Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Macarıstanda VI Hun –Türk Turan Qurultayı keçirilib

Macar Turan Fondunun sədri Andros Biro: Qədim macarlar hunların nəslindəndir

Macarıstanda VI Hun –Türk Turan Qurultayı keçirilib

Macarıstanda hər iki ildən bir keçirilən Hun – Türk Turan qurultayı bu il avqustun 8-dən 13-dək Kiçik Kumaniya bölgəsinin Bugac şəhəri yaxınlığındakı Kişkunşaq Milli Parkında təşkil edilib. Qeyd edək ki, əsasən hun və türk xalqlarının ortaq keçmişini, mədəniyyətini və birliyini göstərən bu qurultayda Azərbaycan, Türkiyə, Macarıstan, Rusiya, Rumıniya, Bolqarıstan, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Çin, Monqolustan, Ukrayna, Cənubi Koreya və digər dövlətlərdən olmaqla 300-ə yaxın qonaq iştirak edib.
Sayca altıncı olan qurultay keçirilən əraziyə üç gün ərzində bütün dünyadan 250 mindən çox insan gəlib. Qurultay türk dünyası nümayəndələrinin bir araya gətirilməsi və onların milli mədəniyyət nümunələrini nümayiş etdirmələri baxımından olduqca ideal bir məkandır. Ölkəmizin nümayəndə heyəti builki qurultayda fəallıq göstərərək, üç gün ərzində Azərbaycanı yaxından tanıdan stend qurub, geniş təqdimat edib. 
Qurultayda ölkəmizi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Milli Məclisin deputatı Qənirə Paşayeva, ATXƏM-in icra katibi İlqar İlkin, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, iş adamı Pərvanə Mustafayeva, Əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlı təmsil ediblər. 
Azərbaycan nümayəndə heyətinin üzvləri səfər çərçivəsində bir sıra görüşlər də keçiriblər. 
Macar Turan Fondunun (MTF) sədri Andras Biro ilə görüş zamanı ATXƏM-lə MTF arasında əməkdaşlığın inkişaf perspektivləri, türk dünyasının birlik və bərabərliyinin daha da möhkəmləndirilməsi istiqamətində vacib olan addımlar və s. barədə fikir mübadiləsi aparılıb. 
Ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevlə görüş zamanı qurultayın təşkili, burada Azərbaycanın təmsil olunması kimi məsələlər müzakirə olunub. Belə böyük tədbirdə Azərbaycan çadırının qurulmasının vacibliyi diqqətə çatdırılıb. V.Quliyev bildirib ki, səfir kimi bu qurultaya ilk dəstək verənlərdən biri məhz o olub. “Biz Macarıstanla əməkdaşlığı daha da genişləndirməyi, öz ölkəmizi bundan da yaxşı təmsil etməyi qarşımıza məqsəd qoymuşuq”, – deyə səfir bildirib.
Andros Biro parlamentdə çıxış edərək, bildirib ki, qədim macarlar hunların birbaşa nəslindəndir və bu, Atillanın nəslindən olan Arpad xanın IX əsrin sonunda məğlubedilməz ordusu ilə bu torpaqlara gəlişi ilə bağlıdır. Buna görə də macarlar öz dövlətçiliklərinin və Arpad kral sülaləsinin başlanğıcını 896-cı ildən hesablayırlar. Macar etnogenezinin mühüm mərhələlərindən biri Şimali Qafqazın ətəyində, indiki Dağıstan, Çeçenistan, Kabardin-Balkar və Qaraçay-Çərkəz ərazilərini də əhatə etməklə baş verib. Macar tayfa ittifaqının bir hissəsi (savard-madyarlar) Cənubi Qafqaz torpaqlarına köçərək indiki Azərbaycan və Cənubi Azərbaycan (İranın şimal bölgəsi) ərazilərində yerləşib. 
Andros Biro çıxışında türk xalqları və əqraba topluluqları arasında əlaqələrin əsaslı bir şəkildə bərpa olunmasının vacibliyinə də diqqət çəkib. Qeyd edib ki, macarlar öz doğma qardaşları ilə bir araya gəlmək, ortaq problemlərini çözmək iqtidarındadır. “Bizi bir tarix birləşdirir, əsla kimsə bizim tariximizi, keçmişimizi əlimizdən ala bilməz. Biz öz əqrabalarımızla birgə yenidən eyni ruhu, eyni gələcəyi yaşamaq istəyirik”.
 Macarıstan parlamentinin vitse-spikeri Şandor Lejak görüş zamanı macarların uzun illər boyu öz əqraba bağlılıqlarından uzaq düşdüyünü, macarların özlərini Avropada yalnız hiss etdiklərini dilə gətirdi. “Bu gün biz bir-birimizin ortaq tarixi, ortaq dəyərləri və mədəniyyətlərimizlə tanış oluruq. Bu, bizi yaxınlaşdırır, bizi məmnun edir, əlaqələrimiz bizi gücləndirir”.
Milli Məclisin deputatı Qənirə Paşayeva qurultayın ikinci günündə Turan Forumunda Azərbaycanın qədim tarixi barədə məlumat verib. O, bütün müsəlman Şərqində 100 il əvvəl ilk parlamentli demokratik respublikanın Azərbaycanda qurulduğunu, qadınlara ilk dəfə seçib- seçilmək haqqı verən ölkə olduğunu deyib. Azərbaycan-Macarıstan münasibətlərindən danışaraq Türk dünyasının böyük şəxsiyyətlərindən olan Əli bəy Hüzeynzadənin macarlara ithafən yazdığı “Turan” şeiri barədə danışıb və iki qardaş xalqın ortaq köklərini xüsusi vurğulayıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Macarıstanla əməkdaşlığın inkişafına verdiyi önəmdən danışan millət vəkili bu istiqamətdə əldə olunan uğurlar barədə də söz açıb, əməkdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial olduğunu vurğulayıb. Qarabağ problemi, Ermənistanın işğal etdiyi torpaqlarımız barədə də geniş çıxış edən deputat tədbir iştirakçılarını Azərbaycanın ədalətli mövqeyini daha güclü dəstəkləməyə çağırıb.
 ATXƏM sədri İlham İsmayılov deyib: “Qlobal mədəniyyət aşınmasının sürətlə baş verdiyi dünyada öz tarixini, milli kimliyini dərk etmək və onu yaşatmağa çalışmaq o tarixin özünü yenidən yazmağa bərabərdir. Bu baxımdan Macar Turan Fondu bu gün qədim hunların, bütün türk xalqlarının tarixini, yaşam tərzini yenidən canlandırmaqla, həm də gələcək nəsillərin ruhunda öz keçmişinə rəğbət və sevgi oyatmaqdadır”.
Qurultay günlərində türk dünyasının sənət adamlarının açıq havada verdikləri konsertlərdə Əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlının çıxışları böyük coşqu ilə qarşılanıb. Üç gün ərzində qonaqlara şamanların çıxışı, atçılıq-idman və kamandan oxatma yarışı, qılınc döyüşləri təqdim olunub.
Zərifə BƏŞİRQIZI,
 “Xalq qəzeti”

15 2018 20:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə