Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsündə yaxından iştirakı əməkdaşlığı daha da genişləndirir

Azərbaycanın Avropa İttifaqının  Şərq Tərəfdaşlığı təşəbbüsündə yaxından iştirakı əməkdaşlığı daha da genişləndirir

Hazırda beynəlxalq aləmdə  mürəkkəb geosiyasi proseslərin getdiyinə, münaqişələrin və qarşıdurmaların alovlanmasına baxmayaraq,  Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, xüsusilə  Avropa İttifaqı ilə  münasibətlərini  getdikcə yaxşılaşdırır. Ölkəmizdə gedən uğurlu demokratik proseslər, insan  hüquq və azadlıqlarının müdafiəsi, azad söz və müstəqil mətbuatın inkişafına yaradılan şərait, habelə seçkilərdə şəffaflığın təmin olunması beynəlxalq aləmin diqqətindən yayınmır.  Azərbaycan üzv olduğu beynəlxalq qurumlarla  əlaqələrin inkişafına həmişə böyük önəm verib və bu gün də eyni mövqedə qalır. Məhz bu amillər beynəlxalq aləmin ölkəmizə olan marağını daha da artırır.
Təbii ki, oxşar fikirləri qarşı tərəflərin hamısı haqqında demək mümkün deyil. Bunun da bir sıra səbəbləri var. Əsas səbəblərdən biri odur ki, Azərbaycan postsovet dövlətləri ilə müqayisədə sürətlə inkişaf edib, dünyada  yüksək tribuna qazanaraq, söz sahibinə çevrilib,  nüfuzlu beynəlxalq qurumların tədbirlərinə ev- sahibliyi edib. Son illər respublikamızda keçirilən beynəlxalq səviyyəli tədbirlər də  Azərbaycanın  yüksək reytinq sahibi olmasından xəbər verir. Bütün bunlardan sonra  respublikamıza  qarşı qısqanclıq hisslərinin baş qaldırması, antiazərbaycan qüvvələrin təzyiq və təhdidləri başadüşüləndir. Ancaq dövlət başçımızın  məqsədyönlü  siyasi kursu bu hücumların qarşısını alır, ölkəmiz  inkişaf tempini saxlayır, demokratik proseslərə öz  dəyərli töhfələrini verməkdə davam edir. Prezident İlham Əliyevin siyasi kursunda Avropa İttifaqı ilə əməkdaşlıq, münasibətlərin yeni müstəvidə  yüksələn xətt üzrə inkişafı, əlaqələrin daha da genişləndirilməsi xüsusi önəm kəsb edir. 
Avropa İttifaqının Brüsseldə keçirilən  sonuncu Şərq Tərəfdaşlığı Sammitində qəbul olunmuş Birgə Bəyannamədən  bir daha aydın olur ki, artıq Azərbaycanın  təşəbbüsləri  Avropa İttifaqı tərəfindən də dəstəklənir. Biz Cənub Qaz Dəhlizinin açılışına qədər baş verən proseslərdə də bunun şahidi olduq. Azərbaycan ilə Avropa İttifaqı dövlətləri arasında vizasız gediş-gəliş razılığının öz həllini tapması məsələsinin gündəmdə olması və digər amillər  bir daha o qənaətə gəlməyə əsas verir ki, Prezident İlham Əliyevin ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi müstəqil, xalqın siyasi iradəsinə, ümummilli mənafeyə söykənən siyasəti öz bəhrəsini verməkdədir. Bu nöqteyi-nəzərdən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində qəbul olunan Birgə Bəyannamənin məzmunu Azərbaycanın milli mənafeyinə və maraqlarına uyğun gəlir, hətta onunla üst-üstə düşür. Bu bəyannamə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasətin daha bir təzahürüdür.
Avropa İttifaqı ilə münasibətlər təkcə bu aspektdə qurulmayıb. Eyni zamanda,  ölkəmiz  üzv dövlətlərlə ikitərəfli formatda əlaqələri fəal şəkildə inkişaf etdirir. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri  imzalayıb.  Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin xeyli hissəsi   Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu,  cəmi 27 illik müstəqillik tarixi olan  ölkə üçün  böyük uğurdur.
Azərbaycan siyasi və iqtisadi islahatlar siyasətini  ardıcıl olaraq  davam etdirir, demokratiyanın inkişafına, insan haqlarının qorunmasına böyük önəm verdiyinə sadiqliyini  əməli işlə də təsdiqləyir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin, demək olar ki, 50 faizi üzv ölkələrin payına düşür. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün daha çox maliyyə vəsaiti yatırmağa hazırdır.
Nəzərə alsaq ki, Azərbaycan  Respublikası  ilə Avropa İttifaqı  arasında münasibətlərin hüquqi əsasını  qoyan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı il aprelin 22-də  imzalanıb və  ratifikasiya edildikdən sonra  1999-cu il iyulun 1-də qüvvəyə minib, ötən müddət  ərzində ölkəmizin bu təşkilata inteqrasiyasını uğurlu hesab etmək olar. Bu müddət ərzində Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin getdikcə yaxşılaşdırılması ölkəmizə olan marağın bariz nümunəsidir.  
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi  əlaqələləri möhkəmləndirmək üçün müvafiq mexanizmləri təmin etməklə, Azərbaycanla Avopa İttifaqı  arasında münasibətlərə yeni təkan vermişdir. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən birini Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.  
Respublikamızın sürətli inkişafından və  dünya birliyinə inteqrasiyasından qısqanclıq hissi keçirən antiazərbaycan qüvvələrin böhtan və qərəzlə dolu hesabatları, ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri, təəssüf ki, Avropa İttifaqına da  sirayət etdi və bir müddət Azərbaycanla bu birlik arasında müəyyən soyuq münasibətlər yarandı. Lakin Azərbaycan Prezidenti  İlham Əliyevin  ötən il Avropa İttifaqı Şurasının siyasi və təhlükəsizlik komitəsinin nümayəndə heyətini qəbul edərkən söylədiyi nitqində Avropa İttifaqı ilə əməkdaşlığın başlıca şərtlərini bir daha nümayəndə heyətinin üzvlərinin diqqətinə çatdırdı. Ölkə rəhbəri həyata keçirdiyi siyasi kursda müstəqillik xəttinə, qətiyyətli mövqeyə, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığa böyük önəm verdiyini  bildirdi. Dedi ki, rəsmi Bakı atdığı bütün addımlarda həmin prinsipə qətiyyət və dönməzliklə əməl edir,  o cümlədən Avropa İttifaqı və onun müxtəlif institutları ilə əlaqələrdə bu, özünü daha qabarıq şəkildə büruzə verir. 
Nümayəndə heyəti ilə görüşdə Azərbaycanın  Avropa İttifaqının  Şərq Tərəfdaşlığı proqramında digər üzvlərlə müqayisədə  obyektiv mövqe tutması diqqətə çatdırıldı. Bu mövqe, ilk olaraq, milli maraqlara söykənərək,  Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində konkret müstəqil plana malikdir. Bütün bunlar barədə görüşdə daha ətraflı məlumat verildi.  Azərbaycan Prezidenti həmin proqram çərçivəsində Avropa İttifaqı ilə  əməkdaşlığa hazır olduğunu bildirdi və irəli sürdüyü təkliflərə uyğun addımlar atacağını bir daha nümayəndə heyətinin diqqətinə çatdırdı.
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının siyasi və təhlükəsizlik komitəsinin nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər bir daha  təsdiqlədi ki, Azərbaycan müstəqil  siyasətindən, müəyyənləşdirdiyi yoldan  çəkilməyəcək. İstənilən beynəlxalq təşkilatlarla əlaqələr yalnız milli maraqlar, dövlətçiliyin qorunması, beynəlxalq hüquq normaları çərçivəsində  qurula bilər. Ona görə də  Azərbaycanın maraqlarına uyğun olmayan məqamlar davam etsə, həmin təşkilatın üzvlüyündən çıxmaq məsələsi gündəmə gətirilə bilər. Təbii ki, bundan Avropa İttifaqı da zərər görər.  Beynəlxalq təşkilatlara da çox yaxşı məlumdur ki, hazırda  Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Kimsə lideri itirmək  istəməz .
Bu görüşdən sonra nümayəndə heyətinin üzvlərində də ölkəmiz haqqında yayılan qərəzli və böhtan xarakterli hesabatlardakı faktlara  inamsızlıq yarandı. Həmin vaxtdan  Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq yeni müstəviyə qədəm qoyub. Dövlətimizin  başçısı Avropa İttifaqının  Şərq Tərəfdaşlığı proqramı ilə bağlı da öz qətiyyətli mövqeyini bir daha nümayəndə heyətinin diqqətinə çatdırdı. Bildirdi ki, rəsmi Bakı strateji xarakter daşıyan və bərabərhüquqlu əməkdaşlığa əsaslanan əlaqələrin inkişafında maraqlıdır.
Məlum olduğu kimi, Şərq Tərəfdaşlığı Avropa İttifaqının Azərbaycanla, Belarusla, Gürcüstanla, Ermənistanla, Moldova və Ukrayna ilə münasibətlərini bir çərçivə daxilində tənzimləyən təşəbbüsdür.
Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığına üzv olan hər ölkə arasında əməkdaşlıq bir çox formada həyata keçirilərək, sosial-iqtisadi inkişafa dair genişçeşidli layihələrin və proqramların icra olunmasını, assosiasiya proseslərinin (Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığının hər bir ölkəsi arasında ayrılıqda imzalanmış  sazişlərin) yerinə yetirilməsini, viza siyasətinin liberallaşdırılması və azad ticarət zonalarının yaradılması üzrə danışıqların aparılmasını nəzərdə tutur.
Avropa İttifaqının ŞərqTərəfdaşlığına dair rəsmi sənədinin layihəsi bunları bəyan edir: “Demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına hörmətlə yanaşmaya dair dəyərlər mübadiləsi, həmçinin bazar iqtisadiyyatına, dayanıqlı inkişafa və yaxşı idarəçiliyə aid prinsiplər bu tərəfdaşlığın özəyini təşkil edəcəkdir.”
Azərbaycan Avropa İttifaqının ŞərqTərəfdaşlığı proqramının fəal iştirakçılarındandır.  Bu qurumun tədbirlərində iştirak edən dövlət başçımızın çıxışları böyük maraqla qarşılanır.  Təbii ki, Azərbaycan Prezidenti ilk növbədə  ölkəmizin  üzləşdiyi əsas problemi – Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını diqqətə çatdırır. Sonuncu sammitdə də bunun şahidi olduq:  “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin, demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir. XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır”.
Dövlət başçımızın bu çağırışından sonra Brüssel Sammitinin Birgə Bəyannaməsinin qəbul edilməsi barədə artıq kifayət qədər məlumat verilib. Məlum olduğu kimi, bu sənəddə  Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi öz əksini tapıb. Sammitdə Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.
Xatırladaq ki, Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb.
Bütün bunlar bir daha  təsdiqləyir ki, hazırda Azərbaycanın dünya birliyindəki reytinqi getdikcə yüksəlir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı ildən-ilə artır. Bu, Azərbaycan Prezidentinin düzgün müəyyənləşdirdiyi xarici siyasətin məntiqi nəticəsidir.
 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

15 2018 20:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə