Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallıda növbəti ilin epizootik tədbirlərinə hazırlıq görülür

Masallıda növbəti ilin epizootik tədbirlərinə hazırlıq görülür

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir. Cari ilin müvafiq dövrü ərzində DBX-nin Masallı  Rayon Baytarlıq İdarəsi  “Epizootiya əleyhinə profilaktika, müalicə və diaqnostika tədbirləri” planına uyğun peyvəndləmə tədbirləri aparıb.

Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin müvafiq dövrü ərzində quşlar arasında kaproloji müayinələr, eləcə də heyvanlarda ektoparazitlərə qarşı çimizdirmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə iribuynuzlu və xırdabuynuzlu heyvanlardan qan nümunələri alınaraq müayinə edilib. Eləcə də törədici qoçlarda infeksion epidedimitə görə, iribuynuzlu heyvanlar vərəmə, təkdırnaqlı heyvanlar manqoya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.

Rayonda epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mal-qara saxlanılan binaların, qış yataqlarının və heyvan bazarının dezinfeksiyası və dezinseksiyası da aparılıb. Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində Masallı rayonunda 91230 kvadratmetr sahədə profilaktiki dezinfeksiya işləri görülüb

və bundan sonra da davam etdirilməsi nəzərdə tutulub. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.

Hazırda 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin aparılmasını təmin etmək məqsədi ilə hazırlıq işlərinə başlanıb.

Hazırlıq işləri çərçivəsində baytarlıq preparatlarının “soyuq zəncir” rejiminə uyğun istifadəsi, yerlərə çatdırılması, epizootik və ambulatoriya kitablarda qeydiyyatın aparılmasına dair müvafiq tapşırıqlar verilib. Eləcə də idarələr lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hal-hazırda rayonda epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 Dekabr 2018 14:54 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə