Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublika Seysmoloji Xidmət Mərkəzinin hesabatı dinlənilib

Respublika Seysmoloji Xidmət Mərkəzinin hesabatı dinlənilib

AMEA-nın Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib. Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, müvafiq elmi müəssisələrin direktorları və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclası bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq gündəlikdəki məsələlər haqqında iştirakçılara məlumat verib. Sonra Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Professor” elmi adına və Rusiya Təbiət Elmləri Akademiyasının keçirdiyi “EcoWorld-2018” Beynəlxalq Ekoloji müsabiqəsində birinci dərəcəli mükafata layiq görülən RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişliyə diplomlarını təqdim edib.

İclasda, həmçinin Respublika Seysmoloji Xidmət Mərkəzinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan hesabatı dinlənilib. Hesabatı təqdim edən Q.Yetirmişli bildirib ki, cari ildə Azərbaycan ərazisində, o cümlədən Xəzərdə  2017-ci illə müqayisədə zəlzələlərin sayı və ayrılan seysmik enerjinin miqdarı azalıb. Qeyd edib ki, bu il Azərbaycandakı 35 seysmotelemetrik stansiyalar vasitəsilə 7000-ə yaxın zəlzələ qeydə alınıb. Alim qeydə alınan 4 min zəlzələnin Azərbaycan və ona bitişik ərazilərdə baş verdiyini, 3000-ə yaxınının isə uzaq zəlzələ olduğunu söyləyib. Q.Yetirmişli 2018-ci ildə Azərbaycan ərazisində ən güclü zəlzələnin iyun ayında Zaqatalada 5.5 maqnituda baş verdiyini diqqətə çatdırıb.

www.science.gov.az saytı yazır ki, Q.Yetirmişli, həmçinin cari ildə RSXM-də 5 problem üzrə 7 mövzu, 20 elmi işin aparıldığını, alınan nəticələrin 25 elmi məqalə (7-si impakt faktorlu olmaqla 14-ü xaricdə) və 9 tezisdə dərc olunduğunu diqqətə çatdırıb, mərkəzin əsərlərinə "Google Akademiyada" 46 istinadın qeydə alındığını deyib.

Hesabat dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

25 Dekabr 2018 15:26 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin