Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir

Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir

Son illərdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və investisiya qoyuluşunun sürətləndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunması, habelə ixrac imkanlarının genişləndirilməsi istiqamətlərində mühüm nəticələr əldə edilib. “Made in Azerbaijan” brendinin coğrafiyası getdikcə genişlənir. Məhsullarımız bir sıra ölkələrin ticarət evlərində satışa çıxarılır. 
Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli fərmanı və digər hüquqi sənədlər Azərbaycanda qeyri-neft sektorunun inkişafını, eləcə də ixrac imkanlarının genişləndirilməsini sürətləndirib. Məhz bunun nəticəsidir ki, cari ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar təşkil edib. 
Sahibkarları ixracla bağlı maarifləndirmək, yerli məhsulların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirmək məqsədi daşıyan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayında verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 110,5 milyon dollar və ya 15 faiz artıb. Cari ilin ilk yarısında Rusiyaya 319,9 milyon, Türkiyəyə 180,1 milyon, Gürcüstana 74,1 milyon, İsveçrəyə 69,3 milyon və Çinə 23,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
“İxrac icmalı”nda həmçinin bildirilib ki, 2018-ci ilin ilk altı ayı ərzində meyvə-tərəvəz ixracı 276,7 milyon dollar, plastmas və ondan hazırlanan məmulatların ixracı 71,8 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 69,7 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,8 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 30,7 milyon dollar, pambıq ipliyi ixracı 9,9 milyon dollar təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin birinci yarısında elektrik enerjisinin ixracı 2,2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 24,4 faiz, pambıq ipliyinin ixracı 23,3 faiz, meyvə-tərəvəzin ixracı 20,3 faiz, plastmas və ondan hazırlanan məmulatların ixracı 13,7 faiz, kimya sənayesi məhsullarının ixracı 4,4 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iyun ayında qeyri-neft sektoru üzrə Azərbaycanda ixrac 179 milyon dollar təşkil edib. Bu dövrdə qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (96,7 milyon dollar), Türkiyə (25,9 milyon dollar), İsveçrə (12,8 milyon dollar), Gürcüstan (8,1 milyon dollar) və Niderland (5,8 milyon dollar) qərarlaşıb.
Hesabat dövründə “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib, bundan isə 12,7 milyon dollar məbləğində gəlir əldə olunub. 
Qurumun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2018-ci ilin ilk 6 ayı ərzində xidmət ixracının həyata keçirildiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan olub. 
Azərbaycanın ixrac sifarişləri də getdikcə artır. Belə ki, ötən ilin yanvar ayından bu il iyunun 30-dək “Azexport.az” portalına dünyanın 96 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 759,4 milyon dollar təşkil edib. 
Qeyri-neft ixracının artırılması məqsədilə göstərilən dövlət dəstəyi tədbirləri də bu müddətdə davam etdirilib. İndiyədək 15 ixrac missiyası reallaşdırılıb, beynəlxalq sərgilərdə ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələrı imzalanıb. 
Yerli məhsulların ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılan İxracatçılar Klubunun, arıçılar, nar, fındıq, şərab, çay, süd və s. istehsalçıları və ixracatçıları assosiasiyalarının iclasları keçirilib, yerli şirkətlərə ixraca dair xidmətlər göstərilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayında “Bir pəncərə” İxraca Dəstək Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə “İxrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu” mövzusunda seminar keçirilməsi ilə bağlı məlumat da əksini tapıb. Həmçinin burada Latviyada “Azərbaycan ticarət evi”nin açılması, İxracatçılar Klubunun növbəti iclasının keçirilməsi və s. məsələlər barədə də məlumatlar verilib.
Yeri gəlmişkən, ötən ay “Bir pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. Sertifikat verilən məhsullar Rusiya, Türkiyə, İran, İtaliya, İraq, Qazaxıstan, Gürcüstan, Ukrayna, İngiltərə, Sinqapur, BƏƏ, Çin, ABŞ daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda Azərbaycanın qeyri-neft ixracının 10 faizindən çoxunun sənədləşdirilməsi “Bir pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.
Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda qeyd edilir ki, cari ilin yanvar-iyul aylarında respublikamızdan 16 milyon 658 min 927 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib. Yeddi ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 8 milyard 676 milyon 292 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycandan 11 milyon 413 min 914 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 4 milyard 429 milyon 770 min dollar təşkil edib.
Cari ilin ilk 6 ayında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 17 milyon tondan çox (125 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 158 tankerə yüklənib.
“BP Azerbaijan” şirkətindən verilən məlumata görə, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan 2018-ci ilin birinci yarısının sonunadək BTC ilə ümumilikdə 399 milyon tondan çox (təxminən 2,99 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 3 min 916 tankerə yüklənərək dünya bazarına göndərilib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

15 2018 20:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə