Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aztəminatlı ailələrə birdəfəlik yardım veriləcək

Aztəminatlı ailələrə birdəfəlik yardım veriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli sərəncamı dövlət başçısı tərəfindən aztəminatlı ailələrin maddi təminatlarının gücləndirilməsinə göstərilən xüsusi qayğının növbəti təzahürüdür.

Sərəncama əsasən ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödəniləcək. Bu məqsədlə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılması nəzərdə tutulur.

Sərəncam ümumilikdə hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan 50 minədək ailəni (200 mindən çox ailə üzvü) əhatə edəcək və onların bayram ərəfəsi maddi təminatlarına bir dəstək olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsi təmin ediləcək.

Son 15 ildə dövlət başçısının sosialyönümlü siyasətinə uyğun olaraq, həyata keçirilmiş ardıcıl tədbirlər, mühüm sosial-iqtisadi nəticələrə yönələn  proqramlar ölkədə rifah halının mütəmadi yaxşılaşmasına imkan verməklə, əhalinin aztəminatlı təbəqəsinin azalmasına, yoxsulluğun 49 faizdən 5 faizə düşməsinə səbəb olub. Bu dövrdə əhalinin sayının 1,5 milyon nəfər artmasına, əmək bazarına daxil olan işçi qüvvəsinin ildən-ilə çoxalmasına baxmayaraq, dövlət məşğulluq siyasətinin güclənməsi nəticəsində işsizlik kəskin şəkildə azalaraq 5 faizə düşüb. Bu gün Azərbaycan Avropa və MDB məkanında ən aşağı işsizlik göstəricisinin olduğu ölkələr sırasındadır.

Aztəminatlı ailələrin yoxsulluqdan müdafiəsində  mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramı da Azərbaycan Prezidenti İlham Əliyevin 21 oktyabr 2005-ci ildə təsdiq etdiyi və 2006-cı ildən qüvvəyə minən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən həmin vaxtdan həyata keçirilir. Bununla bərabər, dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə aztəminatlı ailələrin sosial müdafiəsində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunması, onların gəlir imkanlarını artırmaları, kiçik ailə biznesinə başlamaları üçün də müvafiq işlər aparılır. Bu məqsədlə ƏƏSMN tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ildə ötən illə müqayisədə 6,4 dəfə çox olmaqla, 7,7 min ailə cəlb olunub ki, onlardan 1000-ə qədərini məhz ünvanlı dövlət sosial yardımı alan ailələr təşkil edir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Dekabr 2018 15:01 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə