Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ildə ölkəmizə 195 ölkədən turistlər gəlmişdir

Cari ildə ölkəmizə 195 ölkədən turistlər gəlmişdir

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana dünyanın 195 ölkəsindən 2 milyon 633,5 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,9 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,6 faizi İran, 3,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 1,5 faizi İsrail, 17,5 faizi digər ölkələrin vətəndaşlarıdır. Gələnlərin 65,7 faizini kişilər, 34,3 faizini isə qadınlar təşkil etmişdir.

Cari ilin yanvar-noyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında  daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 1,9 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 10,4 faiz, Oman vətəndaşlarının sayı 8,5 faiz artmışdır.

Ümumilikdə Körfəz ölkələrindən 518,1 min nəfər gəlmiş və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olmuşdur.

2018-ci ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  7,1 faiz artaraq 106,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,3 faiz artaraq 971,3 min nəfər olmuşdur.

2018-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 4 milyon 464,5 min nəfərə çatmışdır. Ölkə vətəndaşlarının 33,3 faizi İrana, 29,1 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 12,6 faizi Türkiyəyə səfər etmişdir. Səfər edənlərin 65,4 faizi kişilər, 34,6 faizi qadınlar olmuşdur.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 69,3 faiz, Gürcüstana gedənlərin sayı 3,3 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 0,3 faiz azalmışdır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

20 Dekabr 2018 11:24 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin