Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özəlləşdirmə nəticəsində daha bir müəssisə yenidən qurulur

Özəlləşdirmə nəticəsində daha bir müəssisə yenidən qurulur

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatına əsasən,  Prezident İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına və müvafiq tapşırıqlarına uyğun olaraq, ölkədə özəlləşdirilən müəssisələrin fəaliyyəti yenidən qurulur, regionların inkişafını artıran belə müəssisələrin fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır. Bu baxımdan respublikanın müxtəlif regionlarında yerləşən müəssisələrin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi diqqət mərkəzindədir.

Komitə tərəfindən cari il mayın 31-də “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Neftçala rayonunda yerləşən S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun satışı üzrə investisiya müsabiqəsi elan edilib.

Müsabiqədə iştirak etmək üçün 2 iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim olunub. Təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Azerbaijan Fish Factory” Məhdud Məsuliyyətli Cəmiyyəti zavodun satışı üzrə investisiya müsabiqəsinin qalibi elan olunub.

İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqidir. Həmçinin istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, ekoloji tarazlığın qorunması əsas vəzifələrdəndir.

Qalib şirkət dövlət büdcəsinə 750 min manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 3 milyon 79 min manat təşkil edən investisiya proqramının icrasını, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

Zavodun fəaliyyəti bəzi nəsli kəsilməkdə olan balıqların çoxaldılmasına şərait yaradacaq. Bölgə, kələmo, nərə, uzunburun kimi az sayda olan balıqların yetişdirilməsi planlaşdırılır. İnvestisiya proqramının icrası nəticəsində müəssisənin Xəzəryanı dövlətlər arasında ilk nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatı olacağı gözlənilir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

15 2018 18:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə