Ən son xəbərlər
Son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, reallaşdırılan böyük investisiya layihələri nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da güclənib, adı müasir dünyada böyük sıçrayışla inkişaf edən dövlətlərin siyahısına daxil olunub. Hazırda da səmərəli iqtisadi islahatlar bütün sahələr üzrə inamla davam etdirilir. Özü də bu zaman sosialyönümlü təşəbbüslər diqqət mərkəzində olur, iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinə xüsusi önəm verilir.
Təsadüfi deyil ki, nüfuzlu reytinq agentlikləri tərəfindən də ölkəmizin iqtisadi islahatları inamla həyata keçirməsi mütəmadi olaraq təsdiqlənir. Bu baxımdan Rusiyanın AKRA reytinq agentliyinin qiymətləndirmələri xüsusi əhəmiyyət kəsb edir. Adıçəkilən agentliyin hesabatında bildirilir ki, Azərbaycanda mövcud olan iqtisadi sabitlik davam edəcək.
Agentlik, eyni zamanda, ölkə iqtisadiyyatının bu il 1,5 faiz, 2022-ci ildə isə ÜDM-in 3,2 faizədək artacağını proqnozlaşdırıb.
Agentlik qeyd edib ki, 2016-cı ildə iqtisadiyyatın resessiyasından və 2017-ci ildə 0,1 faiz nominal artımdan sonra Azərbaycan iqtisadiyyatı 2017-2018-ci illərdə xaricdə mütərəqqi bərpa nümayiş etdirib.
Hesabatda 2018-ci ilin ikinci yarısında ölkə sənayesinin xammal hissəsində də canlanma müşahidə olunacağı bildirilib.
Sənəddə o da qeyd edilib ki, Azərbaycan qazının TANAP boru kəməri ilə Türkiyəyə, daha sonra isə Avropaya tədarükünü nəzərdə tutan Cənub Qaz Dəhlizi sisteminin nəql gücünün istismara verilməsi respublikamızın tədiyə balansını yaxşılaşdırmağa, iqtisadiyyatın xammal hissəsinin artım göstəricisini sabit saxlamağa imkan verəcək.
AKRA reytinq agentliyi 2023-cü ilə qədər manatın məzənnəsinin də möhkəmlənəcəyini diqqətə çatdırıb: “Manatın devalvasiyaya məruz qalacağı ehtimalı yoxdur və Azərbaycanın milli valyutasının məzənnəsi möhkəmlənəcək”.
V. BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə