Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindən biridir

İnsan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindən biridir

Müasir dünya təcrübəsinə əsasən, insan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindən biridir. Dünya Bankı və BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə əksər ölkələrdə milli sərvətin strukturunda nəzərə çarpacaq dəyişikliklər baş verir. Bu, özünü iqtisadiyyatda aksentin fiziki kapitaldan insan kapitalına yönəldilməsində göstərir. İnkişaf etmiş ölkələrdə insan kapitalının həcmi artıq 75 faizə çatır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dünya Bankının təşkil etdiyi “Azərbaycanda İnsan Kapitalı üzrə” forumunun açılışında belə deyib.

Nazir aparılan islahatları qeyd edərək diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) və “DOST” mərkəzlərinin yaradılması işləri davam edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan “DOST” layihəsi dövlət sosial xidmətlərinin geniş bir hissəsinin “bir pəncərə”dən operativ, şəffaf və vətəndaş rahatlığı prinsipi əsasında, sadələşdirilmiş prosedurlarla təqdim olunmasına xidmət edir. Nəticədə 124 xidmət üzrə təkmil və sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və modernləşdirilməsinə nail olunacaq.  

S.Babayev “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın əsas istiqamətlərini, “İşsizlikdən sığorta haqqında”, yeni “Məşğulluq haqqında” qanunları qeyd edib. O, dövlət məşğulluq xidmətlərinin müasir tələblərə cavab verən, elektron texnologiyaların geniş tətbiqinə əsaslanan yeni modelinin formalaşdırılması, əmək bazarının inkişafı, əmək münasibətlərinin leqallaşdırılması, işçi qüvvəsinin keyfiyyətininin yaxşılaşdırılması istiqamətində işlərin aparıldığını deyib.

Dövlət məşğulluq siyasətinin mötəbər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində formalaşdırılaraq həyata keçirildiyini deyən nazir Azərbaycanda insan kapitalına yönəldilən vəsaitin cəmiyyətin mövcud və gələcək inkişafına qoyulmuş investisiyalar kimi qəbul olunduğunu, dayanıqlı iqtisadi artımın əsas şərtlərindən birini təşkil etdiyini deyib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 Dekabr 2018 12:38 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə