Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saxa xalq şairinin Bakıda kitabı işıq üzü görüb

Saxa xalq şairinin Bakıda kitabı işıq üzü görüb

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) qardaş Saxa (Yakutiya) Muxtar Respublikası Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya xanım Xarlampyevanın şeirlər kitabını hazırlayaraq  nəşr edib. Şeirlər kitabda Azərbaycan və Saxa (Yakutiya) türkcələrində  yanaşı verilib.

“MƏNİM RƏFİQİM APREL” (“ДОҔОРУМ МУУС УСТАР”) adlanan kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Tərtibçisi və baş redaktoru Əkbər Qoşalı, redaktorları Rusiya Yazıçılar Birliyinin üzvləri Afaq Şıxlı ilə Anatoliy Sleptsov olan kitab, Saxa (Yakutiya) Dövlət Məclsinin üzvü, həmvətənimiz Əliş Zabit oğlu Məmmədovun dəstəyi ilə çıxıb. Şeirləri rusca və ingiliscədən Oktay Hacımusalı, Afaq Şıxlı, Dos.Dr. Rəsmiyyə Sabir, Dr. İlahə Abdullayeva və Əkbər Qoşalı çevirib.

DGTYB Məsləhət Şurasının üzvü Oktay Hacımusalı kitaba “Natalya Xarlampyeva ilə türk ruhu gəzisi…” adlı maraqlı önsöz yazıb.

Xalq şairi Natalya İvanovna XARLAMPYEVA 1952-ci il sentyabrın 1-də Yakutiyanın Maqan kəndində doğulub. Natalya İvanovnanın ictimai və yaradıcılıq fəaliyyəti respublika xalqlarının sosial, mədəni və ruhi baxımdan inkişafına, mədəniyyətlərin yaxınlaşması və zənginləşməsinə yönəlib. Onun Saxa ədəbiyyatının görkəmli nümayəndələrinin ədəbi irsinin nəşrində, gənc ədəbi qüvvələrin dəstəklənməsində, gənc ədəbi nəslin tərbiyə olunmasında böyük xidmətləri var. O, çağdaş rus şairlərinin, eləcə də Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Dağıstan, habelə Polşadan olan bir neçə şairin əsərlərini Saxa türkcəsinə çevirib.

A.Axmatova, L.Qumilyov, V.Şalamov, İ.Brodski, E.Yevtuşenko və A.Voznesenskinin rus-yakut ədəbi ilişkilərinə həsr etdikləri oçerk və esselər də məhz Natalya İvanovnanın sayəsində oxuculara təqdim edilib.

Onun “Sevgi etirafı” adlı kitabı Anton Delviq adına Ümumrusiya Ədəbiyyat Ödülünə layiq görülüb. Saxa (Yakut) poeziyasına göstərdiyi xidmətlərə görə, Natalya Xarlampyeva (hələlik) yeganə qadındır ki, Saxa (Yakutiya) Respublikasının Xalq şairi adını alıb.

Natalya Xarlampyeva 20 şeir və publisistik kitabın müəllifidir. Onun şeirləri rus, ingilis, polyak, vyetnam dillərinə çevrilib, eləcə də Türkiyə, Qazax, Tatar türkcələrinə çevrilib.

İncəruhlu lirik şair olaraq, o öz xalqının – quzey türk xalqının taleyi barədə tarixi düşüncələrlə, xalqın mənəvi dəyərlərinin qorunması və təbliği ilə yüksək mövqeli vətəndaşlıq keyfiyyəti ilə çıxış edir.

Natalya İvanovnanın Saxa (Yakut) ədəbiyyatının tanıtımı və təbliğində xidmətləri böyükdür. Onun təşəbbüsü ilə Saxa (Yakutiya) Respublikasında “Böyük qarın kəraməti” adlı Uluslararası Poeziya Fes¬tivalı təşkil edilir. O, Varşavada, Londonda və Xanoyda keçirilmiş uluslararası poeziya festivallarının iştirakçısıdır.

2016-cı ildə Natalya xanımın poetik kitabları Londonda ingilis dilində, Kazanda tatarca, Qızıl şəhərində isə tuva dilində çıxıb.

Natalya İvanovna Saxada jurnalist və nəşr işinin təşkilatçısı olaraq da tanınır.

O, 2012-ci ildən 2017-ci ilin iyun ayına qədər Saxa (Yakutiya) dövlət başçısının mədəniyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Natalya Xarlampyeva Qazaxıstan Respublikasının “Alaş” ədəbi ödülü laureatıdır (1998); həmçinin Rusiyanın Böyük Ədəbi Ödülünə (2003), Rusiya Yazıçılar Birliyinin və Smolensk vilayətinin Aleksandr Tvardovski adına ödülünə (2003) layiq görülüb.

2015-ci ildə Rusiya Federasiyasının prezidentinin sərəncamı ilə PUŞKİN medalına layiq görülüb.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

27 2018 15:30 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə