Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təbii fəlakətlər: sürüşmələr, eroziyalar

Aktual mövzu

Təbii fəlakətlər: sürüşmələr, eroziyalar

İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. 
İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, 
içdiyimiz su – bütün bunlara biz çox böyük diqqət göstərməliyik.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

 

Son illərdə planetimizdə ekoloji tarazlığın intensiv pozulması torpağın fəaliyyət ritminə təsir edir, nəticədə – tarazlığın insan təbiətlə – sanki qəfəsindən qaçmış ramedilməz aslanla əliyalın üz-üzə qalır. Ekologiyaya qarşı yönəlmiş hər bir kiçik təbii və texnogen təsirlər həyatımızı təbii axardan çıxarır. Dünyada baş verən qlobal ekzogen-geoloji proseslər, sunamilər, torpaq sürüşmələri alimləri sual qarşısında qoyur. İnsan bu sualların qarşısında aciz qalır. Baş verən proseslər, fəlakətlər, həyəcanlar bizi diqqətli olmağa çağırır. Ey bəşər, nə qədər gec deyil, qətiyyətlə təbiətdən əvvəl özünü ram et. 

Qeyd edildiyi kimi, bizim həyatımızın mənbəyi olan torpağı qorumaq hamımızın borcudur. Aşınmalar, eroziyalar, xüsusilə Azərbaycan kimi nisbətən aztorpaqlı ölkəmizə böyük ziyanlar yetirir. Son illərdə baş verən torpaq sürüşmələrinə, onun gətirdiyi fəsadlara diqqət yetirək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox böyük səylərlə, qayğıkeşliklə ölkəmizin abadlaşdırılmasına, iqtisadi inkişafına çalışır. Nəticə xalqımızın gözəl, xoşbəxt həyatına hesablanmışdır. Ölkəmiz buna sürətlə nail olur. Xüsusilə yol infrastrukturunun yenilənməsi firavanlıq və rahatlıq üçün əvəzsiz impuls verir. Yolların salınması, ən çox da yeni yolların tikintisi təbiətlə insan arasında münasibəti pozmamalıdır. Ekologiya mütəxəssisləri bu sahədə öncül olmalı, ölkəmizin həyati mənafeyinə xidmət edən infrastrukturların qurulmasında daim diqqətli olmalıdırlar. Şamaxı, Lerik, Ağsu, Lənkəran, Masallı, Astara, Yardımlı yollarında, paytaxtımızda – Bayıl yamacında, Masazırda baş verən çökmələr, sürüşmələr mütəxəssisləri daim diqqətli olmağa sövq edir. 
Fikrimizcə, topraq sürüşmələrinə daha böyük diqqət yetirilməlidir. Çünki torpaq ekosistemdə əsas amildir. Torpaq təbii-tarixi kütlə kimi Yer kürəsinin məhsuldar üst qatıdır. Onun qalınlığı orta hesabla 18-20 santimetrdir. Lakin bəzi rayonlarda, bölgələrdə 1,5-2 metr də ola bilər. Deməli, sürüşmələr yerin üst qatını – torpağı yuyub aparır. Bu 18 santimetrlik məhsuldar qatın əmələ gəlməsi üçün təbiətə 1400-7000 il vaxt lazımdır. Bir santimetr torpaq qatının yaranması üçün yerindən asılı olaraq 100-300 il zaman tələb olunur. Bu qatın məhv olması üçün ən qısa zaman kəsiyi belə kifayət edir. Bu isə yerin ən məhsuldar qatının – milyon illər boyu formalaşmış qatının qorunması zəruriyyətini doğurur.
Respublikamızın dağlıq və dağətəyi zonalarında təsərrüfat obyektlərinə təhlükə törədən əsas prosseslərdən ən mühümü sürüşmələrdir. Sürüşmə – dağ yamaclarında, yarğanlarda, sututarların, çayların sahillərində təbii və texnogen amillərin təsirindən, sürüşən kütlənin öz ağırlığından, yamacların, ümumən, torpağın alt qatının yuyulması səbəbindən baş verir. Qrunt kütlələrinin sürüşməsi yaşayış və istehsalat binalarının dağılmasına və çökməsinə, mühəndis və yol qurğularının, magistral kəmərlərin, elektrik ötürücülərinin sıradan çıxmasına səbəb olur. Bu da son nəticədə ölçüyəgəlməz iqtisadi ziyan, insan itkisi deməkdir. 
Sürüşmə prosesinin geniş miqyas almasını qabaqlamaq üçün ölkəmizdə ardıcıl işlər görülür, tədqiqatlar aparılır. Araşdırmalar, elmi-iqtisadi, təsərrüfat təhlilləri qarşıya çıxacaq külli miqdarda ziyanın qarşısını almağa kömək edir. Aparılan tədqiqatlar, verilən proqnozlar mühüm əhəmiyyət kəsb edir. 
Qeyd edildiyi kimi, son illərdə sürüşmə prossesinin aktivləşməsi və onların iqtisadiyyatımıza vurduğu ziyanlar, digər mənfi ekoloji amillər qabaqlayıcı tədbirlərin vaxtında görülməsini aktuallaşdırır. Bölgələrdə yerli hakimiyyət orqanları sürüşmə riski olan ərazilərdə məskunlaşmaya rəvac verməməli, mütəxəssis rəylərinə həssas yanaşmalıdırlar. Şəhərlərin, kənd və qəsəbələrin ərazilərində baş verən sürüşmələr yalnız təbiətin şıltaqlığından bəhrələnmir. İnsanlar sürüşmənin qarşısını almaq əvəzinə, təbiətə kortəbii müdaxilənin fərqinə varmırlar. Özlərini, övladlarını, qohum-qəbilələrini təhlükə altına qoyurlar. Ola bilsin ki, tikilən obyekt bu gün, sabah, illərlə dayanıqlı olsun. Axı bu tikili uzunömürlüdür. Ondan nəsillər faydalanmalıdır. Zaman riskini sürüşmədə nəzərə almalıyıq. Bu yerdə diqqətli olmaq vacibdir. Necə deyərlər, sonrakı peşmançılıq fayda verməz. Müxtəlif su sızmaları, qrunt sularının intensivləşməsi sürüşmədə rol oynayır. Plansız qazılan xəndəklər, arxlar yeraltı çatların artmasına, torpaq qırılmalarına şərait yaradır. 
Eroziyalar sürüşmə üçün ən qorxulu faktordur. Axar sular, yağışlar torpağın üst qatını yuyub aparır. Bunun nəticəsində torpaq dağılır. Su axınları toprağı mexaniki parçalayır. Su eroziyası, külək eroziyası, hətta yağış eroziyası torpağın yuxarı qatını, möhkəm qatını zəiflədir. Torpağı müqavimətsiz şəkilə salır. Nəzərə almaq lazımdır ki, eroziya ölkəmizdə kifayət qədər geniş yayılmışdır. 
Torpaq sürüşməsindən danışarkən dağ-meşə amilini də unutmaq olmaz. Sirr deyil ki, son dövrlərdə meşələrin qırılması, plansız müdaxilələr təbiəti hövsələdən çıxarır. Təbii landşaft yaşayış üçün ən normal strukturdur. Əgər meşəni insafsızcasına qırıb, sonra təbiətdən mərhəmət umuruqsa, deməli, onda ən azı normal düşüncəmizi itirmiş oluruq. Plansız qırğına məruz qalan meşə böyük bir ekosistemi təhlükə altına qoyur – oksigen istehsalı azalır, bulaqlar quruyur, torpaq eroziyaya uğrayır... Nəticədə sürüşmələr intensivləşir. 
Dağ ərazilərində – yamaclarda meşələr qırıldıqca sürüşmələrə yol açılır. Yamaclar çılpaqlaşdıqca otlaqlara, otlaqlar da normadankənar istismar edildikcə səhralara çevrilir, sürüşmələr tüğyan edir. Meşə massivlərinin qorunması nəinki ölkəmizdə, bütün dünyada qlobal faciələrin qarşısını almaq üçündür. Nəhəng Amazonka meşələrinin başına gətirilən və gətirilməkdə olan müsibətlər, bütövlükdə Yer kürəsinin iqliminə, ekosisteminin pozulmasına təsir göstərir.
Qeyd edək ki, suvarma əkinçiliyinin elmi prinsiplər üzrə qurulmaması da eroziya və sürüşmələr yaradılması prosesində mənfi rol oynayır. Eroziyanın təsərrüfatlara, digər subyektlərə ümumən mənfi təsirlərinin qarşısını almaq, baş vermiş fəsadları aradan qaldırmaq üçün çəmən və otlaqlardan səmərəli istifadə edilməli, ot örtüyünün torpaqqoruyucu xassələrinin zəifləməsinə yol verilməməlidir. Otlaq sahələrindən sistemli istifadə edilməli, otarma norması və hər torpaq vahidində otarılan mal-qaranın sayı normaya uyğun olmalıdır. Meşələrin sıxlığı normadan aşağı olmamalı, qırılmalar normalara uyğun təşkil edilməlidir, dik yamacların şumlanmasına yol verilməməlidir. Suvarmada irriqasiya və meliorasiya qaydalarına riayət edilməlidir. Kommunikasiya xətlərinin çəkilişində, qurğuların tikintisində torpaq sahələri mümkün qədər zədələnməməli, korlanmamalıdır. İstifadəsiz qalan suvarma, kanalizasiya və digər izafi suların xaotik axınına yol verilməməlidir. Bununla biz insana xidmət edən ekosistemin ağrı-acılarının özümüzdən asılı olan mümkün fəsadlarını aradan qaldırmış oluruq. Həyəcan təbillərinə etinasız yanaşmaq olmaz. İnkişaf üçün, abadlıq-tikinti işləri üçün məcburən bəzən təbiətə müdaxilə etməli oluruq. Hər şey ölçü-nizam səviyyəsində olmalıdır. Uzun illər idi ki, mütəxəssislər Abşeron yamaclarının, Bakının, onun ətraf rayonlarının həddən artıq tikinti ilə yüklənməsinə qarşı çıxırdılar. Onların haqlı iradları bəzən nəzərə alınmırdı. Baş verən sürüşmələr bilməzliyin yox, biganəliyin nəticəsidir. Alimlərimizin fikrinə laqeydlik insan həyatına təhlükə yaradır. 
Son illərdə ölkəmizdə yaşıllaşdırma tədbirlərinə geniş yer verilir. Dövlətimizin, hökumətimizin təbiətə qayğısını hər yerdə hiss edirik. Yenilərini yaradarkən, gərək mövcud olanları qoruyaq, inkişaf etdirək. Dövlətlə yanaşı, biz insanlar – ayrı-ayrı fərdlər də təbiətə qayğıkeş yanaşmağı özümüzdən başlamağı bacarmalıyıq. 
Biz torpağın qədrini bilməliyik. Torpağı qorumağın bir şərti də, qeyd etdiyimiz kimi, sürüşmələrin qarşısını almaqdır. Erməni vandalları təbiətimizə, o cümlədən torpaqlarımıza sağalmaz yara vurarkən, biz beynəlxalq aləmdə səsimizi daha gur çıxarmalı, Vətənimizin bütün ekosistemini bir tam halında qorumağı bacarmalıyıq. 
Hər şeyin bir sonu var: hətta cansız sayılsa da (əslində, canlıdır), təbiətin səbrinin də sonu var. Heç bir şey intəhasız deyil. Şirin su hövzələri daralırsa, şirin suya ehtiyac artırsa, biz kimə qarşı tələbkar olmalıyıq? Atılan raketlər, göylərə ucalan tüstüdaşıyıcı borular, qırılan meşələr... oksigeni tükəndirir. Bu qorxunc amillər bir yerdə torpağın məhsuldarlığını, münbitliyini, müqavimətini azaldır. Biz torpaq qıtlığı ilə üz-üzə qalırıq. Bununla da yaşamaq imkanımız məhdudlaşır. 
Ölkəmizdə yaşıllaşdırma işlərinə dövlət tərəfindən böyük qayğının, dəstəyin olduğunu qeyd etdik. Yeni meşələr salınır, magistral yollar boyu göz oxşayan yaşıl zolaqlar, paytaxtımızda, digər şəhərlərimizdə salınan kütləvi yaşıl massivlər, parklar ümid doğurur. Hər problemin həllində dövlətdən dəstək istəmək ədalətli deyil. Dövlət üzərinə düşən vəzifəni yerinə yetirərkən hər bir vətəndaş da bu məsuliyyəti bölüşməlidir. Bu, ümumvətəndaş, ümumbəşəri məsuliyyətdir. 
Torpaqların eroziyasının və sürüşmələrin qarşısının alınmasında sıx meşə örtüyünün əvəzsiz rolu vardır. Təəssüf ki, müasir dövrdə meşə örtüyünü genişləndirməkdənsə, meşə ərazilərinin azalması müşahidə olunur. Məsələn, son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olmuşdur. Hazırda, meşələr Azərbaycan ərazisinin 11,8 faizini təşkil edir. 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmiş ərazilərdədir. Münbit torpaqlarımızın eroziyaya uğramasının qarşısının alınmasında, sel və daşqınların minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti vardır.
Bütün bunlarla yanaşı, meşələrin təbiətdə ən böyük rolu hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 hektar meşə sahəsi 1 saatda 8 kiloqram karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. 
Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır. Bütün bunları sadalamaqda məqsədimiz ondan ibarətdir ki, meşə sahələrinin qorunmasının vacibliyini, meşə-bərpa işlərinin taleyüklü bir məsələ olduğunu diqqətə çatdıraq. 
Gələcəyimizə ümidlə baxmağımız təbiətimizə sədaqətlə qayğı göstərməyimizdən asılıdır. 
Bəxtiyar Hüseynov,
 ekoloq-publisist

15 2018 20:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə