edilir.

2.1.37. “Qeyri-maddi aktivlər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət peşə təhsili müəssisələri tərəfindən bir ildən çox istifadə edilən kompüter proqramlarının hazırlanması və ya onun alınması, məlumat bazalarının hazırlanması, informasiya sistemlərinin yaradılması ilə bağlı xərclər daxildir.

Dövlət peşə təhsili müəssisəsinin faktiki tələbatına uyğun müvafiq hesablama və təsdiqedici sənədlərlə birlikdə təqdim etdiyi sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.

2.1.38. Normativlərə daxil edilməyən, lakin ödənişi zəruri hesab olunan xərclər (fəxri adlara görə təqaüdlər, analıq məzuniyyətinə çıxan qadınlara və 3 yaşına çatmamış uşaqlara qulluğa görə ödənilən müavinətlə bağlı xərclər, əmək qabiliyyətini müvəqqəti itirməyə görə işçilərə ödənilən müavinətlər, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə dəymiş zərərin ödənilməsi, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən müavinət, bank xərcləri və qanunvericilikdə nəzərdə tutulan digər zəruri xərclər) üzrə ödəmələr faktiki tələbata uyğun olaraq, büdcə təşkilatlarının sifarişləri əsasında həyata keçirilir.

2.1.39. Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar vəsaitlərinin xərc smetalarının hazırlanması zamanı bu maliyyələşmə normativlərindən istifadə edilə bilər.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə