Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayına

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayına

Hörmətli qurultay iştirakçıları!
Sizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının öz işinə başlaması münasibətilə səmimi salamlayıram.
Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-dək iqtisadi, sosialyönümlü assosiasiya və ittifaqı birləşdirmiş Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizdə iş adamlarının maraqlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən əsas ictimai təşkilatlardandır. Ölkəmizin iqtisadi inkişafında onun özünəməxsus mövqeyi vardır.
Hazırkı mərhələdə başlıca məqsədlərimizdən biri milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin yüksəldilməsi və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkəmizin dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdir. Bu istiqamətdə post-neft dövrü iqtisadiyyatının müxtəlif sahələr üzrə inkişafı və biznes mühitinin yaxşılaşdırılması üçün respublikamızda mühüm addımlar atılır.
İslahatların müvəffəqiyyətlə aparılması və müxtəlif sahələri əhatə edən dövlət proqramlarının, genişmiqyaslı infrastruktur layihələrinin uğurlu icrası ölkəmizi nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır. Aparılan islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilmişdir. 2018-ci ilin oktyabrında Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur.  Yeni hesabatda 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir. Belə yüksək nəticə məhz son illər gerçəkləşdirdiyimiz islahatlar sayəsində mümkün olmuşdur.
İqtisadiyyatın neftdən asılılığının azaldılması və rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasını, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasını qarşıdakı illərdə strateji hədəflərimizdən biri olaraq müəyyən etmişik. Hazırda qeyri-neft sənayesi və kənd təsərrüfatı sahələrində qazanılan nailiyyətlər sahibkarlara biznes fəaliyyətini genişləndirmələri üçün əlavə stimul yaradır. Milli iqtisadiyyatın dayanıqlı inkişafında sahibkarlığın əhəmiyyətli rol oynayacağına əminliyimi ifadə edirəm.
Ümidvaram ki, qurultay zamanın çağırışlarına və milli inkişaf prioritetlərinə uyğun qərarları ilə qurumunuzun öz gələcək fəaliyyətinin daha səmərəli təşkili və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi işinə töhfəsini verəcəkdir. Bu yolda hər birinizə uğurlar arzulayıram.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2018-ci il

20 Dekabr 2018 00:24 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə