Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özünüməşğulluq proqramı ciddi nəzarətlə icra olunur

Özünüməşğulluq proqramı ciddi nəzarətlə icra olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cari ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox olmaqla və əksəriyyəti xüsusi həssas qruplardan ibarət 7700-dən çox aztəminatlı ailə cəlb olunub. Bu şəxslərin sırasına 1300-dək məcburi köçkün, 1000-dək ünvanlı yardım alan, 300 nəfər müharibə veteranı, 1000-dən çox əlilliyi olan şəxs və digərləri daxildir.

Proqram iştirakçılarının mal və materiallarla təminatı müqavilələr əsasında maddi-texniki və kadr potensialına malik şirkətlər tərəfindən həyata keçirilir. Artıq proqram iştirakçılarından 4 minə qədəri biznes-planlarına uyğun mal və materiallarla təmin ediliblər.

Şirkətlər tərəfindən təminat işlərinə, onların keyfiyyətinə nazirlik tərəfindən ciddi nəzarət olunur. Proqramın icrası ilə bağlı aktivlərlə təmin edilmiş vətəndaşlar tərəfindən çoxsaylı təşəkkür məktubları da daxil olmaqdadır. Məktublarda aztəminatlı ailələr onlar üçün tam dövlət dəstəyi ilə kiçik ailə təsərrüfatları yaradıldığına görə dövlət başçısına minnətdarlıqlarını ifadə edirlər.

Bununla belə, son günlər bəzi media qurumlarının vətəndaşların kiçik sahibkarlığa çıxışına imkan verən özünüməşğulluq proqramının icrasına ədalətsiz, qeyri-obyektiv yanaşmalarının şahidi oluruq. Reallığa istinad etməyən, əsassız materiallar dərc etməklə həmin media qurumlarının əslində özünüməşğulluq proqramını, proqramın icrası işlərində atılan mühüm addımları gözdən salmaq cəhdləri  açıq-aydın hiss olunur.

Məsələn, bir məqalədə Goranboy rayonu, Əlirzalı kənd sakini Ariz Dəmirovun ona verilən qoyunların qoca və dişsiz olmasından şikayət etdiyi qeyd olunur. Lakin mal-qara veriləndən sonra vətəndaşın razılıq və minnətdarlıqla mal-qaranı qəbul etdiyi, həmçinin onun ətrafında olan heyvanların sağlam olduğunu təsdiq edən videogörüntülər çəkilmişdir.

Yaxud, məqalədə adı gedən digər iştirakçı – Nəsimi Həsənovla (Astara) əlaqə saxlanarkən o verilən mallardan şikayət etmədiyini, əksinə aktivlərlə təmin edildiyinə görə təşəkkür etdiyini, müvafiq akta öz razılığı ilə imza atdığını, jurnalist sorğusuna verdiyi cavabın yalnış təqdim edildiyini, həmçinin videoçəkiliş zamanı razılığını vurğulayıb.

Bundan başqa verilən heyvanların xəstə olduğunu iddia edən vətəndaş Ellada İsmayılovanın (Goranboy) şikayəti araşdırılmış və baytarlıq yoxlamasının nəticəsində həmin mal-qaranın tam sağlam olduğu barədə rəsmi arayış verilib.

Əminliklə bildiririk ki, cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanan özünüməşğulluq proqramını ləkələmək üçün göstərilən cəhdlər səmərə verməyəcək.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 Dekabr 2018 12:22 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə