Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələn ildən əmək haqlarının subsidiyalaşdırılmasına başlanacaq

Gələn ildən əmək haqlarının subsidiyalaşdırılmasına başlanacaq

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V qurultayı öz işinə başlayıb. Qurultayda iqtisadiyyat naziri  Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Qurultayın açılışında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin ölkədə innovativ iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlərin qazanılmasına imkan verdiyini vurğulayıb.

O, ASK-nın nümayəndələrinin də təmsil olunduğu Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti çəçivəsində birgə səylərin aparılan islahatlarda işəgötürənlərin və işçilərin hüquq və mənafelərinin bərabər şəkildə təmin olunmasına zəmin yaratdığını deyib.

S.Babayev dövlət başçısının müvafiq sərəncamı ilə icra olunan özünüməşğulluq  proqramına cari ildə artıq 7737 nəfərin cəlb edildiyini, onlardan 7300 nəfərin artıq biznes-planlarını müdafiə etdiklərini  bildirib. O diqqətə çatdırıb ki, gələn ildən məşğulluq mərkəzləri tərəfindən göndərişlə işə qəbul olunmuş şəxslərin əməkhaqlarının subsidiyalaşdırılmasına başlanacaq. Bu da aktiv məşğulluğu təmin etməklə yanaşı, işəgötürənlərin əmək haqlarına çəkilən xərclərinin azalmasına xidmət edəcək. O, eyni zamanda, əmək bazarında qeyri-formal məşğulluq hallarının mövcud olduğunu bildirərək diqqətə çatdırıb ki, dövlət başçısı tərəfindən Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılaraq, “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib.

Nazir görülmüş tədbirlər nəticəsində cari ildə əmək müqaviləsi əsasında çalışanların sayının 100 min nəfər artaraq, 1,4 milyon nəfəri keçdiyini bildirib. S.Babayev vurğulayıb ki, qeyri-formal məşğulluq hallarının tam şəkildə aradan qaldırılması üçün sosial tərəfdaşlarla birgə zəruri tədbirlər davam etdirilməli, işgötürənlər isə öz növbəsində sosial məsuliyyəti artıraraq, əmək qanunvericiliyinə tam şəkildə əməl etməklə nümunəvi fəaliyyət göstərməlidirlər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 Dekabr 2018 12:41 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə