Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DOST Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib

DOST Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) Müşahidə Şurasının ilk iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli fərmanı ilə Agentliyin təsdiq olunmuş Nizamnaməsinə əsasən, Müşahidə şurası və İdarə heyəti yaradılıb. Nizamnaməyə uyğun olaraq, Müşahidə şurası 7 üzvdən ibarət olmaqla, sədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, üzvləri -- Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevdir.

Müşahidə şurasının sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanına əsasən DOST Agentliyi və “DOST” mərkəzlərinin yaradılması istiqamətində işlər davam edir.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan “DOST” layihəsi əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlərin innovativ həllərin tətbiqi üzərində, “bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək.

Nazir Müşahidə şurasının Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcəyini deyib. O qeyd edib ki, nizamnaməyə əsasən Agentliyin fəaliyyəti ilə bağlı müstəqil qərar vermək səlahiyyətinə malik olan Şura Agentliyin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyənləşdirəcək, habelə müvafiq sənədləri təsdiq edəcək.

İclasda DOST Agentliyinin və “DOST İş Mərkəzi”nin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST Agentliyi, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə “DOST İş Mərkəzi” ilə bağlı təqdimatlarla çıxış ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 Dekabr 2018 11:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə